Aprelin 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə təkrar nəşr edilmiş Aida Eyvazlı Göytürkün müəllifliyi ilə 2016-cı ilin aprel şəhidlərinə və qazilərinə həsr edilən “Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının onlayn təqdimatı keçirilib.
Tədbiri çıxış sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov tarixi zəfərimizin ilk müjdəçiləri olan aprel şəhidlərinə və qazilərinə daim borclu olduğumuzu, onların adlarının əbədi yaşadılması üçün əlimizdən gələni əsirgəməməyin vacibliyini qeyd edib. Bu mövzuda kitabların yazılmasını və nəşrinə dəstək göstərilməsini yüksək qiymətləndirən xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, 2016-cı ildə qəhrəman oğullarımızın şücaəti nəticəsində ərazi bütövlüyümüzün bərpasına başlanıldı və bu, 2020-ci ildə zəfərlə nəticələndi. Şəhidlərimizin və qazilərimizin şərəfli döyüş yolu haqqında kitabların yazılmasının əhəmiyyətindən danışan millət vəkili Aqil Abbas bu kitabların böyük tirajlarla nəşrt etdirilib təhsil ocaqlarına paylanmasının vacibliyini vurğulayıb. Şöhrət ordenli şairə Ofelya Babayeva Azərbaycan Ordusunun müzəffər əsgərləri və qazilərininin türk dünyasının zəfər tarixini qanları ilə yazdıqlarını, vətənə şərəf gətirdiklərini söyləyib. Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı şəhidlər haqqında yazılan kitabların ənənə halını almasının əhəmiyyətindən danışıb. Kitabın müəllifi Aida Eyvazlı Göytürk yazdığı əsərin şəhidlərin, qazilərin, onların valideynlərinin ölkəmiz, xalqımız qarşısındakı xidmətləri qarşılığında kiçik bir iş olsa da, belə bir kitabın ərsəyə gəlməsinin onun üçün böyük şərəf və xoşbəxtliyə səbəb olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hazırda Vətənə ikinci dəfə Qalibiyyət gətirən şəhidlərimiz və qazilərimiz haqqında kitabın üzərində işləyir. Aprel döyüşlərinin iştirakçısı, qazi, polkovnik-leytenant Elşən Qarayev, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, şəhidlərimiz Əbdülməcid Axundovun, Mikayıl Vahabazadənin, Müşfiq Orucovun, Mahir Mİrzəyevin, Mahir Quliyevin valideynləri Sabir Mirzəyev, Aygün Məmmədli, Ceyran Həsənova, Azadxan Mirzəyev, Rumiyyə Vahabzadə, Şakir Niftalıyev, Lalə Quliyeva “Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının müəllifi Aida Eyvazlıya, kitabın nəşrinə göstərdiyi dəstəyə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna və tədbir iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.