"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cəbrayıl rayonu Hacı Qaraman ziyarətgahı

Ruhlar səltənətinin işığı 

(Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşən Hacı Qaraman  ziyarətgahı haqqında)

Nə vaxtsa çətinə düşəndə, hər hansı məsələnin həlli yolunu tapmayanda, o saat keçmişə əl atıram, yəni həyat üçün əsas kompas olan təcrübəyə. O zaman həyatın yoluma saldığı dolanbacları asanlıqla keçirəm. Bir sözlə, keçmiş olmasa, mən yaşaya bilmirəm. Neçə də yaşayım? Hələ ki gələcəkdən xəbər yox, indinin özündə isə  kələfi aça biləcək nə   üsul var, nə  də simsim. 

Keçmişimin enirji bloku və blokdan aldığım enerji bütün işlərimə, hətta yüz yaşıma qədər çatar və  hələ ondan o tərəfə də keçər.  Məni  nənəm, atam, anam - onların düşüncələrindəki inanclar, folklor belə öyrədib. Başlanğıc olan   bu enerji mənbəyi bütün zamanlarda   hayıma çatır, ən çətın bəlalardan   məni xilas eləyir. Nənəm deyirdi ki, nə danışsan və nə düşünsən o saat onu Allah baba eşidir. Ona görə də mən ən gözəl hissləri, düyğuları düşünürdüm.

Doğulub  boya - başa çatdığım İmişli   rayonunda   xeyli inanc yerləri var. Hələ uşaqkən bu yerləri ziyarət edər, ürəyimizdə gözəl arzular tutardıq ki, həyata keçsin. Seyid  Nəsihət ağanın, Seyid Aydın ağanın  ocağı, sonra Beyləqan rayonundakı Cərciz peyğəmbərin ziyarətgahı həmişə bizim el-obanın sığınacaq yeri olub. Bu yerləri ziyarət edəndən sonra  qara enerji duman kimi hisslərimizdən çəkilməyə başlayıb.

Biz tərəkəmə olduğumuza görə hər il Kəlbəcər, Laçın yaylaqlarına köçərdik. Yolumuz Qubadlıdan, Cəbrayıldan keçərdi. Yaxşı yadımdadır, köçümüz Cəbrayılın  Çələbilər   kəndində  Hacı Qaraman deyilən  bir ziyarətgahda əylənər,  hamı salavat cevirər, yasin oxuyar, balaca ağac kollarına  nəzir – niyazlarını bağlar, Allahdan ruzi - bərəkət, can sağlığı   arzulayardılar.  Bununla ürəyimiz soyumazdı. Köçümüz düz  üç dəfə   məzarın başına fırlanardı.  Mən balaca olsam da, kurqanın- təpənin üstünə yığılmış  daşlarda kiçik bir yazı axtarırdım. 

Hacı Qaramanın qəbir daşının  üzərindəkı  ərəb əlifbası ilə  yazılmış   yazıları oxuya bilməsəm də,  heç olmasa hərflərin səsini eşitmək istəyirdim.   Başqa daşlarda  oxuya biləcəyim  bir adı, tanıya biləcəyim  bir hərfi dördgözlə  gəzərdim. Tapa bilməzdim. Bəzən elə olurdu ki, yağış və dolunun, ildırımın, zamanın   amansız qırmanclarından gözümə hərfə oxşayan  bir “cız”  dəyərdi,   həmin  hərfi nəyinsə başlanğıcına və ya bir sirrin açarına oxşadıb xöşbəxt olardım.  Fermamızda məndən başqa oxuyub yaza bilən yox idi. Ona görə mənim hər tapdığım hərfə oxşayan xəttə zehnimi zillədikcə qadınlar çatılmış qaşıma baxıb bir az vahimə ilə heyrətlənərdilər. Anam qadınlara pışıldayırdı ki, Qəşəm hər şeyi bilironun başına dönüm.

Hacı Qaraman ocağı bizim üçün, təkçə bizim üçünmü, hamı üçün bir enerji bloku idi. Ziyarətdən sonra özümüzdə bir rahatlıq hiss edərdik. O saat anam uşaqlara baxıb deyərdi ki, bax, Hacı Qaramanı ziyarət etdik, bəniziniz üstünüzə gəldi. O kurqanun  bütün daşlarında dodaqlarımızın izi, əlimizin təması, dualarımızın əks – sədası qalıb. Sonra köçümüz Haçı Qaramanın ocağının başından  şərf kimi açılıb lap uzaqalara-  qapqara və zəhimli görünən qara buludlarının  altına - Laçına diklənərdi.

Mən hiss edirdim ki, yolumuz hamar, ruhumuz dopdolu, əhvalımız daha xoşdu. Çünki Hacı Qaraman ocağı bizə yeni bir enerji vermişdi. Bu enerji canımızdakı bütün qara magiyaları yuyub aparmışdı. Ruhumuzu ağırlıqdan xilas etmişdi. O ili yaylaqlarımızda bolluq olardı, ot dizə qədər qalxardı. Atlar kişnərdi, qoyun - quzu mələşərdi. Dağda toy – nişan edərdik. Fermanın  yaşılıları deyərdi ki, bütün bunlar Hacı Qaraman ocağının möçüzəsidir, insanlara töhfəsidir. 

Yenə el dağdan qayıdanda Hacı Qaraman ocağının başında iki saat dayanardıq. Kurqanın başına üç dəfə dolanardıq. Nəzir – niyaz verib arzularımızın həyata keçməsini  o böyük Allahdan dilərdik. Bir dəfə  atam   ziyarətgahda   elə beləcə  dedi: Qəşəm bu il instituta qəbul olunsun,  qurbanını Hacı Qaraman ocağında kəsəcəm. O zaman bədənimdən bir gizilti keçdi. Canım uyuşub açıldı. Elə bil məni nəsə silkələdi. Sonra canıma ilıq, yumşaq bir istilik gəldi və mən ali məktəbə daxil olacağıma yüz faiz inandım.  Düşüncəmdəki narahatcılıqlar, ağrı- acılar, şübhələr yuyulub getdi.

Bəli, həmin ili ali məktəbə daxil oldum, atam qurbanımı  Hacı Qaramanda kəsdi. Anam yenə bir qurban qoydu: gün o gün  olsun ki, Qəşəmin  ilk şeirlər kitabı çap olunsun,  qurbanını burda kəsək. Sonra işimə, oğluma, qızıma qurban qoydu. Və o qurbanların hamısı qəbul  olundu.  Təkçə mən yox,   bu müqəddəs oçağa üz tutanların hamısı şəfa tapır, niyət etdiyi arzulara qovuşurdular.

Hacı Qaraman ocağı təkçə bizim kənddə yox, ətraf rayonlarda, bütün  Azərbaycanda, ümumən Şərq  ölkələrdində geniş  tanınır. Bəs bu ocağın  sirri nədədir? Buradakı enerji bir günün, yüz günün, bir əsrin işi deyildi, onun arxasında   böyük fitri təlim, Allah eşqi,  güçlü ruh silsiləsi  və sufi bir universitet dayanırdı.

Tarixə qısaca  nəzər salaq: Ziyarətgah  Türkiyənin Diyarbəkir əyalətində doğulan çələbilərin adlı – sanlı başçılarından  olan  Hacı Qaraman Çələbinin qəbridir.  O,  dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini- mədrəsə təhsili alıb.  

Hacı Qaraman Çələbi 677-ci ildə dünyaya  göz açıb. Künyəsi Əbu- Məhəmməd, ləqəbi Zeynalabidin olan 4 -cü İmam Əli Hüseynin   oğul nəvəsidir. O, 16-cı əsrin sonu 17-ci əsrin əvvəllərində İslamı irşad etmək üçün Diyarbəkirdən Azərbaycana – Qarabağa göndərilib.   O, Cəbrayıl   rayonu ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Musus kəndləri arasındakı yerdə özünə məskən  salmış, sonralar Çələbilər kəndinə köçmüşdür.  Hacı Qaraman Cəbrayıl zonasından olan Güləhmədin qızı Yetərlə evlənmiş və bu torpaqda  böyük irşad işi aparmış, çoxlu kəramətlər göstərdiyinə görə  “Xızır” ləqəbi almışdır. Hacı Qaramanın  dəfn edildiyi məzar sonralar ocaq kimi müqəddəs olmuşdur. Çələbilər kəndindəki məsçid   Hacı Qaraman tərəfindən  inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz  türklərindən olan Qaraman tayfasından götürülmüşdür.

7- ci törəməsi olan  Şıx Hacı Qasım Çələbi onun irşad  işlərini   yüksək səviyyədə davam etirmişdir. Bu gunki çələbilər onun törəməsidir. “Çələbi” sözü dünyəvi dini  termin olub Allahı sevən  şair, bilici mənasını verir.

Bu, çox  qısa, bəlkə də bir abzasa çıxan tərcümeyi – haldır. Bir nəfəsə də oxumaq olur. Amma burda neçə əsrlərin  küləkləri səssiz – səmirsiz  yatır. Hacı Qaramanın sufi həyatı doğulduğu və öldüyü tarixlə deyil, hələ ondan neçə əsr qabaq başlamış və özündən sonra neçə əsr  davam edən və indən belə də edəcək  böyük bir Allah eşqdir.

Hacı Qaraman və onun nəsil səcərəsi bir sistem halında daim  ürfan   yolunu tutmuş, sufi düşüncələri ilə mənfi enerjiləri qovaraq insanları saflaşmağa, təmizlənməyə, ruhi azadlığa   çağırmışdır. Əsrlər boyu beyinlərə işləyən  bu sistem insan ruhunu daim paklaşdırmağa xidmət etmiş və etməkdədir.

Bu sistem bir adamın işi deyil, bütövlükdə ruhlar səltənənətinin bəşəriyyətin yolunda açdığı bir nur yoludur. Çələbilər zaman – zaman  bu yolu maneələrdən təmizləmiş, sufilikdən bir elm yarada bilmişlər.

Hacı Qaramanın ruh elmi Azərbaycanda tolerantlıq ənənəsinin davamı və inkişafı  kimi bu günün özündə də  müxtəlif xalqalara öz qapısını açır.  Bu tolerantlıq  Rumi   fəlsəfəsindən başlanğıc götürür və bütün insanları Allah qarşısında bərabər sayır. Ruh səltənətinin   təcrübəsi insanı naqis niyətlərdən təmizləyir, insana səbr, dözüm, xoş əhval- ruhiyyə bəxş edir.

Sonrakı illərdə  Hacı Qaraman ocağına xeyli ziyrətlərim oldu. Övladlarımın hər birinin adına  Hacı Qaramanda qurban kəsdim və  o böyük Allaha dualar etdim. Duaların kəramətini  həyatımda hiss edirdim. Və fəxr edirdim  ki, nə yaxşı Azərbaycanda  belə bir ziyarətgah var və ruhlar səltənəti öz nurunu  böyük şövqlə bu torpağa bəxş edir. Hacı Qaraman ocağını bizə   ərmağan  etməklə  o böyük Allah torpağımıza öz lütfünü göstərib. Orası da var ki, Hacı Qaramanın ruhu Azərbaycan kimi bərəkətli, işıqlı  bir torpağı seçə bilərdi və seçdi də. 

Hacı Qaraman ocağı sadəcə mistik, şəfaverici bir ocaq deyil, o elm, mədrəsə məbədidir. İnsan onu ziyarət edəndə  dərk edə bilmədiyi sirlərə vaqif olur.  Dərin əsrlərə baş vurur, şəriət, mərifət, təriqət, həqiqət etaplarını adlayır. Allahın varlığını düşüncələrində hiss eləyir. Hacı Qaraman enerjisi  tək Azərbaycanda deyil, bütün dünyada  məşhurdur. Dilindən, dinindən, irqindən asılı olmayaraq, o bütün insanlara bərabərlik, birlik, sağlamlıq əta eləyir. Sankı o böyük Allah - Təala bu ocaqları   insanlara bir həyan kimi göndərib. İnsanlar darıxanda, özlərini tək – tənha hiss eləyəndə bu ocağa baş qoysunlar və Allahın dərkinə qovuşsunlar, sonra özlərini səfərbər edib həyat yollarına davam etsinlər. 

Hacı Qaraman nəsli Sarı Aşıqdan tutmuş, Seyid Nigariyə qədər bütöv bir ruh sistemidir. Necə əsrlərdir bu insanlar  Allah aşıqləridir. Əsrlərlə onlar  cəhaləti, xurafatı Allah yolundan  təmizləmiş və gələcək üçün bir Allah, iman, din, birlik yolu qoyub getmişlər və indi biz həmin yolda Allahın  nurundan kiçicik bir hissəni  könlümüzə çəkirik. Hacı Qaraman  elmi Füzuli, Nəsimi ilə birləşir. Harda Sufizim varsa,  həmişə onun qanadları nəzm olmuşdur. Hacı Qaraman sirli Xudanın qapılaını böyük şövqlə  üzümüzə qəzəllə  açır. Bizi dünya qəmindən halı edir. Hacı Qaraman səltənəti  dünyəvi  bir   elmdir. Nəsiminin “Dünya duracaq yer deyil, ey can, səfər eylə” misrasındakı həqiqət onun sufi fəlsəfəsinə qovuşur. Hacı Qaraman ruh elmi Hind fəlsəfəsi ilə xususən Buddizmin dini fəlsəfi təlimi  ilə birləşir. Bu onu göstərir ki, Hacı Qaraman çələbilərinin  ruhlarl səltənəti  dünya birliyinin, tolerantlığının  əsasıdır.

Mən həmişə  Hacı Qaraman ocağını  ziyrət edəndə gözlərim dolurdu. Mamırlı daşlar, cır ağac kolları əsən küləyə baş söykəyərək mənə uzaq əsrlərdən nəyisə xəbərləyirdi. Külək isə hey vıyıldayır, ruhumu kaman kimi dilləndirirdi. Bir anda hər şey susur, hər şey eşidlməz olurdu. İlıq bir təbəssüm məni bürüyür, ruhum dincəlirdi. Ruhlar səltənəti mənə xoş gəldin- deyirdi. Və mən xöşbəxt olurdum. 

Sonra başqa küləklər əsdi: Əsasən siyasi küləklər. Biz Hacı Qaraman ziyarətgahından  uzaq düşdük. Cəbrayıl ermənilər tərəfindən işğal olundu.

Azərbaycan  öz müstəqilliyini bərpa edəndan sonra Ulu Öndərimiz  Heydər Əliyev xalqımızın inancına, onun ziyarətgahlarına: Bibiheybət məscidinə, Mirmövsüm Ağa  ziyarətgahına   böyük diqqət yetirdi, həmin   ziyarətgahların binasını  yenidən təmir etdirdi, yeni məscidlər tikdirdi, dini ayinlərin ölkəmizdə geniş keçirilməsi üçün lazımı şərait yaratdı. Amma Hacı Qaraman   ocağı erməni işğalında olduğu üçün ona nə əlimiz çatdı, nə ünümüz yetdi. 

Hacı Qaramanın  nəsil  səcərəsi   öncədən görmə  kəramətləri  ilə el – obanı həmişə  heyrətləndirib.  Onun   sonrakı nəslindən olan çələbilər  Azərbaycanda Sovet hakimiyyətnin  qurulmasını və 70 ildən sonra  sona yetəcəyini  demişdilər. Cəbrayılıların  ahıl adamlarından öyrəndiyim  bir xəbər də    məni çox  sevindirdi. Çələbilər erməni işğalını  da öncədən demişdilər və bu işğalın tezliklə sona yetəcəyini də deyirlər.  

Mən bu sətirləri  yazarkən  görəsən ruhlar səltənəti  məni duyurmu? Yazdıqça içimdə oxuduğum sözləri eşidirmi?  Eşidirsə, yəqin məzar üstündəki  daşlar küləyi daha sürətlə  oxudur, mamırlar çiçəkləyir.

O ziyarət üçün, o daşlar üçün  bu saat elə darıxaram, elə darıxarm ki,  üzümü  o daşlara söykəsəm, o sirli Xudanın təbəssümünü duya bilsəm, bütün dünyanı o an köksümün altında hiss edərəm. 

Mən də  bir küləyəm indi, əsirəm Cəbrayıla, üzü  Hacı Qaramana sarı. Ölkəmizdən, eləcə də bütün dünyadan, o cümlədən Türkiyənin İstanbul şəhərində  532- ci   ildə inşa edilən   Ayasofyadan  qalxan   əzan səsləri  sənə gəlir, Hacı Qaraman ocağı, ruhlar səltənətinin başına dövrə vurur. Mən də gəlirəm, sənin ziyarətinə, bir qoç qurban demişəm, gəlirəm onu kəsməyə.

calendar 17-09-2020, 15:46 eye 3 643 eye Paylaş