"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Biləsuvarda “Azərbaycan xalqının mədəni irsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Dekabrın 7-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Biləsuvar şəhəri “İmam Zaman” məscidi dini icmasının birgə təşkilatçılığı  ilə Biləsuvar şəhəri 4 saylı tam orta məktəbdə “Azərbaycan xalqının mədəni irsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Taleh Nuruyev, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Kamil Qurbanlı, Biləsuvar şəhəri “İmam Zaman” məscidi dini icmasının sədri Loğman Mehdiyev, məktəbin müəllimi Fətiş Mirzəyev, məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.              
Tədbiri giriş nitqi ilə açan Biləsuvar (RİH) Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı Mənəvi Dəyərlər Fondunun yaradılmasının önəmindən və əhəmiyyətindən söz açaraq bildirib ki, fond tərəfindən keçirilən maarifləndirici tədbirlər tariximizin, mədəniyyətimizin öyrənilməsində əvəzsiz xidmətə malikdir. O, həmçinin vurğulayıb ki, ölkəmizdə müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar bərabər, mehriban və həmrəylik şəraitində yaşayırlar və bu gün ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik,milli-mənəvi həmrəylik və etnik-dini tolerantlıq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin məntiqi nəticəsidir.
Ardınca çıxış edən DQİDK-nin Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Taleh Nuruyev mövzu ətrafında çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra yasaq edilmiş adət-ənənələrimizin, milli bayramlarımızın xalqımız tərəfindən yenidən qeyd edilməsində Ulu Öndərin əvəzsiz xidmətləri var. Natiq həmçinin vurğulayıb ki, bütün səmavi dinlər bəşərə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin edib, ölkəmiz çoxkonfessiyalı ölkə olmasına baxmayaraq bütün dinlər və dini azlıqlar mehriban və qardaşlıq şəraitində yaşayırlar.
Dini icma sədri Loğman Mehdiyev, məktəbin müəllimi Fətiş Mirzəyev mövzu ilə bağlı öz fikirlərini bölüşmüş və bu cür maarifləndirici tədbirlərin keçirilməsinin önəmindən söz açmışlar. 
Tədbirin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 10-12-2018, 16:07 eye 878 eye Paylaş