Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Lerik şəhər və rayonlarının icra hakimiyyətləri, idarə və müəssisələrinin nümayəndələri, o cümlədən din xadimlərinin qatıldığı videokonfransı giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınan xalqımız tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, özünün mənəvi dəyərlərini qoruyub saxlayıb, ona ən qiymətli sərvəti kimi yanaşıb.
Komitə rəsmisi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin zənginləşməsi istiqamətində önəmli addımlar atıb, bu sahədə yeni mərhələnin əsasını qoyub. Bu təməl üzərində Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı göstərilir. Hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən birini də milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə bağlılığın möhkəmlənməsi, adət-ənənələrin qorunması, mədəni-tarixi abidələrin mühafizəsi, mənəvi irsin öyrənilməsi təşkil edir.
Milli-mənəvi dəyərlərin ictimai şüurun formalaşmasında və həmrəyliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Səyyad Salahlı 44 gün davam edən ikinci Qarabağ müharibəsində qazanılan böyük zəfərdə bu ali dəyərlərin də xüsusi rol oynadığını bildirib. Diqqətə çatdırıb ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti, rəşadətli Ordumuzun gücü, xalqımızın milli ruh yüksəkliyi və milli-mənəvi həmrəyliyimizin vəhdəti nəticəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalmış Qarabağ öz doğma sahiblərinə – xalqımıza qaytarıldı. Siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətənimiz uğrunda bənzəri olmayan həmrəylik nümayiş etdirdi. Xalqın ölkənin liderinə dərin inamı, cəmiyyətimizdəki siyasi, milli və dini həmrəylik qələbəmizin təminatında çox mühüm rol oynadı.
Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev bildirib ki, milli-mənəvi dəyərlər xalqı ayaqda tutan, onu formalaşdıran ayrı-ayrı etnosların və millətlərin həmrəylik içərisində yaşamasını və onların tarix səhnəsində vahid kimliklə təmsil olunmasını təmin edir. Bu dəyərlərimizin ən zəngin elementlərindən birinin də multikultural və tolerant ənənəmiz olduğunu qeyd edən şöbə müdiri vurğulayıb ki, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millətlərin, dinlərin nümayəndələrinin ərazi bütövlüyümüzün bərpası uğrunda istər ön cəbhədə olsun, istərsə də arxa cəbhədə əlindən gələni əsirgəməməsini dövlətin apardığı bu uğurlu siyasətin nəticəsi kimi dəyərləndirib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev tədbir iştirakçılarını İslam dininin müqəddəs ayı olan Ramazan ayı münasibətilə təbrik edərək bildirib ki, heç şübhəsiz ki, builki Ramazan ayını qalib xalq kimi qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. İllər öncə hüquqları pozulmuş, ərazilərinin 20 faizi əlindən alınmış, 1 milyondan çox əhalisi məcburi köçkün edilmiş xalqımız 30 ildən sonra Vətən müharibəsində qələbə qazanmaqla tapdanmış ədaləti bərpa etdi. Ceyhun Əliyev düşmən işğalından azad edilmiş Ağdam şəhərinə səfərini xatırladaraq vəhşi münasibət sərgilənmiş yaşayış yerləri və tarixi-mədəni abidələr, xüsusilə Ağdam Cümə məscidinin məruz qaldığı dəhşətli erməni vandallığı barədə təssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov çıxış edərək bildirib ki, tarixin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasında, öz milli dövlətini qurmasında ən önəmli faktorlardandır. Ulu Öndər Heydər Əliyevin “Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən, nəsillərə keçib, yaşayıb, gəlib bu günlərə çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük sərvətidir” fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıran M. Hüseynov tolerantlığa əsaslanan multikultural dövlət siyasətinin təməlinin də elə məhz Ümummilli Liderimiz tərəfindən atıldığını vurğulayıb.
Masallı Rayon İcra Hakimiyyəti başçısının I müavini Məmmədhüseyn Hüseynov, Salyan Rayon Heydər Əliyev Mərkəzinin müdiri Nübar Bayramova, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Ayaz Hüseynov, Lənkəran rayonu Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıqov milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu barədə danışaraq bildiriblər ki, tarixin ən çətin dövrlərində belə xalqımız öz milli-mənəvi dəyərlərini qoruyub saxlamağı, müqəddəs məqsədləri uğrunda birləşməyi, vəhdət olmağı bacarıb.
Videokonfrans müzakirələrlə davam etdirilib.