Yanvarın 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib.
Ölkəmizin tarixinə 2020-ci ilin böyük Zəfər, Qələbə ili kimi yazıldığını qeyd edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri Müzəffər Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni qəsbkarlarından azad edildi, müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə də bildirdiyi kimi, bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi gücü sayəsində regionda aparıcı rola malikdir.
M.Qurbanlı qeyd edib ki, Dövlət Komitəsi 2020-ci ildə fəaliyyətini Ulu Öndərin müəyyən etdiyi dövlət-din siyasətinə uyğun istiqamətdə qurub və il ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulmuş məqsədlərə nail olmaq istiqamətində çalışıb. Komitə ötən il resurs və imkanlarını səfərbər etməklə pandemiya dövründə dini maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatına alınması, dini radikalizm və ekstremizmlə mübarizədə dinşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı işlər görüb. Həmin işlərin nəticəsidir ki, pandemiya dövründə və 44 günlük Vətən müharibəsində istər müsəlman, istərsə də qeyri-müsəlman vətəndaşlarımız, ölkəmizdəki bütün dini konfessiyalar vahid mövqe nümayiş etdirərək həmrəylik nümunəsi göstəriblər.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin işğaldan azad olunan torpaqlarımızda məscidləri ziyarət etməsinə, eləcə də tarixi-dini abidələrimizin bərpa edilməsi istiqamətində verdiyi tapşırıqlara diqqət yetirən Komitə sədri bütün bunların dövlətin dinə qayğısının bariz nümunəsi olduğunu vurğulayıb. Qeyd edilib ki, Vətən müharibəsi dövründə Dövlət Komitəsi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Eyni zamanda, Vətən müharibəsində Komitənin 6 əməkdaşı iştirak edib. Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və işğal altında olan torpaqlarımızın azad olunması üçün müzəffər Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək məqsədilə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb. Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun kollektivləri də bu aksiyada fəal iştirak ediblər. Həmçinin Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə məqsədilə könüllü olaraq Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu vəsait köçürüb.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev 2020-ci ildə agentliyin fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edərək bildirib ki, hesabat ilində Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura ilə birlikdə Muxtar Respublikanın şəhər və rayonlarında dini ayinlərin icraçıları və yerli dindarlarla görüşlər keçirilib, yas mərasimlərinin düzgün formada idarə olunması haqda müvafiq tapşırıqlar verilib, ilin əvvəlində din xadimlərinin attestasiyası keçirilib. Habelə, dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının Naxçıvan ərazisində yayılmasına nəzarətin həyata keçirilməsi prosesi il ərzində prioritet olub. Hesabat ili ərzində ekspert rəyi verilməsi üçün müvafiq orqanlardan agentliyə 349 adda 1300 ədəd dini təyinatlı ədəbiyyat daxil olub ki, aparılan araşdırma nəticəsində dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyi salan və ifrat məzhəbçilik prinsipini təbliğ edən 271 adda 342 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb. Vüqar Babayev qeyd edib ki, ötən il ərzində Naxçıvan şəhərində yeni məscid kompleksinin tikintisi, eləcə də Cəhri kənd və Ordubad şəhər “Came” məscidlərində təmir işləri davam etdirilib. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, dini icmalar və cəmiyyətdə mili-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirmə işlərinin təşkili istiqamətlərində fəaliyyət göstərib.
Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə hesabat məruzəsi ilə çıxış edərək 2020-ci ildə görülən işlər və ölkədəki mövcud dini durum barədə ətraflı məlumat verib. O bildirib ki, hesabat dövrü ərzində Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, 2-si xristian olmaqla 14 dini icma dövlət qeydiyyatından keçirilib, bununla da icmaların sayı 955-ə çatıb. Eyni zamanda, 3 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib. 2020-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutalan 3680 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib, dini dözümsüzlüyü və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalı və yayılmasının qarşısı alınıb. Nəşr olunmaq məqsədilə təqdim edilmiş 205 adda dini ədəbiyyata baxılıb, onlardan 6-nın çapı məqsədəuyğun sayılmayıb. Həmçinin, hüquq-mühafizə orqanları tərəfindən göndərilmiş 220 adda dini təyinatlı ədəbiyyata və digər məlumat materiallarına baxılıb, onlardan 63-nün zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və nəşr edildiyi müəyyən edilib. Hesabat dövründə 487 adda dini təyinatlı ədəbiyyata 679412 ədəd nəzarət markası verilib.
C.Əlifzadə qeyd edib ki, Covid-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejiminə görə Tədbirlər Planında bəzi dəyişikliklər edilərək il ərzində keçirilməsi nəzərdə tutulan bir sıra tədbirlər təxirə salınıb, bəziləri videokonfranslar formatında keçirilib.
2020-ci ilin ərzində Dövlət Komitəsi tərəfindən ayrıca və digər qurumlarla birgə ümumilikdə 180-ə yaxın tədbir həyata keçirilib. Tədbirlərin təşkilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, Silahlı Qüvvələr, eləcə də hüquq mühafizə orqanları, təhsil müəssisələri, gənclər təşkilatları, dini qurumlar və digər QHT-lər ilə yaxından əməkdaşlıq edilib. Qeyd olunan qurumlarla yanaşı, Dövlət Komitəsi ötən illərin təcrübəsinin davamı olaraq, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, QMİ, Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı davam etdirib. “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda Salyan rayonu və Yevlax şəhərində ikigünlük regional konfranslar, “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda Göygöl və Ağsu rayonlarında, həmçinin Gəncə və Şirvan şəhərlərində ikigünlük seminar-müşavirələr, “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda Qubadlı, Balakən, Biləsuvar və Ucar rayon icra hakimiyyətləri ilə birgə seminar-treninqlər, “XXI əsrdən baxış: din və qadın” mövzusunda Şəki şəhərində ikigünlük regional konfrans, “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakı şəhərinin Xocasən, Maştağa, Buzovna, Mərdəkan və Kürdəxanı qəsəbələrində seminar-treninqlər təşkil olunub. Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Komitəsinin 2020-ci ildə dini ekstremizmə qarşı mübarizəyə dair birgə “Tədbirlər Plan”ı çərçivəsində “Dini məzhəbçilik meyillərinin dini təhlükəsizliyə təsiri” mövzusunda Hacıqabul rayonunda regional seminar-müşavirə keçirilib.
Vətən müharibəsi və ondan sonrakı dövrdə isə vətənpərvərliyi və vətəndaşlıq borcunu təbliğ edən “Vətən borcu”, “Din xadimləri və dindarların vətənpərvərlik istiqamətində apardığı işlər və şəhid dəfnlərinin təşkili”, “Şəhidlik”, “Qazilik”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qan donorluğuna İslam dinində baxış”, “Zəfər bizimdir”, “Cəbhədəki qələbələrimiz və bayrağımız”, “Qələbəmiz mübarək” kimi mövzularda onlayn tədbirlər keçirilib. Karantin rejiminin tələblərinə uyğun olaraq, Dövlət Komitəsinin Mərkəzi Aparatı və yerli şöbələri tərəfindən pandemiya dövründə də ölkə ərazisində dövlət-din münasibətlərinin tənzimlənməsi, o cümlədən çətin keçən bu günlərdə cəmiyyətimizin maddi və mənəvi cəhətdən səfərbər olunması, insanların mənəvi cəhətdən sıx birləşməsi istiqamətində videokonfrans formatında bir sıra maarifləndirici tədbirlər həyata keçirilib.
Hesabat dövründə dini durumun öyrənilməsi sahəsində tədbirlərin davam etdirildiyini qeyd edən şöbə müdiri mütəmadi olaraq monitorinqlərin keçirildiyini vurğulayıb. O qeyd edib ki, il ərzində müsəlman dini icmaları Ramazan və Məhərrəmlik ayları mərasimləri, Qurban bayramı, xristian dini icmalar Pasxa və Milad, yəhudilər Purim, Pesax və Roş-Ha-Şana bayramlarını qeyd ediblər. Bunlardan Purim bayramı istisna olmaqla, digərləri karantin rejimi dövrünə təsadüf edib. 2020-ci ildə karantin rejimi dövründə dini ayinlərin icrası ilə yanaşı yas mərasimlərinin pandemiya ilə bağlı müəyyən olunmuş qaydalar çərçivəsində keçirilməsi xüsusi nəzarətdə saxlanılıb, Dövlət Komitəsinin bölgə şöbələri, QMİ-nin bölgə nümayəndəlikləri, yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bu sahədəki pozuntular aradan qaldırılıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov hesabat dövründə görülən işlər barədə məlumat verərək qeyd edib ki, İnstitut 2020-ci il üzrə fəaliyyətini müvafiq iş planına əsasən yerinə yetirib. Qlobal pandemiya ilə əlaqədar respublikamızda həyata keçirilən tədbirlər çərçivəsində ölkə üzrə tədris və təlim-tərbiyə prosesinin mart ayından etibarən dayandırıldığına görə tədris prosesinin məsafədən aparıldığını deyən A.Şirinov bu məqsədlə İnstitutun “Microsoft Teams” platformasına qoşulduğunu diqqətə çatdırıb.
Rektor bildirib ki, 2020-2021-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin I tədris ilinə Dinşünaslıq ixtisası üzrə 35 tələbə, İslamşünaslıq ixtisası üzrə 36 tələbə və 3 əcnəbi tələbə, Dinşünaslıq ixtisasına magistratura səviyyəsi üzrə 3 magistrant, doktorontura səviyyəsi üzrə isə 2 nəfər doktorant qəbul olunub. Tələbələrin təhsildə yüksək nəticələr əldə etmələri və dünyagörüşlərinin formalaşması məqsədilə tədris ili boyunca onlarla fərdi görüşlər aparılıb. Sosial müdafiəyə ehtiyacı olan 44 tələbə müəyyən edilərək, Mənəvi Dəyərlərin Təbliği Fonduna sosial yardımla bağlı müraciət ünvanlanıb, həmin tələbələr Fondun hesabına aylıq əlavə təqaüdlə təmin olunublar.
2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutu məzunlarının diplomlarının Türkiyə Respublikası Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu – YÖK) tərəfindən tanındığını deyən Aqil Şirinov bunun öz növbəsində, Aİİ tələbələrinə Türkiyədə asanlıqla magistratura və doktorantura pillələri üzrə təhsil almaq imkanı yaratdığını vurğulayıb. Hesabat ili ərzində Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Sakarya və Kocaeli Universitetləri arasında “Mövlanə” Mübadilə Proqramı, Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə “Erasmus+” Mübadilə Proqramı Protokolu, Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş “Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Daha sonra Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 2020-ci il ərzində fəaliyyətinə dair hesabatla Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edib. O bildirib ki, MDTF-nin fəaliyyətinin başlıca istiqamətlərindən biri dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə dəstək verməkdir. 2020-ci ildə 984 nəfər din xadiminə Fond tərəfindən aylıq maddi dəstək göstərilib. Həmçinin Prezident cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmasına maliyyə yardımı verilib. Fondun Nizamnaməsinə uyğun olaraq il ərzində şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələr və tələbələrə, imkansız xəstələrə yardımlar edildiyini deyən M.İsmayılov bu yardımların bir hissəsinin dini icmalar vasitəsilə, bir hissəsinin isə birbaşa verildiyini deyib. Belə ki, xüsusi karantin rejimi ərəfəsində Fond tərəfindən aprel ayında 161 şəhid ailəsi və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib, bununla yanaşı, infeksiya ilə birbaşa mübarizə aparan 65 tibb işçisinə hədiyyələr təqdim edilib. Ramazan bayramı münasibətilə may ayında ölkə üzrə ümumilikdə 166 şəhid ailəsinin üzvləri və müharibə əlillərinə bayram sovqatı (ərzaq) paylanılıb, həmçinin Fond tərəfindən Qurban bayramı münasibətilə aksiya təşkil edilib, 16 şəhər və rayonda 2000-dən çox şəhid ailələri və aztəminatlı ailələrə qurban əti paylanıb. Fond tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun 44 tələbəsinə 100 manat məbləğində aylıq təqaüd verilib və adıçəkilən təhsil müəssisəsi tərəfindən təsis edilmiş “Heydər Əliyev mükafatı” maliyyələşdirilib. Qeyd edək ki, cari ilin noyabr ayından etibarən bu tələbələrdən 20 nəfərə verilən təqaüd artırılaraq 150 manat müəyyənləşdirilib. Həmçinin xüsusi karantin rejimi qaydalarına əsasən təhsilin onlayn formata keçirilməsi ilə əlaqədar olaraq 5 şəhid ailəsinin məktəbli üzvünə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi vasitəsilə noutbuklar hədiyyə edilib. Vətən müharibəsi dövründə qismən səfərbərliyə cəlb edilmiş 100 aztəminatlı vətəndaşın ailəsinə Fond tərəfindən ərzaq yardımı edilib, eyni zamanda 50 aztəminatlı ailəyə maddi ehtiyaclarını qarşılamaq üçün 80 manat məbləğində alış-veriş kartları təqdim edilib. Cəbhə bölgəsində döyüş şəraitində fəaliyyətinə görə seçilən din xadimlərinə, dini ayinlərin və ritualların icrasını həyata keçirən 15 nəfərə maddi yardım göstərilib.
Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mənəvi dəyərləri təbliğ edən 14 sənədli film və sosial videoçarx hazırlanıb, eyni zamanda Fondun dəstəyi ilə həyata keçirilən “Qarabağ üçün oxu 3” layihəsi çərçivəsində hazırlanan klip, bundan başqa, "Vətən borcu", “Azərbaycan Bibliya Cəmiyyəti”nin sifarişi ilə çəkilən “Mənəvi borc” filmi, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının təşkilatçılığı ilə rus və ingilis dillərində hazırlanan “Dağlıq Qarabağda məhv edilən Azərbaycan dini abidələri” adlı videoçarx ictimaiyyətə təqdim edilib.
Fond 2020-ci ildə müxtəlif müəlliflər tərəfindən təqdim olunan mənəvi dəyərlərin təbliği, dinlərarası dialoqun gücləndirilməsi, radikalizmlə mübarizəyə aid maarifləndirici və dini mövzularda 22 adda ədəbiyyatın nəşrinə maliyyə dəstəyi göstərib. Fondun dəstəyilə "Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı" adlı kitabın nəşr edilməsindən dolayı Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür məktubu ünvanlayıb.
Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlərlə bağlı məlumat verən Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev bildirib ki, sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın Ermənistan tərəfinin hərbi hücumuna qarşı apardığı əks-hücum hərbi əməliyyatları ilə yanaşı, düşmənə qarşı informasiya müharibəsi də aparılıb. Ermənistan tərəfinin münaqişəni beynəlxalq miqyasda dini müstəviyə çəkmək cəhdlərinə cavab olaraq, ölkədə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini konfessiya rəhbərləri ilə sıx əməkdaşlıq şəraitində birgə bəyanatlar qəbul edilib. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycandakı yəhudi icmaları, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycandakı Katolik dini icması və Yevangelist-Xristian protestant dini icmaları tərəfindən rus və ingilis dillərində verilən bəyanatlarda erməni vandalizmi pislənilib, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilib. Azərbaycanda fəaliyyət göstərən dini icma rəhbərlərinin müharibədən zərər görmüş yerlərə səfər etməsi ilə yanaşı Bakı Avropa Yəhudiləri dini icmasının baş ravvini Şneor Seqalın rəhbərliyi ilə “İsrail-Azərbaycan palatası”nın üzvləri də 17 oktyabr 2020-ci il tarixdə Gəncəyə səfər edərək erməni hərbçiləri tərəfindən atılan raket zərbəsi nəticəsində evləri dağılan vətəndaşlarımıza dəstək nümayiş etdiriblər.
Eyni zamanda, müharibə vəziyyəti ilə bağlı Azərbaycan həqiqətlərinin ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmalarının rəhbərləri tərəfindən xarici ölkələrin müxtəlif rəsmi şəxslərinə və qurumlarına, dini sahə ilə məşğul olan xarici və beynəlxalq təşkilatlara, dini mərkəzlərə xarici dillərdə müraciətlərin ünvanlanmasında konsultativ iş aparılıb. Xüsusilə ABŞ Konqresinin üzvü Ceki Speyer tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1 oktyabr 2020-ci ildə ABŞ Konqresinə təqdim olunmuş reallıqdan uzaq və yanlış səciyyəli 1165 saylı qətnamə layihəsinə etirazla bağlı ABŞ-ın ona yaxın dövlət və qeyri-dövlət qurumlarına müraciət ünvanlanıb.
Müharibə dövründə Azərbaycanın haqq səsinin videokonfrans formatında keçirilən beynəlxalq tədbirlərdə də müdafiə edildiyini vurğulayan Əli Həziyev bildirib ki, Türkiyənin Diyanət işləri başqanı Ali Erbaşın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dini liderlərinin və dünyanın 60 ölkəsindən rəsmi şəxslərin iştirak etdiyi videokonfransa qatılan Dövlət Komitəsi sədrinin çıxışının böyük hissəsi Ermənistanın Azərbaycan xalqına və onun mədəni irsinə qarşı həyata keçirdiyi terror siyasətinə həsr edilib. Eyni zamanda, ABŞ Dövlət Departamentinin dəstəyi, Polşa Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə 16-17 noyabr 2020-ci il tarixdə keçirilmiş Din və etiqad azadlığının irəlilədilməsi üzrə üçüncü nazirlər konfransında Dövlət Komitəsinin sədri bir daha işğal zamanı ermənilər tərəfindən törədilmiş vandalizm aktlarından danışıb.
Hesabat ili ərzində Qafqaz Albaniyasının işğaldan azad olunmuş ərazilərdəki irsinin təbliği ilə bağlı materiallar, erməni vəhşiliyi və vandalizmini əks etdirən videoçarxlar, məscidlərimizin dağıdılması ilə əlaqədar məlumatlar xarici dillərdə yayılıb.
Şöbə müdiri bildirib ki, düşmənə qarşı aparılan informasiya müharibəsində, eləcə də sonrakı dövr ərzində sosial şəbəkə hesablarından mütəmadi olaraq Azərbaycan həqiqətləri, xüsusilə ölkəmizin multikulturalizm, tolerantlıq ənənələri üzərində formalaşmış dövlət-din siyasəti ilə bağlı məlumatlar ermənilərin xüsusi aktivlik nümayiş etdirdiyi səhifələrdə onların saxtakarlıqları faktlarla ifşa edilərək yayımlanıb.
Daha sonra Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov 2021-ci ilin fəaliyyət planı barədə məruzə edib, gələcək hədəflər, problem və perspektivlər geniş müzakirə edilib, kollegiyanın gündəliyində olan məsələlər və İş Planı ilə bağlı qərarlar qəbul edilib.