“Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ abidələri məktəblilərin gözü ilə” inşa müsabiqəsinə yekun vuruldu. Zaqatala, Qax və Balakən rayon məktəblərinin 6-11 ci sinif şagirdləri arasında keçirilən müsabiqəyə iştirakçılar 5 nominasiya üzrə: “Şuşa-mədəniyyət beşiyi”, “Azıx mağarası-qədim insan məskəni”, “Dağıdılmış məscidlərimiz”,“Qanlı tarixin şahidləri-güllələnmiş heykəllər”(Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri) və “Xudavəng məbədi-tarixin canlı şahidi” mövzularında 80-ə yaxın inşa təqdim etmişlər. Hər nominasiya üzrə 6 qalib müəyyənləşmişdir.
Müsabiqənin keçirilməsində əsas məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, məktəblilərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarətdir. Balakən rayonundan 9 inşa, Qax rayonundan 5 inşa, Zaqatala rayonundan isə 16 inşa qalib olmuşdur. Sevindirici haldır ki, əsas qaliblər ucqar kənd məktəblərinin şagirdləridir.
Qalib şagirdlərə sertifikatlar və pul mükafatı təqdim olunmuşdur. Tədbirdə xatirə şəkilləri çəkilmişdi. Valideynlər və müəllimlər öz ürək sözlərini bildirmiş, belə müsabiqələrin həqiqətən şagirdlərin həyatında mühüm rol oynadığını bildirmişlər.