“Bu gün dünyamızın xeyirxahlığa, mərhəmətə ehtiyacı daha çoxdur”
Bu gün Azərbaycan xalqının böyük oğlu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Sağlığında həyata keçridiyi xeyirxah işlər və humanist layihələrlə xalqımızın qəlbində əbədi yaşayan Hacı Zeynalabdin Tağıyev, bütün dünyada xalqımızın xeyirxahlıq timsalı kimi tanınmaqdadır.
Bəs Hacı Zeynalabdin Tağıyev ənənələrinin bu gün də cəmiyyətdə təbliğ edilməsi, yaşadılması nə dərəcədə zəruridir?
Moderator.az-a açıqlama verən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, mənəvi dəyərlərin bir nümunəsi kimi xeyrixahlığın da günümüzdə təbliğinə böyük ehtiyac duyulduğunu vurğuladı:
“Xeyriyyəçilik, yardımlaşma, yaxşılıq etmək...Bunlar bəşəriyyətin ortaq dəyərləridir. Daha konkret desək bəşəri insana, bəşəriyyəti də insanlığa çevirən məhz bunlardır. Çünki bəşər digərləri ilə bu cür dəyərlər vasitəsilə ünsiyyət yaradaraq “üns sahibi” demək olan insana çevirilib. Yəni, tarixboyu insanlığın yaşaması və yaşadılması bu cür dəyərlərin yaşadılmasına bağlı olub.
Xeyirxahlıq, yaxşılıq, mərhəmət və s. kimi hisslər milli kimliyimizlə bütünləşib, ictimai yaddaşımızda dərin izlər buraxıb.Bütün bu dəyərlərin yaşadılması və təbliğinin simvoluna çevirilən Hacı Zeynalabdin Tağıyev ənənələrinin cəmiyyətdə təbliği bu gün də labüddür. Bildiyimiz kimi ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakının mərkəzi küçələrindən birində H. Z. Tağıyevin heykəlinin ucaldılması nəzərdə tutulur. Xeyriyyəçinin xalq arasında keçmişdə və bu gün məşhurlaşdıran onun sadəcə təkyönlü yardım fəaliyyəti deyil, sosial, mədəni, dini, iqtisadi, təhsil və s. kimi çoxyönlü, əhatəli fəaliyyətləridir. Məhz onun ənənələrinin yaşadılması və təbliğində bu əhatəliliyin çatdırılması çox vacibdir. Müasir dünyaya nəzər saldıqda görürük ki, bu gün dünyanın xeyirxahlığa, yaxşılığa, mərhəmətə ehtiyacı daha çoxdur. İnkişafın əsas meyarlarından biri olan rəqabət bir tərəfdən də bu cür dəyərləri zəiflətməkdədir. Ona görə də müasir inkişaf yoluna bağlı qalmaq şərtilə, xüsusən gənclərimizin bu cür xeyriyyəçilərimizi tanımaları, onların iş fəaliyyətləri ilə yaxından tanış olmaları çox böyük əhəmiyyət kəsb edir”.
Seymur ƏLİYEV