Mənəvi Dəyərlərin Təbliği Fondu məktəblərdə, ali təhsil müəssisələrində yeniyetmə və gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsinə, layihə və müsabiqələrin icra edilməsinə böyük önəm verir, həmçinin təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra işlər görür.
Bu fikirləri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun əxlaq, tərbiyə, böyüklərə hörmət, vətənə sevgi kimi mənəvi mövzuların yeniyetmə və gənclər arasında təbliği, həmçinin onlarla təlim-tərbiyə işlərinin qurulmasında və bu dəyərlərin mənimsənilməsində təhsil sahəsindəki fəaliyyəti ilə əlaqədar AZƏRTAC-a müsahibəsində söyləyib.
M.İsmayılov bildirib ki, hər il olduğu kimi, 2021-ci ildə də Fond tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun 57 tələbəsinə aylıq təqaüd verilib və 1 tələbə üçün adıçəkilən təhsil müəssisəsi tərəfindən təsis edilmiş "Heydər Əliyev mükafatı" maliyyələşdirilib.
Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında İlahiyyat fakültəsinin məzunu, şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş esse-yazı müsabiqəsi elan edilib. Müsabiqəyə Vətən müharibəsi, İslamda şəhidlik, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz mövzularında, eləcə də ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin mənəvi dəyərlərin qorunması və inkişafı sahəsindəki siyasətini işıqlandıran məqalələr qəbul edilib, qaliblər pul mükafatı və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Aprelin 13-də Azərbaycan Texniki Universiteti, Mənəvi Dəyərlərin Təbliği Fondu və "Azərbaycan Mədəniyyəti" sosial platformasının birgə təşkilatçılığı ilə "Qarabağ – milli-mənəvi dəyərlər ocağı" mövzusunda onlayn tədbir keçirilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin birinci ildönümünə həsr edilmiş "Zəfər Yolu" layihəsi həyata keçirilib. Layihə çərçivəsində Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın 836 saylı ilk ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30 illiyi ilə bağlı tədbir təşkil olunub. Bundan başqa, Azərbaycan Dövlət İqtisad Universitetində və Gəncədəki Azərbaycan Texnologiya Universitetində şəhidlərimizin əziz xatirəsi müxtəlif tədbirlərlə anılıb. Həmçinin layihə çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında "Vətənim Azərbaycandır!" adlı esse yazı müsabiqəsi keçirilib və qaliblər mükafatlandırılıb.
Noyabr ayı ərzində "Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə icra edilən "Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək" layihəsi üzrə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan İlahiyyat İnstitutunda və Gəncliyə Yardım Fondunda "Mənəvi dəyərlər və təhsil" adlı tədbirlər baş tutub.
Noyabrın 29-da Azərbaycan Dillər Universitetində Polis Akademiyasının əməkdaşı, polis leytenantı Aynur Səfərlinin müəllifi olduğu, 2016-cı il Aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunmuş və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə nəşr edilmiş "Qəhrəmanlıq tariximizin şanlı səhifələri" adlı kitabının təqdimatı keçirilib.
Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mütəmadi olaraq xeyriyyə aksiyalarının keçirildiyini deyən M.İsmayılov bildirib ki, bu tədbirlər daha çox şəhid ailələrinin üzvlərini, müharibə əlillərini və özünəqulluq qabiliyyətini itirmiş ahılları əhatə edir.
Qeyd edilib ki, Fondun maliyyə dəstəyi və "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Mənəvi dəyərləri yaşadanlara bahar sovqatı" adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Fondun və İctimai Birliyin nümayəndələri özünəqulluq qabiliyyəti olmayan 50 ahılı ziyarət edərək, onların hər birinə alış-veriş kuponları təqdim ediblər.
Mənəvi Dəyərlərin Təbliği Fondu 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, onların övladlarını sevindirmək məqsədilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Şəhid yadigarları" adlı aksiya təşkil edib. Aksiya çərçivəsində ölkəmizin 8 şəhər və rayonunda 127 nəfər Vətən müharibəsi şəhidinin övladları ziyarət edilib, onlara müxtəlif hədiyyələr (oyuncaq, məktəbli ləvazimatları və sair) təqdim olunub.
Bundan əlavə, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Uşaqların Gələcəyi Naminə İctimai Birliyi Bakı şəhərində 61 nəfər, Gənclərin İnkişafına dəstək İctimai Birliyi isə Gəncə, Qazax və Ağstafa rayonlarında 139 nəfər şəhid və qazi ailələrinin övladlarına hədiyyələr verilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin azyaşlı övladları üçün Fondun maliyyə dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə "Biz Zəfərin övladıyıq" adlı əyləncəli tədbir təşkil olunub. Tədbir çərçivəsində at və qayıq gəzintilərində iştirak edən uşaqlar, həmçinin müxtəlif öyrədici və inkişafetdirici oyunlar oynayıb, əyləncəli şou-proqramlar izləyiblər.
Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin müraciəti əsasında Fond Qurban bayramı münasibətilə paytaxtda yaşayan ümumilikdə 70 şəhid ailəsi, müharibə əlili və veteranlara ərzaq yardımı edib.
Veteran Tankçılar İctimai Birliyinin təşəbbüsü və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Birinci Qarabağ müharibəsində şəhid olmuş Balakən rayonundan olan Şindiyev İlqar Məhəmməd oğlunun və İsmayıllı rayonundan olan Muradəliyev Coşqun Ətraf oğlunun məzarları bərpa olunub.