Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribata əl atması nəticəsində başlayan döyüşlər bütün cəbhəboyu davam edir. Şanlı Azərbaycan Ordusunun göstərdiyi şücaəti, əldə etdiyi qələbələri xalqımız böyük sevinc və qürur hissi ilə qarşılayır. Bir daha aydın olur ki, Ermənistan sosial-iqtisadi, siyasi, mədəni-humanitar sferalarda olduğu kimi, hərbi sahədə də Azərbaycanla rəqabət aparmaq qabiliyyətinə malik deyil və bunu hazırda cəbhədə gedən döyüşlər də sübut edir.
Ermənistan rəhbərliyi hərbi toqquşmaların kəskinləşməsi fonunda xaricdən ona dəstək veriləcəyi xülyası ilə yaşayır. Bütün fəaliyyəti siyasi avantüradan ibarət olan N.Paşinyan hələ də anlamır ki, xarici ölkələrin hökumət və dövlət başçılarının ona münasibətləri ziddiyyətlidir və bu da müəyyən səbəblərdən irəli gəlir. Belə ki, N.Paşinyan hakimiyyəti ələ keçirdiyi gündən başlayaraq, özünün qeyri-ciddi mövqeyi və çıxışları ilə diqqəti cəlb edir. O, reallıq hissini itirərək hesab edir ki, bütün Qərb dövlətləri və Rusiya ölkəmizə təzyiq göstərməlidirlər ki, Azərbaycan ərazilərinin işğalı faktı ilə barışsın və ermənilərə Cənubi Qafqazda ikinci dövlət yaratmağa imkan versin.
N.Paşinyanın Ermənistanın hərbi gücə malik olduğunu bəyan etməsi onun növbəti pafoslu çıxışlarından biridir. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın düşmənlə təmas xəttində yerləşən mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalanda Milli Ordumuz əks-hücum əməliyyatı ilə düşmənin təxribatlarının qarşısını alıb Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndini və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeləri işğaldan azad etdi. 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad olundu, dövlət sərhədi boyunca əlverişli strateji yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq hərbi təxribata əl atdı. Lakin Azərbaycan Ordusu düşmənin mənfur niyyətinin qarşısını qətiyyətlə alaraq, onu xeyli sayda canlı qüvvə və texnika itkisinə məruz qoydu. Ermənistanın növbəti hərbi təxribatı nəticəsində 2020-ci il sentyabrın 27-dən başlayaraq davam edən döyüşlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək, işğal edilmiş torpaqlarımızın azad olunması üçün uğurlu hərbi əməliyyatlar həyata keçirir. Bütün bunlar Azərbaycanın hərbi gücünü və qüdrətini nəinki Ermənistana, bütün dünyaya göstərir.
Ermənistan hakimiyyəti məqsədli şəkildə təxribatlara əl atmaqla dünya ictimaiyyətində belə bir fikir formalaşdırmağa çalışır ki, hərbi əməliyyatlar Dağlıq Qarabağdan Ermənistan-Azərbaycan sərhədinə transformasiya olmuşdur. N.Paşinyanın niyyəti Azərbaycanı, guya, Ermənistanın ərazi bütövlüyünü bilərəkdən pozmaqda və güc nümayiş etdirməklə Dağlıq Qarabağdakı separatçı rejimə, ümumiyyətlə, regional təhlükəsizliyə təhdid yaratmaqda günahlandırmaqdır.
Beynəlxalq aləmdə vassal dövlət kimi tanınan Ermənistan dərin sosial-iqtisadi böhranla və kəskin daxili siyasi qarşıdırmalarla üzləşmişdir. N.Paşinyan hakimiyyəti Ermənistanda əhalinin diqqətini ağır vəziyyətdən yayındırmağın çıxış yolunu Azərbaycana qarşı hərbi təxribatlar törətməkdə görür ki, onun bu niyyəti də uğursuzluğa məhkumdur. N.Paşinyanın siyasəti nəticəsində Ermənistan ağır böhran dövrünü yaşayır ki, ermənilərin özləri belə KİV-də və sosial şəbəkələrdəki çıxışlarında vəziyyətdən çıxış yolu tapılmasının çətin olduğunu bildirirlər. Ermənistanda ictimai-siyasi proseslər demək olar ki, nəzarətdən çıxmış, N.Paşinyanın "küçə demokratiyası” erməniləri aclıq və səfalətlə üz-üzə qoymuş, hakimiyyətdaxili qarşıdurmalar isə səngimir. Ermənistanda sosial-iqtisadi tənəzzülün daha da dərinləşməsi əhalinin iqtidara inamsızlığını artırır. Ermənistan KİV-i açıq şəkildə bildirir ki, ölkənin daxili siyasi həyatında heç bir ciddi irəliləyiş yoxdur, məyus olan vətəndaşların sayı getdikcə çoxalır. N.Paşinyan hakimiyyətə gəldiyi vaxtdan iki il keçməsinə baxmayaraq, ermənilərə verdiyi vədləri yerinə yetirməmişdir.
Ermənistanda sosial-iqtisadi tənəzzülün hökm sürdüyünü, yoxsulluq səviyyəsinin sürətlə artdığını nəinki beynəlxalq ekspertlər və mütəxəssislər, hətta ermənilərin özləri belə konkret faktlara və statistikaya əsaslanmaqla sübut edirlər. Kütləvi işsizlik və kasıbçılıq N.Paşinyan hakimiyyəti ilə əhali arasındakı uçurumu dərinləşdirir, Ermənistandan mühacirət edənlərin sayı ildən-ilə çoxalır, şəhər və kəndlərdə demoqrafik və sosial vəziyyət gündən-günə pisləşir. Gənclərin Ermənistandan xarici ölkələrə kütləvi şəkildə getməsinin əsas səbəblərdən biri onların Dağlıq Qarabağdakı işğalçı erməni ordusunda xidmət etmək istəməməsi ilə bağlıdır. N.Paşinyan hakimiyyətinin davam etməsi Ermənistanda sosial-iqtisadi böhranı, daxili siyasi ziddiyyətləri getdikcə kəskinləşdirəcək ki, bu da orada tezliklə sosial partlayış yaradacaqdır.
N.Paşinyan ona müxalif mövqedə dayanan şəxsləri davamlı şəkildə siyasi repressiyalara məruz qoyur. Dağlıq Qarabağda yaşayan ermənilərlə N.Paşinyan iqtidarı arasındakı ziddiyyətlər daha da mürəkkəbləşir. Bu bölgədəki ermənilər özlərini Ermənistanın həm keçmiş, həm də indiki hakimiyyətlərinin girovları hesab edirlər. Onların əksəriyyəti Ermənistan rəhbərliyinin "biz olmasaq, türklər sizi məhv edəcək” kimi iddialarının yalan və iftira olduğunu anlayır, əsl təhlükənin erməni millətçiliyindən irəli gəldiyini başa düşürlər. KİV-də və sosial şəbəkələrdəki çıxışlarında açıq şəkildə bildirirlər ki, əgər Ermənistan Azərbaycanın torpaqlarını işğal etməsəydi, Dağlıq Qarabağda yaşayan ermənilər rifah və sabitlik içində yaşayardılar. Buna görə də onların istəklərinə maneə olan ən böyük səbəb Ermənistanın işğalçılıq siyasətidir.
Dağlıq Qarabağda yaşayan sadə ermənilər Azərbaycan dövlətinin hərtərəfli inkişafına həsədlə yanaşırlar. Onların özləri də yaxşı bilir ki, N.Paşinyan hakimiyyətinin Azərbaycanla bağlı Ermənistan auditoriyası üçün yaydığı informasiyalar reallığı əks etdirmir və əsl həqiqətləri ermənilərdən gizlətmək məqsədi daşıyır. Prezident İlham Əliyevin sentyabrın 29-da "Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə” proqramına verdiyi müsahibədə dediyi kimi, "Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir”.
Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi də iflasa uğramışdır. Dünya ictimaiyyəti bilir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa zidd mövqe tutur. Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə beynəlxalq ictimai rəyin obyektiv şəkildə formalaşması istiqamətində Prezident İlham Əliyev məqsədyönlü siyasət aparır və bu sahədə mühüm uğurlar əldə edilir. Ermənistan rəhbərliyi cəbhə bölgəsində hərbi təxribatlar törədərkən çirkin niyyətini ört-basdır etmək üçün yaydığı dezinformasiyalarla və feyk xəbərlərlə ictimai rəyi çaşdırmağa çalışır ki, bu yaxınlarda onun bir daha şahidi olduq. Belə ki, bu il sentyabrın 27-də cəbhədə başlayan döyüşlər zamanı Ermənistanın qeyri-obyektiv və əsassız informasiyalar (guya, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin, xarici ölkələrdəki muzdlu silahlı dəstələrin Azərbaycan tərəfindən döyüş əməliyyatlarında iştirak etməsi və s.) yaymaqda əsas məqsədi ictimai rəydə Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaqdan və münaqişəyə üçüncü ölkələrin qoşulmasına çalışmaqdan ibarətdir. Təbii ki, Ermənistanın bu cür əsassız iddialarla beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri mənasızdır və artıq dünya ölkələri yaxşı bilirlər ki, Azərbaycan dövləti özünün ərazi bütövlüyündən heç vaxt imtina etməyəcək və nəyin bahasına olursa-olsun işğal edilmiş ərazilərini azad edəcəkdir. Buna görə də N.Paşinyanın Ermənistanda hökm sürən böhrandan və siyasi qarşıdurmalardan əhalinin diqqətini yayındırmaq üçün Azərbaycana qarşı informasiya təbliğatı aparmaqla nəyəsə nail olması qeyri-mümkündür.
Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm təsir göstərə biləcək beynəlxalq təşkilatlar və ölkələr hələ də "ikili standartlar” siyasəti aparmaqda davam edirlər. Onlar Azərbaycanın üzləşdiyi hərbi təcavüzün və etnik separatizmin qarşısının alınması üçün qətiyyətli mövqedən çıxış etmirlər. Münaqişə ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr, ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların qərarları və bəyannamələri indiyə qədər heç bir nəticə verməmişdir. Onların təcavüzkar Ermənistanla ərazisi işğal olunmuş Azərbaycana eyni mövqedən yanaşmaları məntiqə sığmır. Prezident İlham Əliyev bununla bağlı olaraq 2020-ci il oktyabrın 2-də "Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirmişdir: "Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir”.
Hazırda Ermənistanda əhali ağır mənəvi-psixoloji gərginlik şəraitində yaşayır, oradakı ictimai mühit inamsızlıq və pessimizmlə xarakterizə olunur. Ermənilər indi olduğu kimi, gələcəkdə də onları yaxşı günlərin gözləmədiyini başa düşürlər. Ermənistanda vətənpərvərlik əhvali-ruhiyyəsi yox dərəcəsindədir, hazırda ermənilərin tez-tələsik xarici dövlətlərə qaçmağa cəhd göstərmələri və hərbi xidmətdən kütləvi şəkildə yayınmaları dediklərimizi bir daha sübut edir. Daxili siyasi qarşıdurmalar, ağır sosial-iqtisadi problemlər, ermənilərin hərbi cəbhədəki uğursuzluqları Ermənistandakı mənəvi-psixoloji böhranı daha da dərinləşdirir.
Milli Ordumuzun qarşısında Ermənistan çox gücsüzdür, buna görə də N.Paşinyan hakimiyyəti hərbi cəbhədəki məğlubiyyətini ört-basdır etmək məqsədilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozub, mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə və sosial obyektlərə ağır artilleriya qurğuları, aviasiya və xüsusi raket sistemlərindən istifadə edilməklə atəş açmaq göstərişini verib özünə təsəlli tapmaq istəyir. Bu isə onu göstərir ki, Ermənistan mülki əhalinin müdafiəsi haqqında Konvensiya, Cenevrə konvensiyaları, BMT-nin Uşaq Hüquqları Konvensiyası və digər beynəlxalq sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edir. Azərbaycan Ordusu isə ermənilərdən fərqli olaraq döyüşləri mülki əhali arasında deyil, cəbhə xəttində aparır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun işğal edilmiş torpaqlarımızı bir-birinin ardınca azad etməsi nəticəsində tarixi ədalət bərpa olunur. Oktyabrın 4-də Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi xalqımızın həyatında böyük tarixi hadisə oldu.
Ermənistan hakimiyyəti nə qədər ki, gec deyil hərbi əməliyyatları dayandırmalı, Prezident İlham Əliyevin oktyabrın 4-də xalqa müraciəti zamanı irəli sürdüyü şərtləri yerinə yetirməlidir. Bu şərtlər Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq ölkəmizin ərazilərini tərk etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıması, xalqımızdan üzr istəməsi, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bildirməsi və işğal edilmiş ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması qrafikini Azərbaycana verməsindən ibarətdir.
Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini