İyul ayının 24-də Zaqatala rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyin sifarişi ilə çəkilmiş “Vətəni yaşadanlar!” filminin təqdimatı keçirilmişdir. 44 günlük Vətən Müharibəsi zamanı Zaqatala rayonundan Şəhidlik zirvəsinə yüksəlmiş Müzəffər Ordumuzun əsgər və zabitlərinin əziz xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Zaqatala RİHBA-nın İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri İlqar Vəliyev, İctimai Televiziyanin əməkdaşı, filmin rejisoru Elmar Orucov, şəhid ailələri, Zaqatala rayonunun ictimaiyyəti və KİV nümayəndələri iştirak etmişdir. Filmin təqdimatı I və II Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır. Çıxışlar zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatının qarşısı alınaraq əks hücum əməliyyatı ilə başlanılan və tarixə qəhrəmanlıq səlnaməsi kimi qeyd olunacaq 44 günlük zəfər yürüşündə torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi qeyd edilmişdir. Xalqın amalı, birliyi və iradəsi ilə Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğu vurğulanmış, tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün cənab Prezident İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna dərin minnətdarlıq diqqətə çatdırılmışdır.
Daha sonra “Vətəni yaşadanlar” filminin təqdimatı olmuş, şəhid ailələrinə filmin surətləri təqdim edilmiş, çay süfrəsi ətrafında söhbət aparılmış, xatirə fotosu çəkilmişdir.