Noyabrın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Gədəbəy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Gədəbəydə “Qloballaşma və milli kimlik ” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Fondun icraçı direktor müavini Rəfi Qurbanov,Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, ekspert qismində Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri, jurnalist Seymur Verdizadə, ziyalılar, müəllimlər, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev seminarın əhəmiyyətindən bəhs edərək, tarix boyu Gədəbəy rayonu əhalisinin hər zaman milli kimlik ruhunun çox yüksək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.Natiq Qloballaşma çağında xalqımızın əsrlər boyu formalaşdırdığı, bu günə qədər gətirib çıxardığı milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işində hər bir vətəndaş öz məsuliyyətini anlamalı, dərk etməlidir deyə vurğulamışdır.
Seminarda çıxış edən Fondun icraçı direktor müavini Rəfi Qurbanov diqqətə çatdırıb ki, qloballaşan dünyada müxtəlif mədəniyyətlər arasında fərqlərin dərinləşməsi, vahid dünya düzəninin yaranma tendensiyasının güclənməsi milli ənənələrinin qorunmasını, gənclər arasında geniş təbliğini zəruri edir. Bu səbəbdən milli kimliyi özündə ehtiva edən bütün mədəni elementlərin təbliği zəruridir. Həmçinin icraçı direktorun müavini bildirmişdir ki, müstəqilliyimiz, ədəbiyyatımız və incəsənətimiz milli kimlik şüurunun formalaşmasında vacib rol oynayır. R.Qurbanov çıxışının sonunda iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Azərbaycanda sağlam mənəvi mühitin hökm sürdüyünü bildirib. Qeyd edib ki, humanizm, böyüyə hörmət, kiçiyə mərhəmət Azərbaycan xalqının xarakteridir. S.Verdizadə deyib ki, mənəvi dəyərlərin qorunması Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulub. Natiq cəmiyyətin bu prosesdə iştirakının zəruri olduğunu vurğulayıb.
Belə ki, tarixi-mədəni keçmişimizdən gələn milli-mənəvi dəyərlər sistemini, ənənələrimizi qorumağı və gələcək nəsillərə doğru bir şəkildə çatdırmağı özümüzə borc bilməliyik deyə natiq vurğulayıb.
Seminarın sonunda "Heydər Əliyev və Azərbaycançılıq" filmi nümayiş olunub və daha sonra iştirakçılarla geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.