"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Prezident İlham Əliyev İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib

Təbrikdə min illərdir Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının qarşılıqlı hörmət və etimad mühitində, sülh və əmin-amanlıq şəraitində yaşadıqları bildirilir. Qeyd edilir ki, çoxəsrlik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirilən dövlət siyasətinin başlıca məqsədlərindəndir.
"Bu gün ölkəmiz haqlı olaraq dünyada konfessiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, ümumi evimiz Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə qüvvə və bacarıqlarını əsirgəmirlər", - deyə dövlətimizin başçısı vurğulayır.
Milad bayramının yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il ölkəmizdə qeyd olunduğunu bildirən dövlətimizin başçısı təbriki bu sözlərlə bitirir: "Bu müqəddəs bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram".

calendar 6-01-2022, 11:42 eye 489 eye Paylaş