"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

"Fərqində ol!"

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun tərəfdaş qurum olduğu "Fərqində ol!" adlı sosial məlumatlandırma kampaniyasının icrasına başlayıb.
BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, kampaniyanın əsas məqsədi cəmiyyət üçün təhlükə yaradan sosial məsələlərə COVID-19 pandemiyası fonunda diqqət çəkməkdir.
Cəmiyyətdəki sosial ahəngi zədələyən hər mənfi amil əslində koronavirus qədər zərərlidir. Kampaniya çərçivəsində hazırlanan illüstrasiyalar vasitəsilə məhz bu təhlükələr diqqətə çatdırılır. İstənilən şəxs müxtəlif sosial media məcralarında #ferqindeol həştəqi ilə paylaşaraq kampaniyaya dəstək ola bilər. “Fərqində ol” sosial məlumatlandırma kampaniyası haqqında ətraflı məlumatı www.ferqindeol.az saytında əldə etmək olar.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev bununla bağlı deyib ki, COVID-19 pandemiyasının əhali üzərində birbaşa təsirlərini nəzərdən keçirməklə yanaşı, pandemiyanın fərdlər və cəmiyyətə göstərdiyi digər potensial travmatik təsirlərini də anlamalıyıq. Uzunmüddətli stres, məsafə saxlama, iş yerlərinin bağlanması və özünü təcridetmə qaydalarının birləşməsi məişət zorakılığı, uşaq istismarı və ayrı-seçkilik riskini artırır. Belə məlumat kampaniyası vasitəsilə cəmiyyəti COVID-19 böhranı və onun nəticələri barədə məlumatlarla təmin etməyə çalışırıq.
Pandemiyanın nəticələrinə qarşı mübarizə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi ksenofobiya, nifrət nitqi, məişət zorakılığı, ayrı-seçkilik, şiddətli ekstremizm və dezinformasiyadan qaçınmağın vacibliyi barədə əhali arasında məlumatlılığı artırmaq məqsədi ilə bir sıra tanıtım materialları hazırlayıb.
Geniş auditoriyanın diqqətini pandemiyaya və onun fəsadlarına yönəltmək, habelə hədəf auditoriyasının məlumatlılığını artırmaq üçün Azərbaycan və ingilis dillərində hazırlanan postlar sosial media kanalları vasitəsilə yayımlanacaq.
Hazırda kampaniya çərçivəsində pandemiyanın cəmiyyət üçün təhlükə yaradan müxtəlif fəsadlarını əks etdirən iri reklam lövhələri və bannerlər Bakıda və digər əsas şəhərlərin küçələrində, ictimai yerlərdə nümayiş olunur.
Aprelin sonunadək davam edəcək "Fərqində ol" sosial məlumatlandırma kampaniyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə BMqT tərəfindən icra edilən "Dayanıqlılıq naminə ictimai fəaliyyət" layihəsi çərçivəsində həyata keçirilir. Kampaniyanın tərəfdaş qurumu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondudur.

calendar 10-02-2021, 09:38 eye 488 eye Paylaş