Ölkə Prezidenti: “Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq"
“Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır”. Bu fikirləri işğaldan azad olunan Ağdam rayonuna səfər edən Prezident İlham Əliyev bildirib.
Ölkə Prezidenti vurğulayıb ki, etdiyi duaların arasında birinci duası torpaqlarımızın işğaldan azad edilməsi idi: “Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib.”
Dövlət başçısının sözlərinə görə, biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq: Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam. Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub. Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar”. Ölkə başçısı İlham Əliyev onu da deyib ki, onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir.
Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirildiyini diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib: “Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb”-, deyə ölkə Prezidenti əlavə edib.
Azərbaycanın UNESCO ilə çox sıx əməkdaşlıq etdiyini deyən Prezident deyib ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar: “Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar”.
(AZƏRTAC)