"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ermənistanın növbəti həyasızlığı

Bu yaxınlarda ictimaiyyət üçün açıqlanan Ermənistanın "yeni milli təhlükəsizlik strategiyası” ilə bağlı sənəd bu ölkənin işğalçı mahiyyətini və erməni xislətini bir daha nümayiş etdirmişdir. Məlum olur ki, bu sənəd həm hazırlanması formatına, həm də milli təhlükəsizliklə bağlı məsələlərə mifik erməni tarixindən yanaşıldığına görə qüsurlu və ziddiyyətli xarakter daşıyır.
Sənədin giriş hissəsində Ermənistanın baş naziri N.Paşinyan qondarma erməni tarixinə və "soyqırımı”na istinadlar edir, ermənilərin qonşu dövlətlərə qarşı ərazi iddialarına bəraət qazandırmağa çalışır, "məxməri inqilab” vasitəsilə hakimiyyəti ələ keçirdikdən sonra guya Ermənistanın həyat tərzinin dəyişdiyini bildirir.
Beynəlxalq praktikaya görə, bu cür sənədlərdə hakimiyyətdə olan hansısa siyasi qüvvə təbliğ edilmir və orada dövlətin ümumi, uzunmüddətli təhlükəsizliklə bağlı baxışları öz əksini tapır. N.Paşinyanın yanaşması isə belə bir ənənənin əsasını qoyur ki, Ermənistanda hakimiyyətlər dəyişdikcə iqtidara gələn qüvvələrin hər biri "milli təhlükəsizlik strategiyası” adı altında özlərinin siyasi partiya və yaxud fraksiya maraqlarından çıxış edərək korporativ təbliğatla məşğul olacaqlar.
Ermənistanın milli təhlükəsizlik strategiyasında şovinist, ksenofob və irqçi baxışlar, erməni xalqının "böyüklüyü”, onun digər xalqlardan "üstün olması” kimi faşizmi təbliğ edən iddialar özünü açıq şəkildə büruzə verir. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri və problemin həlli istiqamətində aparılan danışıqların mahiyyəti saxta arqumentlərlə təhrif edilir. Bir daha aydın olur ki, Ermənistan yeni "strategiyasında” BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrindəki tələblərə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi prinsiplər çərçivəsində həlli ilə bağlı ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumların qəbul etdikləri sənədlərə laqeyd münasibət göstərir.
N.Paşinyanın "strategiyasında” Dağlıq Qarabağdakı qondarma qurumun öz müqəddəratını təyinetmə hüququnun qeyd-şərtsiz tanınması iddiasının irəli sürülməsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını ört-basdır etmək məqsədi daşıyır.
Beynəlxalq hüquqi normalardan yanaşsaq görərik ki, öz müqəddəratını təyinetmə prinsipi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid edilə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Bütövlükdə Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik”. Buna görə də Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmağa və Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında Azərbaycanı günahlandırmağa çalışması mənasızdır. Çünki Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin mahiyyətinin beynəlxalq səviyyədə ifşa olunması istiqamətində Prezident
İlham Əliyev məqsədyönlü siyasət aparır, dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri ilə bağlı əsl həqiqətlərlə tanışdır. Buna bariz nümunə kimi, 2019-cu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı toplantısında, həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında, 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın qətiyyətli mövqeyini ifadə edən çıxışlarını göstərmək olar. Azərbaycan Prezidenti münaqişənin yaranması səbəbləri və onun aradan qaldırılması ilə bağlı aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu, işğalçılıq siyasətini davam etdirdiyini tutarlı faktlarla göstərmiş, N.Paşinyanın iddialarının əsassızlığını sübut edərək onu miskin siyasi vəziyyətə salmışdır.
Sənəddə guya Azərbaycanda ermənifobiyanın olduğu bildirilir, ermənilərə qarşı uydurma qırğınların həyata keçirilməsindən danışılır. Amma əsl reallıq isə bundan ibarətdir ki, Ermənistan tarixən azərbaycanlıları etnik təmizləməyə və deportasiyaya məruz qoymuşdur. Hazırda Azərbaycanın 20 faiz ərazisini Ermənistan işğal altında saxlayır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri ermənilər tərəfindən yerlə-yeksan edilmiş, günahsız dinc əhaliyə, o cümlədən uşaqlara, qocalara, qadınlara divan tutularaq soyqırımı həyata keçirilmişdir. Erməni millətçilərinin insanlıqla bir araya sığmayan mürtəce faşist mahiyyəti Xocalı soyqırımında bütün çılpaqlığı ilə ortaya çıxır. Bütün bunlar Ermənistanda azərbaycanfobiyanın hökm sürdüyünü və xalqımıza qarşı nifrət hissinin aşılandığını göstərir.
Strategiyadan məlum olur ki, Ermənistan regionda sülhün və sabitliyin təmin olunmasında maraqlı deyil, qeyri-konstruktiv mövqe tutub qonşu dövlətlərlə münasibətləri daim gərginləşdirməyə çalışır. Sənəddə qondarma "erməni soyqırımı”na istinad olunmaqla Türkiyəyə qarşı ittihamlar da irəli sürülür ki, bunun əsas səbəblərindən biri Türkiyənin beynəlxalq hüquqdan çıxış edərək, Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməyə çağırması, beynəlxalq təşkilatlar və xarici dövlətlərlə ikitərəfli münasibətlər çərçivəsində ölkəmizin ədalətli mövqeyini müdafiə etməsi ilə bağlıdır.
Sənəddə Ermənistanın millətlərarası və sivilizasiyalararası dialoqu dəstəkləməsi kimi iddiaların özünə yer tapması reallıqdan çox uzaqdır. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmış, xalqımızın mədəni-tarixi, dini abidələrini dağıtmış, mənimsəmiş Ermənistanda tolerant mühitin olduğunu bildirmək heç bir məntiqə sığmır. Yeni strategiyada əvvəlkindən fərqli olaraq erməni kilsəsinin funksiyaları genişləndirilir və onun üzərinə yeni missiyalar qoyulur. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, əvvəlki "strategiya”da erməniçiliyin yayılmasının xüsusi lokomotivi kimi yalnız erməni apostol kilsəsinin adı göstərilirdisə, yeni sənəddə bu siyahıya erməni katolik kilsəsi və erməni lüteran kilsəsi də əlavə edilmişdir. Strategiyada qeyd olunur ki, Ermənistan cəmiyyətində zorakılıq və ksenofobiyaya yer yoxdur. Halbuki Qafqaz regionunda yeganə mono-etnik ölkə olan və millətçi siyasət aparan Ermənistan multikultural dəyərlərdən nəinki uzaqdır, hətta dünya mədəniyyəti irsinə ciddi təhlükədir. Qaniçən, şovinist Qaregin Njdenin timsalında faşizmi təbliğ edən Ermənistandan başqa nə gözləmək olar ki?!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”, "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” və "Yerli əhəmiyyətli daşınmaz tarixi mədəniyyət abidələrinin siyahısı”na əsasən, dövlət qeydiyyatına görə, Azərbaycanın işğal olunmuş ərazilərində xalqımızın tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Əslində, bu siyahıya düşməyən, xalqımızın Qarabağdakı varlığını, milli kimliyimizi özündə daşıyan minlərlə tarixi abidə olmuşdur. Bəzi məlumatlara görə, dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıqdır, beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarcadır, qəbiristanlıqların sayı isə 900-dən çoxdur. İşğal altındakı torpaqlarımızda tarixi-dini abidələrin təqribi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır.
Qeyd edək ki, xalqımızın dini-tarixi abidələrinə qarşı Ermənistanın təcavüzü müxtəlif istiqamətlər üzrə həyata keçirilir. Milli mənsubiyyəti və qədim tarixi, dini ənənələri özündə əks etdirən abidələr tamamilə uçurulur. Ermənilər İrəvandakı "Göy məscid”in və Şuşadakı "Yuxarı Gövhər ağa” məscidinin arxitektur xüsusiyyətlərini dəyişdirərək onları İran abidələri kimi qələmə verirlər. Burada əsas məqsəd azərbaycanlıların minilliklər ərzində yaşadıqları torpaqlarla bağlı tarixi keçmişini, mənəvi yaddaşını məhv etməkdir. Ermənilər İrəvanda "Şah Abbas” məscidi, "Buğakar”, "Ağadədə” ziyarətgahları kimi çoxsaylı müqəddəs yerləri uçurmuş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonda "Aşağı Gövhər Ağa” məscidi, Ağdam Cümə məscidi, "Ağoğlan” məbədi, "Xudavəng” məbədi, "Tatev” məbədi, "Gəncəsər” məbədi və s. dağıtmış, yaxud erməniləşdirib-qriqoryanlaşdırmışdır.
Azərbaycanın işğal edilmiş ərazilərindəki ilk insan məskənlərindən olan Azıx və Tağlar mağaralarından, Qaraköpək və Üzərliktəpə kurqanlarından Ermənistan hərbi məqsədlər üçün istifadə edərək onları qəsdən dağıdır. Ermənilər Azıx mağarasında beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq arxeoloji qazıntılar həyata keçirir, qarət etdikləri tapıntıları İrəvana daşıyırlar. İşğal altında qalan torpaqlarımızdakı insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan və separatçı Dağlıq Qaradağ rejimi məsuliyyət daşıyır. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması və yerli toponimləri məqsədli şəkildə dəyişdirməsi "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.
Təəssüf ki, beynəlxalq güc mərkəzlərinin apardığı "ikili standartlar” siyasəti Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidən əsas səbəblərdən biridir və bu hal Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə, hərbi təxribatlar törətməsinə rəvac verir. 2020-ci il iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozaraq təxribata əl atdığını buna misal göstərmək olar. Azərbaycan Ordusu həmin vaxt Ermənistanın mənfur niyyətinin qarşısını aldı, sarsıdıcı atəş zərbələri endirərək düşmənin xeyli sayda hərbi canlı qüvvəsini, döyüş və nəqliyyat texnikasını, mühüm obyektlərini məhv etdi. Döyüşlərdə düşmənlə böyük fədakarlıqla vuruşan hərbçilərimizdən qəhrəmancasına şəhid olanlar da oldu, lakin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Milli Ordumuz onların intiqamını aldı. Azərbaycan Ordusu döyüş əməliyyatları zamanı düşmənin üzərində şanlı qələbə qazanaraq, öz peşəkarlığını və üstünlüyünü, dövlətimizin hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Ermənistan bir daha gördü ki, onun Azərbaycanla açıq döyüşdə qələbə qazanması qeyri-mümkündür. İyulun 12-də Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməyə başlaması Türkiyə, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna kimi dövlətlər, bəzi ölkələrin qanunvericilik orqanları, rəsmi nümayəndələri tərəfindən pislənildi, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM və s. qurumlar Azərbaycana beynəlxalq dəstək verdilər və Ermənistanın təxribatı bu ölkə üçün bumeranq effekti yaratdı.
Ermənistanın işğal etdiyi ərazilərin müvəqqəti olaraq Azərbaycan Respublikasının hakimiyyət orqanlarının nəzarətindən kənarda qalması yalnız milli deyil, həm də regional təhlükəsizliyə mənfi təsir göstərir. Ermənistanın ölkəmizin torpaqlarının bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində zəbt etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən Azərbaycan beynəlxalq hüquq norma və prinsiplərə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. Bu məqsədlə Azərbaycan Ordusu gücləndirilir, onun maddi-texniki bazası möhkəmləndirilir, dost və qardaş ölkələrlə hərbi-siyasi münasibətlər inkişaf etdirilir. Bunun nəticəsidir ki, nüfuzlu "Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının 2020-ci il üzrə "Ən güclü ordu” reytinqinə görə, Azərbaycan Ordusu dünyanın 138 dövlətinin orduları sırasında 64-cü yeri tutur. Siyahıda Gürcüstan 89-cu, Ermənistan isə 111-ci sıradadır. Azərbaycan Ordusu yalnız Cənubi Qafqazda deyil, həmçinin MDB məkanında lider mövqeyə malikdir. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq 2020-ci il iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin artırılması istiqamətində atılan mühüm addımlardan biridir.
Hazırda Ermənistanda və dünyanın müxtəlif ölkələrində yaşayan erməni siyasətçilərinin özləri belə KİV-də və sosial şəbəkələrdə açıq şəkildə etiraf edirlər ki, Ermənistan müstəqil və suveren dövlət deyil, vassal koloniyadır. Onların sözlərinə görə, iqtisadiyyatı başqa dövlətə məxsus, sərhədlərini başqa dövlətin qoruduğu Ermənistanı müstəqil dövlət adlandırmaq mümkün deyil. Buna görə də hərbi forpost olan Ermənistanı idarə edənlərin "müstəqil” Ermənistanın milli təhlükəsizliyi ilə bağlı hansısa strategiyasından danışmaları mənasızdır. Bu günlərdə N.Paşinyanın BBC-nin "HARD Talk” proqramına verdiyi müsahibə indiki Ermənistan rəhbərliyinin bədnam və bərbad siyasətinin məğzini bir daha aydın şəkildə göstərdi. Miflər və nağıllar üzərində özünə tarix yaradan, xəstəlik səviyyəsində millətçiliyə yoluxmuş və yoluxdurulmuş bu xalqın aqibəti məhz bu cür "liderlər” sayəsində acınacaqlı olacaqdır. Tarix dəfələrlə sübut etmişdir ki, şovinist, faşist, qatı millətçi azarı xalqlar üçün faciələrə gətirib çıxarır. N.Paşinyan öz sələflərinin səhvlərindən, ermənilərin tarixdəki yanlışlarından ibrət götürməmişdir və bu onun təqdim etdiyi "sənəd”də və çıxışlarında aydın formada görünür.
N.Paşinyan hakimiyyəti Ermənistanda əhalinin diqqətini üzləşdiyi böhrandan, qarşıdurmalardan və anarxiyadan yayındırmaq üçün milli təhlükəsizlik strategiyası adı altında ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır ki, bu da mümkün deyil. Hazırda Ermənistan işğalçı və şovinist siyasət aparmaqla beynəlxalq və regional təhlükəsizlik, bölgədə sülhün və sabitliyin təmin olunması üçün ciddi təhdid yaradır. Ermənistan tarixi saxtalaşdırmaq şousundan, ölkəmizə qarşı əsassız ərazi iddialarından əl çəkməli, beynəlxalq hüquqi tələbləri yerinə yetirərək işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir. Prezident İlham Əliyevin dediyi kimi, "Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir”.
 
Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini
"Azərbaycan" qəzeti

calendar 19-08-2020, 10:27 eye 814 eye Paylaş