Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dağlar qoynunda yerləşən monastırda ehtiramla yad olunub.
Dekabrın 4-də Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.
AZƏRTAC-ın müxbiri Azərbaycan Alban-udi dini icmasının nümayəndələri ilə birlikdə Kəlbəcərdə, Xudavəng monastır kompleksində olub.
İllərdir bütün dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığı Azərbaycanda firavan yaşayan udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq Qəbələ və Oğuzdakı alban məbədlərində olduğu kimi, işğal altındakı Alban kilsələrində, o cümlədən Kəlbəcərdəki Xudavəng monastır kompleksində də ibadət edəcəkləri günləri səbirsizliklə gözləyirdilər.
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində darmadağın edilən düşmən noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları Birgə Bəyanata əsasən, Kəlbəcər, Ağdam və Laçın əsl sahiblərinə təhvil verildi. Bu gün isə tarixi abidələrimizdən olan bu məbəddə illərdir ibadət edəcəkləri günü gözləyən udilər işğala son qoyulduqdan sonra ilk ayinlərini icra etmək üçün Kəlbəcərə gəliblər.
1993-cü il aprelin 2-də işğal edilən Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Mineral sular, yeraltı və yerüstü təbii ehtiyatlar, tarixi abidələr ilə zəngin olan bu rayon, həm də bənzərsiz təbiətə malikdir.
Kəlbəcərə qədəm qoyarkən diqqətimizi çəkən, ilk növbədə, rayonun əsrarəngiz təbiəti oldu: başıqarlı dağlar, sıldırım qayalar, sıx meşələr, bolsulu çaylar... Lakin bu gözəlliyin fonunda hər addımda erməni vəhşiliyinin şahidi olurduq: dağıdılmış abidələr, infrastruktur obyektləri, yandırılmış evlər, kəsilmiş ağaclar... Bütün bunlar düşmənin vəhşi və faşist mahiyyətini açıq şəkildə nümayiş etdirirdi. Bu gün işğaldan azad edilmiş digər rayonlarımız kimi, Kəlbəcər də artıq Ordumuzun nəzarətindədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bütün bu ərazilərimiz bərpa ediləcək və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdaraq firavan yaşayacaqlar.
Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı Sərəncamına əsasən, canlarını Vətənimizin ərazi bütövlüyü uğrunda qurban verən qəhrəmanlarımızın xatirəsi işğaldan azad olunan Kəlbəcərdə dağların qoynunda ehtiramla anıldı.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı çıxış edərək Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində göstərdiyi rəşadətdən, qazanılan uğurlardan danışdı, döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarına Allahdan rəhmət dilədi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kəlbəcərin Vəng kəndindəki Xudavəng monastırı dünya əhəmiyyətli memarlıq abidələrindəndir. Monastırın əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaradılmış Alban Xaçın Knyazlığının dini mərkəzi olaraq qalıb. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın ailəsi tərəfindən monastır yenilənib və orada əlavə tikililər inşa edilib.
Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin tarixi Alban məbədinə gəlişi, burada dini ayinlərini icra etmələri böyük əhəmiyyətə malik hadisə oldu. İcma nümayəndələri məbəd kompleksə aid kilsədə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının ruhuna dualar oxudular. Xristian dini ilə bağlı ayinlər icra olundu, udi dilində liturgiya səsləndi, kilsədə şamlar yandırıldı.
Anım mərasimi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən icmanın sədri Robert Mobili bildirdi ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin burada etdiyi saxtakarlıqlar açıq şəkildə görünür. Bu, monastırın giriş qapısındakı erməni xaçkarlarında və daxildəki bir çox müasir xaç elementlərində özünü büruzə verir.
İcma sədri Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığını, ölkəmizdə bütün dini məbədlərin, o cümlədən kilsə, sinaqoq və məscidlərin əsaslı şəkildə təmir olunduğunu diqqətə çatdırdı. Vətən müharibəsi günlərində Qəbələnin Nic qəsəbəsində Müqəddəs Məryəm kilsəsinin bərpasını əks etdirən fotoların Kəlbəcərdəki Xudavəng monastırında göstərildiyini söylədi. Qeyd etdi ki, işğaldan azad olunan ərazilərimizdəki dini məbədlərimiz də bərpa ediləcək və dindarların istifadəsinə veriləcək.
Lakin Tarixi Qafqaz Albaniyasının məbəd və digər mədəni irs nümunələri erməni kitablarında hər zaman əsassız olaraq “qədim erməni” mədəni irsi, erməni kilsəsinin tərkib hissəsi kimi qələmə verilir. Kəlbəcər rayonu işğal edildikdən sonra Xudavəng monastırında da qanunsuz bərpa işləri aparılıb. Bərpa adı ilə pərdələnən saxtakarlaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illərdə - 14 il davam edib.
Kəlbəcər rayonunda dövlət reyestrindən keçən 35 Alban məbədi var və onların demək olar hamısı Ermənistan tərəfindən saxtalaşdırılıb və ya dağıdılıb. Belə ki, alban kilsələrinin memarlıq üslubu, həmçinin onlara aid simvol və elementlər erməni saxtakarlığına məruz qalaraq dəyişdirilib. Qədim Şərq kilsələrindən olan Alban müstəqil kilsələri həm memarlıq üslubuna, həm də xaçın formasına, ibadət dilinə, liturgiyasına görə erməni kilsələrindən tamamilə fərqlənir. Bununla yanaşı, fərqli əlifba, fərqli dildə olan müqəddəs kitablar və apostol xətti də Alban kilsələri ilə erməni kilsələri arasındakı fərqləri açıq-aydın nümayiş etdirir.
Əsəd Məmmədov
AZƏRTAC-ın redaksiya müdiri