Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi. Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahədə qanunvericilik bazası uğurla formalaşdırıldı. Ölkəmizdə yüksək səviyyədə tənzimlənən dövlət-din münasibətlərinin əsası xalqa ləyaqətlə xidmət edən Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Məhz Ulu Öndərin geniş dünyagörüşü, baxışları, siyasi bacarığı sayəsində Azərbaycan bütün ağır sınaqlardan şərəflə, üzüağ çıxa bildi. Xüsusilə vurğulanmalıdır ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din münasibətləri qurulub, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olub. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızın 48-ci maddəsi ilə təsbit olunub və Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununda geniş şəkildə öz əksini tapıb. Şübhəsiz, vicdan azadlığı sahəsində hüquqi bazanın möhkəmləndirilməsi ölkədə tolerantlıq mühitinin gücləndirilməsinə, milli-mənəvi dəyərlərə münasibətin dəyişməsinə, insanlarımızın tarixi keçmişindən uzaqlaşmamasına, əcdadlarımızın maddi-mənəvi miraslarına sahib çıxılmasına xidmət edirdi. Uzun illər sonra respublikanın rayon, şəhər və kəndlərində məscidlərin tikilməsi, baxımsızlıqdan uçub dağılmış müqəddəs ocaqların bərpa edilməsi və yenidən qurulması, minarələrdən azan səsinin eşidilməsi, dini və milli bayramlarımızın sərbəst şəkildə, həm də yüksək səviyyədə qeyd edilməsi dövlətimizin milli-mənəvi dəyərlərimizə yüksək qayğısının bariz nümunəsidir.
“İndi Azərbaycan müstəqil dövlətdir, öz taleyini özü həll edir. Bundan sonra biz heç vaxt imkan verməyəcəyik ki, yadellilər, dinimizə, imanımıza, mənəviyyatımıza zidd olan hansısa qüvvələr gəlib bizə hakim olsunlar və mənəvi dəyərlərimizə yenidən xəsarət gətirsinlər”, - deyən Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini fəaliyyət sahəsində dövlət siyasətinin aparılması, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə onların fəaliyyətinin əlaqələndirilməsi və digər vəzifələr qoyulub. Komitə ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi və dövlətin din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir. Ümumiyyətlə, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Dövlət Komitəsi fəaliyyət göstərdiyi 20 il ərzində din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli dini cərəyanların təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilib və onların həllində müsbət nəticələr əldə olunub. Dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib. Bu istiqamətdə Dövlət Komitəsi müvafiq dövlət qurumları, Qafqaz Müsəlmanları İdarəsi və digər dini konfessiyalarla birgə qarşılıqlı əməkdaşlıq edib.
Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri təkmilləşməkdə və möhkəmlənməkdədir. Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığının təminatı sahəsində həyata keçirdiyi tədbirlər öz müsbət bəhrəsini verməkdədir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir. Təcrübə göstərir ki, bu gün dini sahədə ortaya çıxan əksər problemlərin kökündə İslamın olduğu kimi təqdim edilməməsi dayanır. Məhz bu səbəbdən Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə xüsusi önəm verir. Çünki dini maarifləndirmə düzgün aparıldığı zaman dini təhlükəsizlik və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin, qarşıdurmaların qarşısı alınır.
Maarifləndirmə işi Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Dövlət Komitəsi ölkədə dövlət-din münasibətlərinin, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini radikalizm meyillərinin qarşısının alınması, o cümlədən milli-mənəvi dəyərlərimizin, ölkədəki zəngin tolerantlıq və multikulturalizm mühitinin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işi aparır. Dini maarifləndirmə işinin Komitənin təsis etdiyi “Cəmiyyət və Din” qəzeti, “Dövlət və Din” ictimai fikir toplusu, DQİDK əməkdaşlarının müəllifi olduğu nəşrlər, eləcə də televiziya proqramları, sosial şəbəkələr vasitəsilə də aparılmasına xüsusi diqqət yetirilir. Maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə Komitənin sifarişi əsasında hazırlanan “Fitnə”, “Şəhadət”, “Vəhdət qanımızdadır”, “Üfüqdəki gələcək”, “Oxu!”, “Erməni saxtakarlığı və Alban irsi”, “Erməni təcavüzü və məscidlərimiz” adlı sənədli filmlər ictimaiyyətə təqdim edilib. Dövlət Komitəsinin ideya müəllifliyi ilə eyni zamanda, “Dövlət və din”, “Könüllülər hərəkatı və dini icmalar”, “Biz birlikdə güclüyük”, “Qarabağ Azərbaycandır”, “Din və sosial media”, “Ağoğlan məbədi”, “Gəncəsər məbədi”, “Tatev məbədi”, “Xudavəng məbədi”, “Yuxarı Əskipara məbədi”, “Qubadlı rayonu Məmər kənd məscidi”, “Müqəddəs Yelisey məbədi”, “Ağdam Cümə məscidi”, “Zəngilan İmam Hüseyn məscidi”, “İrəvan Göy məscidi”, “Şuşa Aşağı Gövhər ağa məscidi”, “Şuşa Saatlı məscidi”, “Füzuli şəhəri Hacı Ələkbər məscidi”, “Xocavənd rayonu Amaras məbədi” videoçarxları da çəkilərək yayımlanır. Eyni zamanda, milli-mənəvi dəyərləri təbliğ etmək məqsədilə kitab, broşür və digər çap məhsulları hazırlanır; Mədəniyyət televiziyasında “Haqqın dərgahı”, İctimai TV-də "Din və Cəmiyyət” , Space TV-də "İnam” verilişləri efirə gedir; ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktual olan mövzularda videoroliklər, sosial çarxlar hazırlanır, ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, "dəyirmi masa”lar təşkil edilir. Bunlarla yanaşı, vətəndaşlarımızın, xüsusilə gənclərimizin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə Dövlət Komitəsi ayrıca, digər qurumlarla və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə ölkədə dini sahədə tolerantlıq mühitinin qorunması, müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı hörmət, birgəyaşayış, dözümlülük mühitinin möhkəmlənməsi, eyni zamanda dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik”, “Dini radikalizm və onunla mübarizə üsulları”, “İslam və sağlam ailə”, “Dini icmaların cəmiyyətdə yeri və rolu”, “Milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhu”, “Ənənəvi İslam dəyərləri və müasirlik”, “Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları və onların qarşısının alınması yolları”, “Müasir dövrün çağırışları: ailə institutu və dini dəyərlərin vəhdəti”, “İşğal altında qalmış abidələrimiz - tarixi yaddaşın izi ilə”, “Milli-mənəvi dəyərlərimiz və müasirlik”, “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi”, “Radikalizm və terrorizmin fəsadları”, “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili”, “Dini radikalizm və ekstremizmin yayılmasına qarşı mübarizə”, “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu”, “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik”, “Dünyəvi dövlətdə din: Azərbaycan modeli”, “Bakı prosesi: dini icmalar və vəzifələr”, “Mənəvi dəyərlərin təbliği və dini icmalar”, “Qeyri-hökümət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili”, “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər”, “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”, “Müasir çağırışlar: dini durum və vəzifələr”, “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik”, “Dünyəvi dövlətdə din və təhsil” mövzularında tədbirlər həyata keçirir.
Bu müddət ərzində Dövlət Komitəsi maarifləndirmə işini təkcə ölkə daxili ilə məhdudlaşdırmayıb, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də fəaliyyətini davam etdirib. Ölkə hüdudlarından kənarda keçirilmiş beynəlxalq tədbir və konfranslarda Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, zəngin mənəvi-əxlaqi irsinin təbliği, eləcə də keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən tarixi-dini abidələrimizə qarşı törədilmiş vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılması prioritet istiqamət kimi müəyyənləşdirilib. Sözügedən istiqamətdə Dövlət Komitəsi tərəfindən Azərbaycan, ingilis, rus, alman, ərəb dillərində nəşr olunan “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı informasiya mübarizəsində dolğun mənbə kimi çox effektiv nəticələr verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Multikulturalizm İli” (2016) və “İslam Həmrəyliyi İli” (2017) çərçivəsində dini radikalizmə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, dini qurumlarla iş və s. istiqamətlərdə aparılan işlər xeyli uğurlu olub. Belə ki, Dövlət Komitəsi Prezident İlham Əliyevin həm “Multikulturalizm İli”, həm də “İslam Həmrəyliyi İli” ilə bağlı tədbirlər planlarına uyğun olaraq qarşısına qoyulan məqsəd və vəzifələri uğurla həyata keçirməklə öz səlahiyyətləri çərçivəsində töhfələrə imza atıb.
Komitə aidiyyəti qurumlarla birgə Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, eləcə də zəngin mənəvi-əxlaqi irsinin təbliği istiqamətində “Ekstremizmə qarşı mübarizədə din və etiqad azadlığının təmin olunması: Azərbaycandakı çətinliklər və mövcud təcrübə” , “Qafqazda sülh naminə əməkdaşlıq”, “Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması”, "Din və demokratiya: nəzəriyyə və tarixi təcrübə", “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər”, “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru”, “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” Birinci Beynəlxalq Bakı Forumu, "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə", “İslam maarifçiliyi və müasir dövr” , “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan nümunəsi”, “Alban Apostol kilsəsinin keçmişi və bu günü” , “İslam həmrəyliyi - zamanın çağırışı” , “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” , “Heydər Əliyev və Azərbaycanda Dinlərarası Harmoniya”, “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında”, “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” , “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” , “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikutural həyata töhfəsi” , “Rusiya-Azərbaycan: sülh təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi”, “İslam həmrəyliyi İli: Azərbaycandan çağırış” mövzusunda beynəlxalq konfrans , “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” , “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti”, “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” , “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzularında aidiyyəti qurumlarla birlikdə beynəlxalq konfranslar, simpoziumlar, panellər keçirib.
Ötən 20 il ərzində Dövlət Komitəsi tərəfindən respublikada dini durumu hərtərəfli öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla faydalı əməkdaşlığın qurulmasını təmin etmək istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində radikal dini cərəyanların və ekstremist qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində müvafiq qurumlarla, o cümlədən mərkəzi və yerli icra strukturları, hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirib.
Hesabat dövrü (20 il) ərzində ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi baxımından da işlər davam etdirilərək müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Xaricdən gətirilən, eləcə də ölkədə yeni nəşr olunan dini təyinatlı ədəbiyyat öyrənilib, təhlil olunub, onlardan zərərlilərinin adları ölkədə nəşri və yayılması məqsədəuyğun hesab edilməyən dini təyinatlı ədəbiyyat siyahısına daxil edilib. Ümumilikdə ötən 20 il ərzində idxalla bağlı Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 25 min 368 adda dini məzmunlu ədəbiyyata baxılıb. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən 2725 adda dini məzmunlu ədəbiyyatın nəşrinə razılıq verilib.
Təbii ki, cəmiyyətin bütün təbəqələrini əhatə edən bu fəaliyyətin özünəməxsus xüsusiyyətləri və çətinlikləri var. Lakin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət, Prezident İlham Əliyevin onu uğurla davam etdirməsi və Birinci vitse-prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin tolerantlıq ənənələrimizin ölkədə və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl fəaliyyəti Dövlət Komitəsinin qarşısına qoyulmuş məqsədlərə çatmasına əlverişli zəmin yaradır. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoyub.
“Müstəqil Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub”, - deyən dövlət başçısı tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur və bəyənilir. Eyni zamanda, dövlət başçımız ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın əsas təminatçısı və himayədarıdır. Ümumiyyətlə, müstəqilliyimizin bərpasının ilk illərindən başlayaraq dövlət-din münasibətləri sahəsində irəli sürülən ideyaların bu günün reallıqları kontekstində oynadığı müsbət rol daha aydın görünür. Müasir dövrün çağırışları və Azərbaycanda dini münasibətlərin inkişaf səviyyəsi dinlə bağlı dövlət siyasətində yeni prioritetlər və hədəflər müəyyənləşdirir. Məlumdur ki, dünyəvi dövlət quruluşu Azərbaycan xalqının mühüm tarixi nailiyyətidir. Ölkəmiz unikal tarixi-mədəni şəraitə, dini sahənin özünəməxsus xüsusiyyətlərinə, demokratik prinsiplərə əsaslanan dövlət-din münasibətlərinə malikdir ki, bütün bunlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövlətinin dini sahədə siyasəti dünyada gedən qloballaşma prosesinin xüsusiyyətlərini nəzərə alır. Müasir dünyada qloballaşma prosesinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirir. Azərbaycanda dövlətin yürütdüyü din siyasəti qloballaşmanın dini və milli-mənəvi dəyərlərimizə mənfi təsirinin qarşısını alır.
Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Təkcə bir faktı qeyd edək ki, sovetlər zamanı ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, indi bu rəqəm 2253-ə çatıb, ölkəmizdə 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 970 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə minlərlə məscid tikilib və əsaslı bərpa olunub. Bu proses indi də davam etməkdədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində geniş tikinti və yenidənqurma işlərinin aparılması, Gəncədəki İmamzadə kompleksinin yenidən qurulması, Qafqazın ən möhtəşəm məscidi hesab edilən və Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidinin, Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarının inşası və dini qurumlara dövlət büdcəsindən mütəmadi olaraq maliyyə vəsaitinin ayrılması xalqımızın ən yeni tarixinin şanlı səhifələrindəndir. Ötən müddət ərzində Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində tarixi kilsə və sinaqoqlar da təmir olunub, yeniləri inşa edilib. Bakı şəhərində Katolik kilsəsinin və dağ yəhudiləri üçün sinaqoqun inşası, Lüteran məbədinin bərpası və yenidən qurulması buna bariz nümunədir.
Ümummili Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi kimi tarixi dini abidələrin – məscid, kilsə, sinaqoqların bərpası, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən də uğurla həyata keçirilir. Çıxışlarında tolerantlıq, əmin-amanlığın Azərbaycanın ən böyük sərvətlərindən biri və heç də sabit olmayan dünyaya vacib bir mesaj olduğunu vurğulayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan həqiqətlərinin, o cümlədən, ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara imza atıb. Son illər Fondun xətti ilə bir çox dini abidələr, o cümlədən, Xəzər rayonu Binə qəsəbəsində Möhsün Səlim və İmam Rza məscidlərində, Gəncə şəhərində Şah Abbas və Həzrət Zeynəb məscidlərində, Buzovna qəsəbəsində Cümə məscidində, Mərdəkan qəsəbəsində Pir Həsən ziyarətgahında, Bakı şəhərində yerləşən İmam Hüseyn məscidində təmir və bərpa işləri həyata keçirilib. Fondun dəstəyi ilə Bakıda yerləşən «Bakirə Müqəddəs Məryəm» Katolik Kilsəsi və Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində yenidənqurma və bərpa işləri aparılıb.
Sevindirici haldır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlanılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Şuşada yeni məscidin təməlinin qoyulması, Zəngilanda erməni vandallığına məruz qalan məscidin, eləcə də Ağdamda “Qiyaslı” məscidinin yenidən qurulması işlərinə başlanılması, həm də “Qazançı” kilsəsində bərpa işlərinin aparılması dövlətimizin milli-mənəvi, tolerantlıq dəyərlərinə verdiyi önəmin növbəti təzahürüdür. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin əsasında da məhz xalqımızın milli dəyərlərə, birgəyaşayış ənənələrinə, tolerantlığa verdiyi önəm dayanır. Əldə etdiyimiz Zəfər həm də Azərbaycan multikulturalizminin, dinlərarası harmoniyasının qələbəsidir. Prezident İlham Əliyevin Şuşada “Xarıbülbül” festivalının açılışında bildirdiyi kimi, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı var: “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır”.
Dini müstəvidə dövlət səviyyəsində görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il oktyabrın 10-da Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında müvafiq Fərman imzalayıb. Milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən dövlət başçımızın bu addımı, eyni zamanda Dövlət Komitəsinə olan yüksək etimadın göstəricisidir. Fondun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.
Fond yaradıldıqdan sonra onun strukturunun tam formalaşması bir neçə ay davam etdi və 2018-ci ilin əvvəllərindən başlayaraq fəaliyyət göstərməyə başladı. Fondun bu günədək öz Nizamnaməsinə uyğun olaraq gördüyü işlər əsasən üç istiqamət üzrə olub: şəhid və əlil ailələlərinə yardımlar göstərmək, ümumiyyətlə xeyriyyəçiliklə məşğul olmaq, mənəvi dəyərlərimiz, eyni zamanda onun tərkib hissəsi olan dini dəyərlərimiz sahəsində geniş maarifləndirmə işləri aparmaq, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi təyin olunan bütün imam, imam müavini və mütəvəllilərə aylıq maddi dəstək göstərmək .
Bundan əlavə, ölkəmizdəki yüksək dini-mənəvi mühitin qorunub-saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında 2018-ci il 09 fevral tarixli, 3654 nömrəli Sərəncam imzalayıb. Sərəncamda göstərildiyi kimi, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədini daşıyır. Azərbaycan İlahiyyat İnstitutu xalqın din sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatını beynəlxalq standartlara əsaslanaraq təmin edir, ilahiyyat sahəsindəki problemlərə işıq tutan və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparır, həm İslam, həm də digər dünya dinləri haqqında dərin biliyə yiyələnən, tərəfsiz və bütün konfessiyalara qarşı dözümlülüklə yanaşan din xadimlərini məzun edir, milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək missiyasını həyata keçirir.
Azərbaycan İlahiyyat İnstitutu dini xarici dairələrin nəzarətində olmayan, dinə məhdud çərçivədə deyil, geniş prizmadan yanaşmağı bacaran, fəaliyyətində dünyəvilik, tolerantlıq və multikulturalizm kimi Azərbaycan gerçəkliklərini nəzərə alan, xalqımızın tarixi ənənələrinə söykənən, yüksək dini-mənəvi mühitin qorunub saxlanmasına və inkişaf etdirilməsinə xidmət edən, dini fəaliyyətin təşkili sahəsində yüksək dini və dünyəvi savada malik ixtisaslı kadrların hazırlanmasını təmin edən mötəbər bir elm ocağı olmağı qarşısına məqsəd qoyub və fəaliyyət göstərdiyi 3 il ərzində bunu bacara bilib.
Sadalanan faktlar birmənalı şəkildə deməyə əsas verir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi dövlət-din münasibətləri də sağlam təməllər üzərində qurulub. Fəxrlə deyə bilərik ki, son illər ölkə başçısının diqqət və qayğısı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti daha da təkmilləşdirilib. Arxada qoyduğumuz 20 il Dövlət Komitəsinin yaradılması ilə bağlı qərarın nə qədər doğru və zəruri olduğunu bir daha təsdiqlədi. Amma 20 illik tarix həm də bir həqiqəti göstərdi: dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində hələ çox işlər görülməlidir.
Dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha da artırılması, milli-mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində digər aidiyyəti qurumlarla birgə əməkdaşlığın davam etdirilməsi, ölkədəki mövcud dini konfessiyalararası münasibətlərin, eləcə də multikultural və tolerant mühitin qorunub saxlanılması, eləcə də beynəlxalq əlaqələr sahəsində fəaliyyətin genişləndirilməsi və dini radikalizmlə mübarizə çərçivəsində təcrübə mübadiləsinin həyata keçirilməsi Dövlət Komitəsinin gələcəkdəki fəaliyyətinin prioritetləri sırasındadır. Həmçinin, Dövlət Komitəsinin gələcək hədəfləri sırasında tabeliyində fəaliyyət göstərən qurumlarla - Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu ilə birgə ilahiyyatçı mütəxəssislərin, dini sahədə milli kadrların hazırlanması, habelə digər dövlətlərin oxşar qurumları ilə birgə əlaqələrin təkmilləşdirilməsi vəzifələri durur.
Əminliklə deyə bilərik ki, Dövlət Komitəsinin kollektivi Prezident İlham Əliyevin etimadını doğruldacaq, onun rəhbərliyi altında, diqqət və qayğısı nəticəsində üzərinə düşmüş bu şərəfli vəzifəni uğurla yerinə yetirəcəkdir.
Mübariz Qurbanlı
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri