"Tarix boyu ölkəmizdə müxtəlif dinlər və mədəniyyətlərarası münasibətlər yüksək səviyyədə olub. Məhz müxtəlif mütərəqqi dini görüş və cərəyanların bəzilərinin ortaya çıxdığı məkan Azərbaycan olub. Ona görə də ölkəmizdəki dinlər və mədəniyyətlərarası münasibətlər sadəcə ölkəmizlə məhdudlaşmamış, müxtəlif dövrlərdə sərhədlərimizi aşaraq ümumdünya tolerantlığının formalaşmasına da öz töhfəsini vermişdir. Müstəqilliyimizin bərpası ilə xalqımıza məxsus olan tolerantlıq ənənəsi yeni və gənc dövlətimizin diqqət göstərdiyi əsas sahələrdən biri olub. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi sayəsində bu tarixi ənənə yenidən dirçəldilmiş və dövlət siyasətinin tərkib hissəsinə çevirilmişdir. Sonrakı dövrlərdə cənab Prezident İlham Əliyevin daim diqqətində olan tolerantlıq siyasəti, həm ölkə daxilində düzgün şəkildə tənzimlənmiş, həm də ölkə xaricində Azərbaycanın daha yaxından tanınmasına gətirib çıxarmışdır. Bu sayədədir ki, Vətən Müharibəsində düşmənimizin din və mədəniyyət kartından istifadə etmə səyləri boşa çıxmış, əhalisinin əksər hissəsi müsəlmanlardan ibarət olan Azərbaycanın dünyəvi dövlət quruluşu və ölkədəki yüksək tolerant əhval-ruhiyyə düşmənin əks-propaqandasının qarşısında sipər olmuşdur." Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov vurğulayıb.
Onun sözlərinə görə, müsəlman şərqində bir çox ilklərə imza atan ölkəmiz, tolerantlıq sahəsində də bir çox yeniliklərə imza atmış, Bakı şəhərində, bölgələrimizdə və xarici ölkələrdə müxtəlif tədbirlər həyata keçirilərək bu yeniliklər praktikada tətbiqini tapmışdır: "Dünyada mədəniyyətlər və dinlərarası münasibətlərin tez-tez gərginləşdiyi bu dövrdə, Azərbaycada mövcud olan tolerant mühit bu gün Qərb dairələrində belə etiraf olunur. Ölkəmizdə yaşayan müxtəlif din mənsubları “Azərbaycan çətiri” altında sıx birləşərək vətənimiz üçün birgə dualar edir və dünyaya tolerantlığın Azərbaycan nümunəsini uğurla nümayiş etdirirlər".