Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır.
DİN
DİN XADİMLƏRİNƏ AYLIQ MADDİ YARDIMIN VERİLMƏSİ
Hər il Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş min nəfərədək din xadiminə (imam, imam müavini və mütəvəlli) Fond tərəfindən aylıq maddi dəstək göstərilir.
“VƏHDƏT DƏYƏRİMİZDİR” LAYİHƏSİ
Ölkədə mövcud olan tolerant, multikultural mühitin, birgəyaşayış ənənəsinin qorunub-saxlanılması, həmrəyliyin, məzhəblərarası dostluğun və qardaşlığın möhkəmləndirilməsi məqsədilə müxtəlif bölgələrdən olan din xadimləri bir araya gəlmiş, seminarlar təşkil edilmiş, ölkəmizin tarixi-dini abidələri ziyarət edilmiş və birlikdə vəhdət namazları qılınmışdır. Layihə davam etdiriləcək.
İFTAR SÜFRƏLƏRİ
Ənənəvi olaraq hər il Ramazan ayında şəhid ailələri, qazilər və aztəminatlı ailələrin iştirakı ilə iftar süfrələri təşkil edilir.
DİNİ İCMALARIN MAARİFLƏNDİRİCİ LAYİHƏLƏRİNƏ MADDİ DƏSTƏK
Ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmalara maarifləndirici layihələrin həyata keçirilməsi üçün maddi dəstək göstərilir.
DİNİ SORĞU XİDMƏTİ
Dövlət-din münasibətləri və dini etiqad sahəsində vətəndaşların maarifləndirilməsini təmin etmək, mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğini həyata keçirmək, eləcə də dini radikalizm, ekstremizm və fanatizmlə mübarizəni təşkil etmək məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondunun nəzdində (012) 1845 “Dini sorğo xidməti” fəaliyyət göstərir.
TƏHSİL
“DƏYƏRLƏRİMİZİ ÖYRƏNƏK” İNTELLEKTUAL YARIŞI
Ölkənin 9 müxtəlif şəhər və rayonunda fəaliyyət göstərən məktəblərin 9-11-ci sinif şagirdləri arasında intellektual yarışlar keçirilmiş, yarışlarda milli-mənəvi dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti və s. mövzularda suallar səsləndirilmiş, qalib komandalar mükafatlandırılmışdır. Yarışlar davam etdiriləcək.
TƏLƏBƏLƏR VƏ KÖNÜLLÜLƏRİN İŞTİRAKI İLƏ YAY VƏ QIŞ MƏKTƏBLƏRİ
Qax, İsmayıllı, Qusar və Şəkidə keçirilən məktəblərdə müxtəlif universitetlərin tələbələri, o cümlədən şəhid ailələrindən olan tələbələr və Fondun könüllüləri iştirak etmişlər. Yay və qış məktəblərində müxtəlif mövzularda seminarlar keçirilmiş, intellektual yarışlar təşkil olunmuş, eləcə də tarixi abidələr və şəhidlərimizin məzarları ziyarət edilmişdir. Məktəblərin təşkili davam etdiriləcək.
CƏBHƏ BÖLGƏSİNDƏ 1-Cİ SİNFƏ GEDƏCƏK ŞAGİRDLƏRİ ZİYARƏT
Hər il yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq cəbhə bölgəsində aztəminatlı ailələrdən olan 1-ci sinfə gedəcək şagirdlərə məktəbli formaları hədiyyə edilir.
AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTUNUN TƏLƏBƏLƏRİNƏ AYLIQ TƏQAÜD
Hər tədris ilində İnstitutun aztəminatlı ailələrdən olan 44 tələbəsinə, həmçinin “Heydər Əliyev” təqaüdünü qazanmış 1 tələbəsinə aylıq təqaüdlər verilir.
YARDIMLAR
RAMAZAN VƏ QURBAN BAYRAMLARINDA ƏRZAQ YARDIMLARI
Ənənəvi olaraq hər il Ramazan və Qurban bayramlarında ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan şəhid ailələrinə, müharibə veteranlarına və aztəminatlı ailələrə ərzaq yardımları verilir.
UŞAQ EVLƏRİNİ ZİYARƏT
Ənənəvi olaraq hər il Bakı, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşən uşaq evləri ziyarət edilir, uşaqlara məktəbli ləvazımatı və müxtəlif hədiyyələr paylanılır.
COVİD-19 PANDEMİYASI DÖVRÜNDƏ BİR SIRA TƏDBİRLƏR
Koronavirus infeksiyası ilə bilavasitə mübarizə aparan həkimlərə mənəvi dəstək göstərmək məqsədilə bir qrup səhiyyə işçisinə hədiyyələr təqdim edilib. Bundan əlavə, əhalinin həssas təbəqəsinə dəstək göstərmək, onların sosial müdafiəsini gücləndirmək məqsədilə bir sıra şəhid ailəsinə və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib. Həmçinin Fonddan maddi dəstək alan din xadimləri və Fondun əməkdaşları ümumilikdə 40 min manat məbləğində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
MAARİFLƏNDİRMƏ
“ZİYALILARIMIZDAN ÖYRƏNƏK” LAYİHƏSİ
Layihə çərçivəsində Azərbaycanın tanınmış ziyalılarının ölkənin müxtəlif regionlarında gənclərlə görüşləri təşkil edilib. Hal-hazırda layihə Fondun facebook səhifəsində “Ziyalı işığında” adı ilə online formatda davam etdirilir.
KONFRANS, SEMİNAR VƏ TRENİNQLƏR
Müxtəlif bölgələrdə gənclərin iştirakı ilə “Milli kimlik və qloballaşma”, “Müasir cəmiyyətdə gənclər və mənəviyyat”, “Azərbaycan ailəsi”, “Mənəvi dəyərlər və dövlət siyasəti” və s. mövzularda konfrans, seminar və treninqlər təşkil edilmişdir. Tədbirlər davam etdiriləcək.
NƏŞRLƏR, VİDEOÇARXLAR VƏ FİLMLƏR
Mütəmadi olaraq Fondun maliyyə dəstəyi ilə müxtəlif adda kitablar nəşr edilərək geniş oxucu kütləsinə təqdim olunur. Bundan əlavə, müxtəlif mövzularda videoçarxlar və sənədli filmlər hazırlanaraq sosial şəbəkələrdə və televiziya kanallarında nümayiş olunur.
MƏDƏNİYYƏT
“TARİXİN ŞAHİDLƏRİ” MÜSABİQƏSİ
Azərbaycanın müxtəlif bölgələrində yerləşən qədim, xüsusilə də az bilinən tarixi-dini abidələrin geniş auditoriyaya çatdırılması, keçmişimizin izlərini özündə əks etdirən abidələrin gənclər tərəfindən daha çox öyrənilməsi və təbliği məqsədilə “Tarixin şahidləri” adlı müsabiqə keçirilmişdir. Müsabiqələr davam etdiriləcək.
XARİCİ ƏLAQƏLƏR
XARİCİ ÖLKƏLƏRDƏ TƏDBİRLƏR
Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi Türkiyə Diyanət Vəqfinin dəvəti ilə Türkiyədə bir sıra işgüzar görüşlər keçirmişdir. Həmçinin Fondun rəhbərliyinin iştirakı ilə Gürcüstanın Dmanisi, Bolnisi, Marneuli, Qardabani, Saqareco, Laqodexi və Tiblisi şəhərlərində “Heydər Əliyev və mənəvi dəyərlər” mövzusunda silsilə tədbirlər keçirilmişdir. Bundan əlavə, Fondun rəhbərliyi Azərbaycan nümayəndə heyətinin tərkibində ABŞ-ın Yuta ştatına səfər çərçivəsində bir sıra görüşlərdə iştirak etmişdir.