Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinin ilk tədbiri keçirilmişdir.
Layihə çərçivəsində ilk tədbir Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın ilk 836 saylı ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30 illiyi ilə bağlı keçirilmişdir. Tədbirdə batalyonun şəhid olmuş qəhrəmanlarının ailə üzvləri, Qarabağ müharibəsinin qaziləri, veteranları, hərbçilər iştirak etmişdir. Batalyonun ilk toplaşma məntəqəsinin dağılmış divarları önündə tədbir iştirakçıları Şəhidlərimizin əziz xatirəsini yad etmiş, Ana Vətənin azad olması münasibəti ilə sevinc hisslərini bölüşmüşlər. Çıxışçılar qeyd etmişlər ki, xalqımız hər zaman Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmuşdur. Hər qarış torpaq uğrunda şəhid qanı axmışdır. 30 il ərzində apardığımız mübarizə Vətən müharibəsində qalibiyyətimizlə yekunlaşdı və torpaqlarımız qəhrəman övladlarımızın şücaəti sayəsində azadlığına qovuşdu.
Qeyd edək ki, layihə iki ay ərzində davam edəcək və Zəfərimizin 1-ci ildönümündə yekunlaşacaqdır.