"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov: Ermənilər İslamdan əvvəlki abidələri də dağıdıblar

"İşğal dövründə ermənilər Qarabağ və ətraf bölgələrdə olan milli mədəni, dini abidələrimizə ciddi zərər vurublar. 30 ilə yaxın vaxt ərzində işğalda saxlanılmış ərazilərimizdə İslamdan əvvəlki və İslam dövrü abidələri dağıdılıb, yararsız hala salınıb".
Bu barədə Azvision.az -a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib. Onun sözlərinə görə, ermənilər saxtakarlığa əl ataraq, Azərbaycana məxsus abidələri qriqoryanlaşdırmağa çalışıblar.

"Biz Mənəvi Dəyərlərin Təbliği Fondu olaraq Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri ilə birlikdə Kəlbəcərdə Xudavəng, Laçında Ağoğlan, Xocavənddə Tuğ məbədində olduq. Orada şahid olduq ki, Azərbaycan irsinin Qarabağdakı bütün abidələri erməni saxtakarlığına məruz qalıb. Abidələrin divarlarına erməni dilində yazılar yazaraq, həyətlərində saxta kitabələr yerləşdirərək, onları erməniləşdirməyə çalışıblar. Bu, mütəxəssislər tərəfindən ilk baxışda sezilir. Eyni zamanda, işğal dövründə ermənilər həmin ərazilərdə mövcud olan tolerantlığa, multikulturalizmə, ümumibəşəri dəyərlərə də zərər vurublar. Məsciddə heyvanlar saxlayıb, məscidin mehrabına karikaturalar çəkiblər. Bu ilk növbədə dini dözümsüzlük, tolerantsızlığın nümunəsidir. Bütün bunlar ermənilərin ümumbəşəri dəyərlərə, konvensiyalara xəyanət etdiyini göstərir. Ermənilər vandallıq edərək milli-mədəni abidələri dağıdıblar".

M.İsmayılovun sözlərinə görə, erməni barbarları abidələrimizi dağıtmaqla yanaşı, mənəvi atmosferi də pozublar.

"Torpaqlarımızı işğaldan azad edəndən sonra Şuşa, Kəlbəcər, Qubadlıda azan səsi eşidildi. Biz neçə əsrlərdir ki, o torpaqlarda var olan İslamı yenidən bərpa etdik. Bununla yanaşı, tolerantlığımızın, multikultralizmin nümunəsi olaraq kilsələr fəaliyyətə başladı, kilsə zəngləri çalındı. Ölkəmizin xristian vətəndaşları o kilsələrə ziyarətə gedirlər. Bu, dünya üçün böyük göstəricidir. UNESCO və digər beynəlxalq təşkilatlar, aparıcı dövlətlər bundan nümunə götürə bilərlər. Ermənilər işğal dövründə 1,5 milyard insanın ortaq dəyəri, İslamın simvolu olan Azan səsini kəsmişdilər. Azərbaycan Azanı bərpa etdi, eyni zamanda, 2 milyarda yaxın insanın inancı olan kilsə zənglərini çaldırdı. Bu, həmin ərazilərdəki real vəziyyəti, Azərbaycanla Ermənistanın mədəni abidələrə, dinə, tolerantlığa, başqa dinlərlə münasibətinə hansı dərəcədə münasibət göstərdiyini görmək üçün sadə nümunədir".

Bundan əlavə, Fond rəhbəri vurğulayıb ki, istənilən beynəlxalq təşkilat gəlib Qarabağda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olsa, qısa müddətdə haqlılığın kimin tərəfində olduğunu görə bilər.

"Azərbaycan Ordusu 44 günlük müharibədə torpaqlarımızı işğaldan azad edərkən maksimum dərəcədə hər hansı tikiliyə, milli mədəni abidələrə toxunmadı. Çünki bu, bizim mirasımızdır. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə səfəri zamanı ilk olaraq milli mədəni-dini abidələri ziyarət edirdi. Bu qədim ənənələrə söykənən dəyərlərə verilən qiymətdir. Qarabağda dağıdılan bütün abidələri bərpa edəcəyik. Artıq bununla bağlı göstərişlər verilib və bəzi abidələrin bərpasına başlanılıb. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və digər aidiyyatı qurumlar bu sahədə aktiv işlər görür".

Aytən Zəhra

calendar 24-05-2021, 14:46 eye 541 eye Paylaş