"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mehman İsmayılov: “Nikbin olmalı və əhval-ruhiyyəmizi yüksək tutmağa çalışmalıyıq”

“Epidemiyanın yayılması demək olar ki, dünyanın hər yerində müşahidə olunur. Bu cür kütləvi epidemiyalar bir neçə əsr ərzində nadir hallarda baş verir. Ona görə də, onunla mübarizə beynəlxalq səviyyədə aparılır. Yaşadığımız əsr imkan verir ki, biz bu epidemiya ilə əvvəlki dövrlərdəkidən daha yaxşı mübarizə aparaq və daha yaxşı qorunaq. Əvvəlki dövrlərdə insanlar nə baş verdiyini belə anlamırdılar. Biz isə inkişaf etmiş tibb sayəsində nəinki xəstəlik barədə məlumatlar əldə edirik, hətta epidemiyanın yayılmasını canlı izləyir və hər keçən gün onunla mübarizəda daha da güclənirik”.
Bunu 525-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
M.İsmayılov bildirib ki, Azərbaycan dövləti bu təhlükə ilə üz-üzə qaldığı ilk gündən yerində addımlar atdı və bu gün də bu sahədə ciddi işlər gedir: “Gördüyümüz kimi ölkə başçısı məsələyə birbaşa nəzarət edir və hər bir məsələni diqqətdə saxlayır. Bütün bunlar sayəsində bizdə xəstəliyin kütləvi şəkildə yayılmasının qarşısı alınır”.
Onun sözlərinə görə, bir çox təşkilat və qurumların əmskdaşları, rəhbər heyəti elidemiya ilə mübarizə çərçivəsində məzuniyyətə göndərilmişdir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşları da hal-hazırda məzuniyyətdədirlər. Fondumuzun Azərbaycanın bir çox bölgəsində könüllüləri var. Könüllülərimiz bu günlərdə çox aktivdirlər. Onlar maddi və mənəvi yardım işində yaxından iştirak edir, bu xəstəliklə mübarizədə maarifləndirmə işləri aparırlar. Fond tərəfindən mənəvi dayaq olmaq məqsədilə bu günlərdə epidemiya ilə ön cəbhədə mübarizə aparan bir qisim tibb işçisinə hədiyyələr göndərilmişdir. Yaxın vaxtlarda digər müxtəlif tədbirləin də həyata keçirilməsi planlaşdırılır”.
M.İsmayilov vurğulayıb ki, təhlükə ilə mübarizədə iki cəbhə var - ön və arxa: “Dövlətin müvafiq qurumları ön cəbhədə mübarizə aparırlar. Biz isə arxa cəbhədə olmaqla ön cəbhədə aparılan mübarizəni dəstəkləməli, bütün qayda və qanunlara əməl edərək onlara yaxından köməklik göstərməliyik. Dövlət və cəmiyyət, fərd və cəmiyyət, şəxsi iradə və ictimai şüur həmrəyliyinin nümayiş etdirilməsi özünü ən çox bu cür vəziyyətlərdə biruzə verir. Mən deyərdim ki, cəmiyyət artıq mövcud vəziyyəti daha yaxından görür və dövlətin atdığı addımlara dəstək verir. Təbii ki, müəyyən dərəcədə qayda və qanun pozuntularının da şahidi oluruq. Bir daha deyirəm, biz hər birimiz bu problemin həllində həmrəylik nümayiş etdirməli və onun tez bir zamanda yox olması üçün hər bir vətəndaş öz üzərinə düşəni maksimum dərəcədə yerinə yetirməlidir”.
İcraçı direktor deyir ki, o, maksimum dərəcədə çalışır ki, karantin şərtlərinə, gigiyena qaydalarına əməl etsin: “Lakin bununla yanaşı psixoloji cəhətdən güclü olmağa çalışıram. Sosiologiyada boş vaxtın, boş zamanın dəyərləndirilməsi adlanan ifadə var. Boş vaxtın səmərəli keçirilməsi üçün gündəlik həyatı müəyyən hissələrə ayırmaq lazımdır. Bura mütaliə, öyrənmə, əylənmə, dinlənmə, müzakirə, faydalı işlər görmək və s. daxildir. Mən də çalışıram ki, boş vaxtımı yuxarıda qeyd etdiyim şəkildə keçirim. Sonda demək istəyirəm ki, bu çətin günlər arxada qalacaq, xalqımız hər zamankı kimi bu problemin də öhdəsindən gələcəkdir. Əsas odur ki, nikbin olmalı və əhval-ruhiyyəmizi yüksək tutmağa çalışmalıyıq”.

calendar 7-04-2020, 12:54 eye 866 eye Paylaş