Oktyabrın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zaqatalada “Qloballaşma və milli kimlik ” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Fondun icraçı direktor müavini Rəfi Qurbanov,Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, ADİU-nin Zaqatala filialının baş müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Qüdrət Qırtımov ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Seminarı giriş sözü ilə açan Zaqatala RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq, müasir dövrdə gənclərə qloballaşmanın müsbət və mənfi təsirlərindən danışaraq, gündəlik həyatlarında qloballaşmanın gətirdiyi müasir texnologiyalardan faydalı məqsədler üçün istifadə etməyə səsləyib.
Seminarda çıxış edən Fondun icraçı direktor müavini Rəfi Qurbanov qloballaşan dünyada zamanın və məsafənin qısaldığı və düşüncə sərhədlərinin aradan qalxdığı dövrdə insan təhlükəsizliyinə yeni təhdidlər meydana çıxmışdır. Bunlardan biri də kimliyimizi formalaşdıran mədəni elementlərin təhdid altında olmasıdır.
Milli kimliyimizin özünəməxsusluğunu qeyd edən fondun icraçı direktorunun müavini Rəfi Qurbanov bildirmişdir ki, mədəni müxtəlifliyə hörmət, vəhdət, dünyəvilik milli kimliyimizin məhək daşıdır.
ADİU-nin baş müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Qüdrət Qırtımov bildirib ki,Zaqatala uzun illərdən bəri bir çox xalqların nümayəndələrinin yaşadığı, eləcə də bir-birinə hörmətlə yanaşan, milli mənəvi dəyərlərinə, milli kimliyinə bağlı olan bir məkandır.Bu məsələlərdə biz müəllimlərin üzərinə çox böyük məsuliyyət düşür. Belə ki, tarixi-mədəni keçmişimizdən gələn milli-mənəvi dəyərlər sistemini, ənənələrimizi qorumağı və gələcək nəsillərə doğru bir şəkildə çatdırmağı özümüzə borc bilməliyik deyə natiq vurğulayıb.
Sonda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.