Oktyabrın 16-da Astara rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Astara Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndəsi Mirzə Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov mövzunun əhəmiyyətinə toxunaraq bildirib ki, müasir dövrdə gənclərimizin öz tarixi keçmişini bilməsi, milli kimliyinə sahib çıxması olduqca vacibdir.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev milli kimliyimizin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolundan danışaraq qeyd edib ki, milli əxlaqi, tərbiyəvi dəyərlərlə zəngin şifahi xalq ədəbiyyatımız, folklorumuz, milli musiqimiz, din amili və s. milli mədəniyyətimizin, o da öz növbəsində milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynayıb. Bizi milli kimliyimizə bağlayan zəngin mənəvi dəyərlərimizdir. Milli kimliyimizin ayrılmaz parçası olan bayraq, gerb, himn, Vətən özlüyündə maddi varlıq olsalar da, onları bizə sevdirən daxilimizdəki mənəviyyatdır.
Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov bildirib ki, bu gün qloballaşma bütün xalqların, o cümlədən Azərbaycan xalqının mənəvi mədəniyyətini, onun davamlılığını, milliliyini bir növ sınağa çəkir. Tarixin bu sınağından nə qədər itkisiz, eyni zamanda qloballaşmanın gətirdiyi üstünlüklərdən yararlanaraq çıxmaq savadlı, bilikli gənclərimizin üzərinə düşən əsas vəzifələrindəndir. Bu vəzifələrindən başlıcası milli kimliyimizi keçmişdən indiyə daşımaq, indiki nəslə öyrətmək, gələcək üçün əmanət qoymaqdır.
Astara RİH-nin nümayəndəsi Mirzə Bayramov rayon gənclərinin maarifləndirilməsi məqsədilə keçirilən aktual mövzulu tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.
Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.