Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi uğurla davam edir. Artıq İsveçrənin nüfuzulu Frayburq Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə növbəti mühazirələr yekunlaşıb. Mühazirələri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov təqdim edib. R.Qurbanovun sözlərinə görə, keçilən mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, mühazirələr cari ilin 19-29 fevral tarixlərində BBMM-in və Frayburq Universitetinin “Sosial elmlər” fakultəsinin təşkilatçılığı ilə tarix, sosial elmlər, ilahiyyat və antropologiya fakultələrinin tələbələrinin iştirakı ilə keçirilib. Ümumilikdə 20-dən çox tələbənin iştirakı etdiyi dərslərdə “Mədəni müxtəliflik kontekstində milli kimlik”, “Dövlət-din münasibətləri”, “Radikalizmlə münbarizədə dini icmaların rolu”, “Milli dəyərlərin təbliğində dövlət siyasəti” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuya da toxunulub, işğal olunmuş ərazilərdə milli və mənəvi dəyərlərimizin ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb. Onu da qeyd edək ki, bu və digər mövzular ətrafında mütəmadi olaraq sosial elmlər fakultəsinin professor və müəllim heyəti ilə də müzakirələr aparılıb. Müzakirələr zamanı Multikulturalizm Mərkəzi ilə Frayburq Universiteti arasında mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqət mərkəzində olub.
Ölkəmizin beynəlxalq arenadakı müsbət imicinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eləcə də mədəni müxtəlifliyin idarə edilməsi sahəsində əldə etdiyi uğurlu təcrübənin təbliği məqsədilə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmə həsr edilmiş mühazirələri digər xarici ölkə universitetlərində də davam etdirməyi planlaşdırır.