“Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaq və milli maraqlarımızın qorunması. Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır. Ancaq bununla bərabər, biz qapalı şəraitdə yaşaya bilmərik”. Bu fikirləri Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşündə deyib.
Dövlət başçısının sözlərinə görə, dünyada, regionumuzda gedən proseslər Azərbaycana da təsir göstərir: “Əfsuslar olsun ki, bu gün regionumuzda proseslər mənfi istiqamətdə gedir, biz bunu görürük. Yeni münaqişə, yeni qarşıdurma ocaqları, müharibələr, vətəndaş müharibələri – bütün bu mənfi meyillər, o cümlədən iqtisadi sahədə dünyada yaşanan böhran bizə də təsir göstərə bilər və göstərir. Ona görə biz dünyada gedən prosesləri yaxından izləyərək öz addımlarımızı, o cümlədən taktiki addımlarımızı buna uyğun atmalıyıq”.
Prezident İlham Əliyev onu da qeyd edib ki, ölkə daxilində risklər yoxdur, - nə siyasi risklər, nə sosial, nə iqtisadi, nə fiziki risklər, - bütün mümkün olan problemlər kənardan gələ bilər. “Həm ideoloji təxribat, - bu barədə mən artıq öz sözümü dedim, - həm də ki, başqa təxribatlar. Ona görə biz ölkəmizi, sərhədlərimizi qorumalıyıq, informasiya sərhədlərimizi, mənəvi sərhədlərimizi elə möhkəm inşa etməliyik ki, heç bir kənar qüvvə bizim nə milli-mənəvi dəyərlərimizə, nə müstəqilliyimizə, nə də gələcək uğurlu inkişafımıza mane ola bilməsin”,- ölkə başçısı əlavə edib.
(Trend.az)