Xəbər verdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Mənəvi Dəyərlərin Təbliği Fondu, YAP Könüllüləri və “Azərkitab” Kitab Mərkəzi “Kitab ən gözəl hədiyyədir” adlı yeni aksiyaya start verib. Aksiya çərçivəsində ölkəmizdə toplanan kitablar (əsasən bədii ədəbiyyat, mədəniyyət, incəsənət və dəyərlərlə bağlı) Gürcüstanda yaşayan soydaşlarımız arasında təmənnasız paylanacaq.
Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bu təşəbbüsü təqdir etdiyini söylədi, aksiya təşkilatçılarına təşəkkürünü bildirdi:
“Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan belə bir xoşməramlı aksiyanın təşkili son dərəcə vacibdir.Bu aksiya kitabla bağlıdırsa, ümummilli liderin anadan olmasının 97-ci ildönümü münasibətilədirsə, həm də Gürcüstandakı soydaşlarımıza paylanmaq kimi nəcib təşəbbüsə əsaslanırsa, məsələ xüsusilə təqdir edilməlidir. Mənəvi Dəyərlərin Təbliği Fonduna, YAP könüllülərinə təşəkkürümü bildirirəm.
Gürcüstanda yaşayan soydaşlarımızın belə bir qayğıya ehtiyacları var.Milli Məclisin Gürcüstan-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun xəttilə bu kimi fəaliyyətimiz olub. Ordakı kitabxanaları minlərlə kitabla təmin etmişik. Buna ehtiyac da var. İnanıram ki, belə aksiyalar həmin ehtiyacı ödəmək baxımdan faydalı olacaqdır. Daha yaxşı olardı ki, bu, ənənəyə çevrilsin. İnanıram ki, təşkilatçılar mövcud zərurəti gələcəkdə nəzərə alıb aksiyanı davamlı etmək barədə düşünəcəklər”.