"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mehman İsmayılov: “Tarixi-mədəni, tarixi-dini abidələrin əsas funksiyalarından biri xalqın ictimai yaddaşını qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir”

“Tarixi-mədəni, tarixi-dini abidələrin əsas funksiyalarından biri xalqın ictimai yaddaşını qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir”. Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
İcraçı direktorun sözlərinə görə, zəngin tarixi irsimizin mühüm tərkib hissəsi olan Qarabağ irsi özünəməxsusluğu ilə seçilir: “Uzun illər işğal altında qalan bu abidələrimiz Müzəffər Ordumuzun tutarlı və unudulmaz zərbəsi ilə yenidən öz doğma və əbədi sahibinə qayıtdı. İşğal altında olarkən ermənilərin törətdiyi vandallıqlar nəticəsində bu abidələrin bir çoxu zərər görüb.
Qarabağımızın və azad edilən digər rayonlarımızın maddi bərpası ilə yanaşı, mənəvi bərpası da son dərəcə vacibdir. Ali Baş Komandanımızın azad edilmiş torpaqlarımıza səfərləri zamanı ilk növbədə bu abidələrə getməsi və nitqlərini adətən onların qarşısında söyləməsi, regionun yenidən dirçəldilməsində tarixi mirasımızın bərpasına xüsusi diqqət ayrılacağını göstərir. Son iki aya nəzər salsaq görərik ki, dövlət başçısının sərəncamları, tapşırıqları Qarabağımızda maddi olduğu qədər mənəvi irsimizin bərpası və dirçəldilməsi ilə bağlıdır. Çünki mədəniyyət sadəcə maddi elementlərlə bağlı məsələ deyil, o, həm də mənəvi elementləri özündə ehtiva edir. Doğma Qarabağımızın yenidən dirçəlişində maddi və mənəvi həmahəngliyin qorunacağı şübhəsizdir”.

calendar 19-01-2021, 16:14 eye 700 eye Paylaş