"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Azərbaycan xalqı dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınır. Tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, xalqımız özünün mənəvi dəyərlərini qoruyub saxlamış, ona ən qiymətli sərvəti kimi yanaşmışdır.Milli-mənəvi dəyərlər ictimai şüurun formalaşmasında və vətəndaş həmrəyliyinin təmin olunmasında mühüm rol oynayır. Xalqımız tarixin ən keşməkeşli mərhələlərində belə milli-mənəvi dəyərlərini qoruyaraq onlara sadiq olmuşdur. Keçmiş sovetlər ittifaqı dövründə hakim ideologiyanın qadağalarına rəğmən milli-mənəvi dəyərlərimiz müəyyən inkişaf yolu keçmişdir.Xalqımızın milli-mənəvi dəyərləri qədim tarixə malikdir. Azərbaycan şifahi xalq ədəbiyyatında ailəyə hörmət, vətəni sevmək, qonaqpərvərlik, başqasına yardım göstərmək, müxtəlif dini inanclara hörmətlə yanaşmaq kimi keyfiyyətlər təbliğ olunur. Atalar sözləri, bayatılar, dastanlar, rəvayətlər və digər janrlarda milli-mənəvi dəyərlərlə bağlı fikirlər irəli sürülür. Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud” dastanında xalqımızın zəngin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri, inancları, eləcə də məişətinin xüsusiyyətləri öz əksini tapmışdır. Eposda milli adət-ənənələrin qorunub saxlanılması, vətəninə layiq, düşmənə qarşı mübarizədə igidlik göstərən gənclərin tərbiyə olunması məsələlərinə geniş yer verilmişdir. Dastanda sağlam ailə münasibətləri tərənnüm edilir, ailənin möhkəmliyinin və nəslin davamlı şəkildə artması nəticəsində xalqın qüdrəti və gücünün yenilməz olduğu göstərilir. "Kitabi-Dədə Qorqud”da ağsaqqal sözü uca tutulur, oğuz igidləri səfərə getməmişdən qabaq onunla məsləhətləşirlər. Dastanda qopuza qəhrəmanlıq ruhu yaradan vasitə kimi baxılır və ona hörmət milli-etnik ənənə hesab olunur.Qədim dövr Azərbaycan ədəbiyyatında, incəsənətində və fəlsəfəsində milli-mənəvi dəyərlər özünün bədii-estetik, fəlsəfi ifadəsini tapmış, doğma yurda, adət-ənənələrə bağlılıq obrazlı, poetik şəkildə ifadə olunmuşdur. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığında humanist və ümumbəşəri dəyərlər mühüm yer tutur. Qeyd edək ki, milli-mənəvi dəyərlərə hörmət xalqımızın tolerant xarakter daşıyan həyat tərzi ilə bağlı olmuşdur. Qədim və orta əsrlərə aid olan ədəbi, fəlsəfi əsərlər, incəsənət nümunələri multikultural baxışlarla, irqi, milli və dini ayrı-seçkiliyi rədd edən, insanları birliyə və humanizmə çağıran ideyalarla zəngindir.XIX əsr Azərbaycan maarifçilərinin ictimai-siyasi fikirlərində xalqımızın milli-mənəvi dəyərlərinin əhəmiyyətinə geniş yer verilmiş, milli ideya kimi istifadə olunan azərbaycançılıq anlayışı əsasən vətənçilik mənasında işlədilsə də, onun elmi-nəzəri və praktiki əsasları hələ formalaşmamışdı. Maarifçilər azərbaycançılığa ana dilinin, milli-tarixi irsin və mənəvi dəyərlərin inkişafını nəzərdə tutan, insanlara vətənpərvərlik hissi aşılayan dəyər kimi baxırdılar. Həmin dövrdə tərəqqipərvər ziyalılarımız ictimai-siyasi şəraitin təsiri altında yeni siyasi tələblərlə çıxış edir, dövlət müstəqilliyi ideyasını irəli sürürdülər. Azərbaycançılıq məfkurəsi 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə özünün tarixi təcəssümünü, təsdiqini tapdı. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra kommunizm ideologiyasının qadağaları və keçmiş SSRİ-nin milli münasibətlər sahəsində həyata keçirdiyi siyasət azərbaycançılıq ideyasını sıxışdırmağa başladı.Xalqımızın inkişafında oynadığı əhəmiyyətli roluna, dünya mədəniyyətinin zənginləşməsi üçün verdiyi töhfələrə, vətəndaş həmrəyliyinin təmin olunmasında kommunikativ funksiya yerinə yetirdiyinə görə milli-mənəvi dəyərlərin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Qeyd edək ki, hələ sovet dövründə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində milli-mənəvi dəyərlərimizin zənginləşməsi istiqamətində mühüm addımlar atılmış, xalqımızın bədii irsi, mədəniyyəti, incəsənəti və ana dilinin inkişafı üçün yeni mərhələnin bünövrəsi qoyulmuşdur. Həmin dövrdə respublikamızda milli özünüdərk hissi güclənmiş, milli kimlik və düşüncə sistemi ilə bağlı baxışlar formalaşmışdır. Adət-ənənələrlə müasirlik arasındakı mənəvi-ideoloji bağlılıq milli mənlik şüurunun inkişafına mühüm təsir göstərmişdir. Milli-mənəvi dəyərlər zənginləşmiş, humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, xalqımızın azadlıq istəyini təcəssüm etdirən əsərlər siyasi-ideoloji hücumlardan qorunmuşdur.Heydər Əliyev azərbaycançılıq məfkurəsinin ictimai fikirdə özünə mühüm yer tutması istiqamətində prinsipial fəaliyyət göstərmiş, xalqımızın tarixi, dili, ədəbiyyatı və mədəniyyətinin hərtərəfli şəkildə, dərindən öyrənilməsi sahəsində nailiyyətlər əldə edilmiş, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılmışdır. Kommunizm ideologiyasının qoyduğu məhdudiyyətlərə baxmayaraq, milli-mənəvi dəyərlərin tərkib hissələrindən olan ana dilinin inkişaf etdirilməsi sahəsində mühüm işlər görülmüşdür. Heydər Əliyev milli-mənəvi dəyərləri təbliğ etmək üçün, ilk növbədə, xalqımızın öz ana dilini sevməsinin vacib olduğunu nəzərə almışdır. Bu məqsədlə 1974-cü ildə ali məktəb tələbələri üçün hazırlanmış dördcildlik "Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görülmüş, Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilmişdir. Həmin dövrdə Heydər Əliyev milli-mənəvi dəyərlərin ictimai həyatda özünə mühüm yer tutması üçün əlverişli ictimai-siyasi, elmi-mənəvi mühit formalaşdırmışdır. Azərbaycanın görkəmli yazıçıları və mədəniyyət xadimlərinin yaradılmış şəraitdən bəhrələnərək ərsəyə gətirdikləri əsərlər gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşımışdır.SSRİ-nin süqutundan sonra postsovet məkanında, o cümlədən Azərbaycanda ümumi mülkiyyətə əsaslanan iqtisadi münasibətlər, birpartiyalı siyasi sistem tənəzzülə uğradı. Milli-mənəvi dəyərlərlə bağlı ictimai şüurda formalaşmış stereotiplər yeni ictimai-siyasi sistemdən irəli gələn xüsusiyyətlərlə qarşılaşdı. 1990-cı ilin əvvəllərində Azərbaycanda gedən ziddiyyətli və mürəkkəb proseslər, ictimai şüurun inkişafında varislik prinsipinin pozulması milli-mənəvi dəyərlərə mənfi təsir göstərməyə başladı. Respublikamızda kommunizm ideologiyasından imtina edilsə də, xalqı öz ətrafında səfərbər edən, milli-mənəvi dəyərləri qoruyub saxlamaq və inkişaf etdirmək qabiliyyətinə malik olan milli ideya irəli sürülmədi. "Keçmişə aiddir” deyərək elmi, intellektual, mənəvi, ictimai dəyərlərdən imtina cəhdləri Azərbaycanda ciddi ideoloji boşluq yaratdı.1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin inkişafında dönüş mərhələsi başladı, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlərin bünövrəsi qoyuldu. Milli mənlik şüuru inkişaf etdi, xalqımızın öz tarixini, milli-mənəvi dəyərlərini və soykökünü dərindən öyrənməsi, azərbaycançılıq məfkurəsinin inkişafı üçün əlverişli şərait yarandı, ziyalılar, elm, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri milli ideya ətrafında səfərbər edildi. Ümummilli Lider milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan mütərəqqi dini dəyərlərin cəmiyyətdə özünə mühüm yer tutması üçün məqsədyönlü siyasət həyata keçirməyə başladı. Heydər Əliyev ölkəmizdə dini dəyərlərin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətləridir”. Heydər Əliyevin 2001-ci il 21 iyun tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasında və s. mühüm hadisə oldu. Adət-ənənələrin qorunması, xüsusilə sovet dövründə dağıdılmış islam mədəniyyəti nümunələrinin - məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası sahəsində gördüyü işlər Heydər Əliyevin milli-mənəvi dəyərlərə sadiqliyinin bariz sübutudur.Heydər Əliyev milli-mənəvi dəyərlərə zidd olan hallara qarşı həmişə barışmaz mövqe tutmuşdur. Cəmiyyətin mənəvi-əxlaqi sahədə gedən prosesləri ilə bağlı Ümummilli Liderin 2001-ci il 13 avqust tarixli bəyanatında qarşıya qoyulmuş məqsəd və vəzifələr mühüm əhəmiyyət daşıyır. Sənəddə mənəvi-əxlaqi dəyərlərə mənfi təsir edən meyillər, onların yaranma səbəbləri və aradan qaldırılması yolları göstərilmişdir. Ölkəmizdə yaradılmış demokratik şəraitdən, fikir və söz azadlığından sui-istifadə edilərək insanların şərəf və ləyaqətinin təhqir edilməsinin yolverilməzliyi, cəmiyyətin mənəvi həyatındakı xoşagəlməz halların aradan qaldırılmasının zəruriliyi sənəddə öz əksini tapmışdır. Heydər Əliyevin həmin bəyanatı verməsi bir sıra səbəblərdən irəli gəlirdi. Məlumdur ki, xalqımızın milli-mənəvi dəyərlərinin ümumbəşəri dəyərlər əsasında formalaşması sosio-mədəni ilkin şərtlər çərçivəsində baş verir ki, onların da içərisində ölkəmizin demokratik, hüquqi, dünyəvi dövlət olması xüsusi qeyd edilməlidir. Lakin demokratik şəraitin verdiyi sərbəstlik "ictimai rəy məni maraqlandırmır, özüm bilərəm nə edərəm” düşüncəsi ilə milli-mənəvi dəyərlərə zidd olan davranışlara bəraət qazandırılması kimi başa düşülməməlidir.Nəzərə alınmalıdır ki, milli-mənəvi dəyərlərə təsir göstərən mənfi meyillər əxlaqi motivlərdən doğan davranışlara, oradan isə əxlaqi tələbləri (insanlara, ailəyə, vətənə, təbiətə və s. münasibət) reallaşdıran əxlaqi münasibətlərə sirayət edə bilər. Bəzən əxlaqi azadlıq anlayışının mahiyyətini düzgün qiymətləndirməyənlər belə hesab edir ki, əgər fərd azaddırsa, o, istədiyi hərəkəti edərək, milli-mənəvi dəyərlərə münasibətini özü istədiyi şəkildə müəyyənləşdirə bilər. Lakin milli-mənəvi dəyərlərə bu cür yanaşma düzgün deyil. Qeyd edək ki, əxlaqi azadlıq dedikdə onu maksimalist mənada (yəni nə istəyirəm, onu da edə bilərəm) başa düşmək yanlışdır. Milli-mənəvi dəyərlərə hörmət etmək insanın ailə, cəmiyyət və dövlət qarşısında üzərinə düşən əxlaqi vəzifələrini dərk etməsi deməkdir. Əxlaqi məsuliyyətin əsas xüsusiyyətlərindən biri bundan ibarətdir ki, o, milli-mənəvi dəyərlərə hörmət edilməsi ilə bağlı insanlarda özünənəzarət və özünüqiymətləndirmə kimi keyfiyyətləri formalaşdırır. Əxlaqi münasibətlər sistemində əxlaqi məsuliyyət məsələsinə etinasız yanaşılması insanlar arasında birgəyaşayış normalarının zəifləməsinə gətirib çıxarardı. Buna görə də fəlsəfi-etik fikir tarixində "insanlığın inkişaf səviyyəsi əxlaqi məsuliyyətin dərəcəsi ilə ölçülür” tezisinin irəli sürülməsi təsadüfi deyildir.Heydər Əliyev milli-mənəvi dəyərlərə azərbaycançılıq ideyasının tərkib hissələrindən biri kimi yanaşmışdır. "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” deyən dahi öndər milli-mənəvi dəyərlərin inkişafını müstəqil dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qiymətləndirmişdir.Milli-mənəvi dəyərlərin inkişafında ədəbiyyat və incəsənət mühüm rol oynayır. Onlar insanların dünyagörüşünün formalaşmasında, ali əxlaqi dəyərlərin möhkəmlənməsində xüsusi yer tutur. Ədəbiyyat və incəsənət əsərlərindən kənar milli-mənəvi dəyərlərin zənginləşməsi, insanlarda özünütərbiyə və özünənəzarət hissinin formalaşması mümkün deyil. Bu əsərlər cəmiyyətin tərəqqisinə böyük stimul verir, milli-ədəbi irsin nəsillərdən-nəsillərə ötürülməsini təmin edən mühüm vasitələr kimi çıxış edir. Dövlət siyasətində mədəniyyət və incəsənətin xalqlar, millətlər arasında ən yaxşı ünsiyyət vasitəsi kimi əhəmiyyəti nəzərə alınır, onların inkişafına, təbliğinə xüsusi diqqət yetirilir. Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı soydaşlarımızla keçirdiyi görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq məfkurəsinə, milli-mənəvi dəyərlərə sadiq olmağı, xalqımızın adət-ənənələrini yaşatmağı tövsiyə edir və bununla bağlı bildirirdi: "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.Heydər Əliyev 1960-1970-ci illərdə olduğu kimi, Azərbaycanın müstəqilliyi dövründə də ana dilinin milli-mənəvi dəyər kimi inkişafı istiqamətində uğurlu siyasət aparmışdır. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlətimizin dilinin Azərbaycan dili olduğu təsbit edildi. Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il avqustun 9-da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar yaratmışdır.Milli-mənəvi dəyərlərin qorunaraq zənginləşməsi üçün gənclərin milli ruhda tərbiyə edilməsi vacib məsələlərdən biridir. Bununla bağlı Heydər Əliyev bildirmişdir: "Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər”. Hamıya məlumdur ki, ailədaxili tərbiyə milli-mənəvi dəyərlərin formalaşmasına təsir göstərən mühüm amillərdəndir. Bu dəyərlərə hörmət hissinin bünövrəsi insanın uşaqlıq, yeniyetməlik və gənclik yaşlarında qoyulur. Uşağın ilkin yaş dövrləri əsasən ailənin təsiri altında keçir. Əgər ailədə yüksək mənəvi-əxlaqi dəyərlər qorunursa, uşaqların əxlaqi şüuru və mənəvi dünyası düzgün istiqamətdə formalaşır. Uşaqlar valideynlərinin davranışlarından əxlaqi nümunələr götürür, onların milli-mənəvi dəyərlərə dair fikirlərini öyrənir. Heydər Əliyev milli-mənəvi dəyərlər sistemində ailənin rolunu daim yüksək qiymətləndirmiş, ona ülvi və müqəddəs dəyərlərin tərənnümçüsü kimi baxmış, milli genefondun saflığının qorunmasında ailəyə böyük əhəmiyyət vermişdir. Bütün bunlardan irəli gələrək Heydər Əliyevin 2006-cı il 6 fevral tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin mütərəqqi yolla inkişafını nəzərdə tutan siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycan Prezidentinin çoxsaylı fərman və sərəncamları, reallaşdırılan dövlət proqramları cəmiyyətin mənəvi kamilləşməsində, milli-mənəvi dəyərlərə yad təsirlərin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin milli mədəniyyətin və mənəvi dəyərlərin qorunması, onların gələcək gənc nəsillərə çatdırılması yönündə apardığı siyasət xalqımızın maraqlarına söykənir. Onun bu sahədəki xidmətləri Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, folkloruna və incəsənətinə yüksək qayğı, diqqət nümunəsidir. Bu istiqamətdə görülən işlər azərbaycançılıq ideyasının və milli-mənəvi dəyərlərin dünyada təbliğini nəzərdə tutan dövlət siyasətindən irəli gəlir.Milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə bağlılığın möhkəmlənməsi, adət-ənənələrin qorunması, Azərbaycan dilinin inkişafı, mədəni-tarixi abidələrin mühafizəsi, mənəvi irsin öyrənilməsi və s. məsələlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev milli-mənəvi dəyərlər əsasında ölkəmizin müasirləşməsini nəzərdə tutaraq bildirmişdir: "Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”.Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamları milli-mənəvi dəyərlərimizdən biri olan Azərbaycan dilinin inkişafı üçün böyük tarixi əhəmiyyət daşıyır. Ölkəmizdəki dini konfessiyaların fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, mənəvi dəyərlərin qorunması və inkişafı, bu sahəyə dövlət dəstəyinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Fondun xətti ilə dini maarifləndirmə işinin aparılması, dövlət-din münasibətlərinə dair proqramların həyata keçirilməsi və s. milli-mənəvi dəyərlərin inkişafına mühüm təsir göstərir.Milli-mənəvi dəyərlərin inkişafının əsasında varislik prinsipi dayanır ki, onun vasitəsilə keçmiş tarixi-mənəvi irsin gələcək nəsillərə çatdırılması mümkündür. Tarixi varislik əlaqəsi özündə mənəvi ünsiyyətin ən mühüm formalarını birləşdirir, ictimai şüurun bütün səviyyələrini əhatə edərək onun inkişafının mühüm tərəfi kimi çıxış edir. Obyektiv qanunlar əsasında inkişaf edən cəmiyyət daim yeniləşmələrin, uzun müddət ərzində qərarlaşmış stereotiplərin zamanın tələbi ilə dəyişikliklərə uğramasının, köhnə ilə yeninin, müasirliklə mühafizəkarlığın mübarizəsi məkanıdır. Milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan ənənələrlə müasirlik arasındakı qarşılıqlı təsirin öyrənilməsi həmişə aktuallıq kəsb etmişdir. Ənənələrin mahiyyəti onlara yalnız əsrlərlə toplanmış təcrübəni qorumaq qabiliyyətini deyil, həm də yeni şəraitə uyğunlaşmaq və zənginləşmək xüsusiyyətini verir. Milli-mənəvi dəyərlər ənənələr vasitəsilə kommunikativ funksiyasını yerinə yetirir ki, bu halda mənəvi təcrübənin nəsillərdən-nəsillərə ötürülməsi mümkün olur.Müasir cəmiyyətimizdə milli-mənəvi dəyərlərin mövcud vəziyyəti istər gündəlik həyatda, istərsə də elmi-nəzəri səviyyədə müzakirə olunan məsələlərdən biridir. Xalqımızın milli-mənəvi zənginliyinin dünyada təbliği ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycan dünya birliyində qədim tarixə, mədəniyyətə və zəngin milli-mənəvi dəyərlərə malik olan dövlət kimi tanınır. Mənəvi-əxlaqi sahədə gedən proseslərin tənzimlənməsi, ictimai şüurun xalqın maraqları çərçivəsində formalaşması üçün ardıcıl dövlət siyasəti həyata keçirilir. Dövlət tənzimləmə funksiyası vasitəsilə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında və zənginləşməsində xüsusi rol oynayır.Dünyada gedən qloballaşma prosesi milli-mənəvi dəyərlərin qorunmasını müasir dövrün aktual məsələlərindən birinə çevirmişdir. Azərbaycan dövləti qloballaşmanın milli irs və adət-ənənələrimiz üçün yaratdığı təhdidlərin qarşısını qətiyyətlə alır. Qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yalnız dövlətin üzərinə düşən məsuliyyət deyil, həm də bütün vətəndaşların konstitusion vəzifələrindəndir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, "Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir”.Ölkəmizdə mövcud olan tolerant mühit, dinlərarası dialoq milli-mənəvi dəyərlərin və dövlət-din münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradır. Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına və zənginləşməsinə öz töhfələrini verir. İslam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyəri kimi insanların həyatının ayrılmaz tərkib hissəsidir. Milli-mənəvi dəyərlərin inkişafında, ailə institutunun sağlam və möhkəm təmələ söykənməsində islam dini əhəmiyyətli rol oynayır.Multikulturalizmi təbliğ edən dövlətlərdən biri kimi, Azərbaycan dünyada böyük nüfuz qazanıb və Prezident İlham Əliyev bu dəyərin təbliği və təşviqi istiqamətində ardıcıl siyasət aparır. Multikulturalizmin həyat tərzinə çevrildiyi ölkəmizin dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, müxtəlif dövlətlərdəki multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin respublikamızın reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidentinin 2014-cü il 15 may tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Ölkəmiz Bakı Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri kimi mötəbər tədbirlərin işində yaxından iştirak edir. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi islam dininin mütərəqqi dəyərlərinə ölkəmizin sadiqliyinin göstəricisidir.Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində xalqımıza məxsus olan maddi-mədəni irsin ermənilər tərəfindən vəhşicəsinə talan edilməsi faktının dünya ictimaiyyətinin nəzərinə çatdırılması ölkəmizin apardığı siyasətin əsas istiqamətlərindəndir. Məlumdur ki, müxtəlif tarixi dövrlərdə ermənilər on minlərlə azərbaycanlını etnik və dini mənsubiyyətinə görə qətlə yetirmiş, onların yaşayış məntəqələrini, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqlarını dağıtmışdır. Ermənilər maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində islam mədəniyyətinə aid olan bütün muzeyləri, məscidləri və abidələri yerlə-yeksan etmişdir. Paleolit dövrünə aid, dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarası da işğal altındadır və orada ermənilər beynəlxalq hüquqi prinsiplərə zidd olaraq arxeoloji qazıntılar aparırlar.Gənc nəslin əsrlərin sınağından keçmiş milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi dövlətin diqqət mərkəzindədir. Azərbaycançılıq məfkurəsindən irəli gələn məsələlərə böyük əhəmiyyət verilməsi, ölkəmizdə yaşayan müxtəlif xalqlar və millətlər arasındakı qarşılıqlı anlaşma, yüksək insani keyfiyyətlərə və humanizmə sadiqlik milli-mənəvi dəyərlərə ümumbəşəri xarakter verir. Azərbaycançılıq ideyası ictimai fikirdə aparıcı yer tutur və o, müstəqil dövlətçiliklə milli-mənəvi dəyərlər arasında vəhdət yaradır, mədəniyyət və sivilizasiyalararası dialoqda körpü rolunu oynayan mütərəqqi dəyərləri (dini dözümlülük, etnik müxtəliflik və s.) təbliğ edir.Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı nəticəsində UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycanın 13 qeyri-maddi mədəni irs nümunəsi (Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalça toxuculuğu sənəti, Azərbaycan tar ifaçılıq sənəti, Qadın baş örtüyü kəlağayının düzəldilməsi, onun simvolizmi və hazırlanması ustalığı, Lahıc misgərlik sənəti, Lavaş, Dolma hazırlama və paylaşma ənənəsi, Kamança, "Dədə Qorqud irsi: dastan mədəniyyəti, nağılları və musiqisi”, Qarabağ atı ilə oynanılan Çövkən atüstü oyunu, Naxçıvanın ənənəvi qrup rəqsləri - yallı, köçəri, tənzərə) daxil edilmişdir.Heydər Əliyev Fondunun elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələr milli-mənəvi dəyərlərimizin nəinki ölkəmizdə, bütün dünyada təbliğ olunmasında böyük əhəmiyyət daşıyır. Xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən mühüm töhfələrdən biri olan muğam sənətinin yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi qeyd etməliyik. Ötən illər ərzində fondun dəstəyi ilə xeyli sayda məscid bərpa olunaraq istifadəyə verilmişdir. Fondun milli-mənəvi dəyərlərin dünyada təbliği istiqamətində atdığı addımlar xalqımızın qədim mədəniyyət nümunələrini ermənilərin özününküləşdirməsi kimi mənfur niyyətlərinin qarşısını alır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində fondun xətti ilə milli-mənəvi irsin qorunması sahəsində çoxsaylı layihələr həyata keçirilir ki, onları xalqımızın ziyalıları, mədəniyyət və incəsənət xadimləri yüksək qiymətləndirirlər.Yuxarıda göstərilənlər sübut edir ki, xalqımızın milli-mənəvi dəyərləri tarixi varislik prinsipinə əsaslanaraq inkişaf edir və onlar dünya mədəniyyətinin zənginləşməsində xüsusi yer tutur. Milli-mənəvi dəyərlərin qorunması və təbliği Azərbaycan dövlətinin apardığı siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmizdəki mədəniyyətlərarası və dinlərarası dialoq milli-mənəvi dəyərlərin inkişafında böyük əhəmiyyət daşıyır. Azərbaycan dilinin, ədəbiyyat və incəsənətinin inkişafı, adət-ənənələrin, mütərəqqi dini dəyərlərin ictimai həyatda özünə mühüm yer tutması milli-mənəvi dəyərləri zənginləşdirir. Xalqımızın milli-mənəvi irsinin dünyada təbliği ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm rol oynayır. Mübariz QURBANLI,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini

calendar 22-05-2020, 16:44 eye 1 052 eye Paylaş