Yanvarın 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Yardımlı rayonu Çayüzü kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Müasir cəmiyyətdə ailə dəyərlərinin qorunması” adlı layihə çərçivəsində “Müasir ailə modeli və yaranan problemlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini Maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Ramil Baxşəliyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şabıyev, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Tədbirdə əsasən müasir ailə və onun problemlərindən, bu poblemlərin yaranma və həlli yollarından, ailə sağlamlığından, gələcəyimiz olan uşaqların ailədəki tərbiyəsindən və ümumilikdə millətimizin ailə dəyərlərinə verilən önəmdən danışılıb. Çıxışlarda həmçinin belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna minnətdarlıq ifadə edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə nəşr edilmiş ədəbiyyatlar paylanılıb.