Fevralın 27-də Şərq-Qərb Qadın İnkişaf Mərkəzi İctimai Birliyi, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Müasir Fəlsəfə Problemləri şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərin milli və ümumbəşəri səciyyəsi: epistemoloji problemlər” mövzusunda zoom platforması üzərindən beynəlxalq videokonfrans keçirilib. “Dəyərlər: milli və bəşəri aspektlər” adlı layihənin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov videokonfransı açaraq layihə haqda məlumat verib, bu layihə çərçivəsində çap olunan “Etika, Estetika, Aksiologiya: epistemoloji problemlər” kollektiv monoqrafiyasını təqdim edib. O qeyd edib ki, kitabda Azərbaycandan olan alimlərlə yanaşı 8 ölkədən, o cümlədən, Qazaxıstan, Özbəkistan, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Almaniya və ABŞ-dan olan müəlliflərin məqalələri çap olunub.
Şərq-Qərb Qadın İnkişaf Mərkəzinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli layihəni həyata keçirməkdə göstərdiyi maddi və mənəvi köməyə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edib, sosial problemlərin etik aspekinə diqqət çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov konfrans mövzusunun aktuallığından, ənənəvi və modern cəmiyyətlər arasında bilik, informasiya mübadiləsinin xüsusiyyətllərindən, eləcə də sosial institutların səmərəli fəaliyyəti üçün elmi-tədqiqat xarakterli biliklərdən istifadənin zərurətindən danışıb.
Konfransda çıxış edən ekspert- fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rauf Məmmədov mənəvi və sosial dəyərləri fərqləndirib, tarixən dəyərlərin formalaşmasının, onların anlaşılmasının müxtəlif aspektlərini işıqlandırıb.
Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin eksperti Aynur Veysəlova- Abbasova maddi-texniki inkişaf fonunda müasir dünyada artan sosial problemlərdən söz açıb, mənəvi dəyərlərin əhəmiyyətini vurğulayıb.
Beynəlxalq videokonfransda fəlsəfə elmləri doktoru, professor Əli Abasov “Postqeyri-klassik dövrün etika və estetikası” (Azərbaycan), fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov “Postneoklassik praksiologiya və aksiologiya zərurəti” (Azərbaycan), fəlsəfə elmləri doktoru, professor Nigina Şermuhamedova “Epistemoloji biliyin təkamülü” (Özbəkistan), fəlsəfə elmləri doktoru, professor Mustafa Bilalov “Avrasiya sivilizasiyasının aksioloji əsaslarında Şərq-Qərb dilemması” (Rusiya), fəlsəfə elmləri doktoru, professor Tursun Qabitov “Qazax xalqının etika universaliləri və əxlaqi dəyərləri” (Qazaxıstan), sənətşünaslıq elmləri doktoru, professor Sevil Fərhadova “Kainatın əbədi musiqisi: orqan və muğam” (Azərbaycan), fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Teymur Tağıyev “Ölüm- mütləq hipersinqulyarlıq kimi” (Azərbaycan), fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Azərbaycan türk mentallığı və milli-mənəvi dəyərlər probleminə tarixi-fəlsəfi baxış” (Azərbaycan), fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev “Şərqşünaslıq baxış və dəyərlərini formalaşdırmış bəzi mifologemlərə münasibət” (Azərbaycan), fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov “Qloballaşma şəraitində sosial-mədəni dəyərlərin transformasiyası” (Azərbaycan) və doktorant Fəridə Bağırova “Gender tədiqatlarında mənəvi dəyərlər problemi” (Azərbaycan) mövzularında çıxış etmişlər.