"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun Milli Qəhrəmanlarımızın tanıdılması ilə bağlı addımı alqışlandı

Məlum olduğu kimi, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) da tərəfdaşlığı ilə milliqahramanlar.az saytı  yeni görkəmdə fəaliyyətə başlayıb. Saytda milli qəhrəmanlarımız haqqında ətraflı məlumat təqdim edilir ki, bu da istənilən şəxsin hər hansı milli qəhrəman və onun döyüş yolu haqqında məlumat almasını təmin edir.
MDTF-nin tərəfdaşlığı ilə belə bir saytın genişləndirilmiş imkanlarla fəaliyyəti milli qəhrəmanlarımızın təbliği ilə yanaşı, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bu addımı alqışladığını vurğuladı:
“Bu addımı müsbət qiymtələndirirəm. Hesab edirəm ki, tariximizlə bağlı, habelə müstəqilliyimizin qorunub saxlanılmasında xidmətləri olan, bu yolda həyatını qurban verən insanlarla bağlı mütləq məlumatlar toplusu olmalıdır. Həm indiki, həm də sonrakı nəsillər bu insanlar haqqında məlumatlı olmalıdır. Çünki müstəqilliyimizin qorunması, inkişafımızın davamlı olması, insanlarımızın təhlükəsizliyi bu amildən çox asılıdır.
Hesab edirəm ki, Fondun bu addımı günün tələblərinə cavab verir. Biz milli qəhrəmanlarımız haqqında daha çox məlumatlı olmalıyıq. Biz bu insanların həyatını öyrənməli, onların qəhrəmanlıqları haqqında daha geniş məlumat əxz etməliyik.
Milli qəhrəmanlarımızın tanıdılması və təbliği gənc nəsillərin gələcəkdə stabilliyimizin qorunması baxımından fəaliyyətini gücləndirəcək. Digər tərəfdən isə ehtiyac yaranarsa, bu, həmin gənclərin özünü lazımi məqamda qəhrəmana çevirəcək. Əvvəlki dönəmlərdə qəhrəmanlıq göstərən insanlarımızın fədakarlığının düzgün təbliği, I Qarabağ müharibəsində yüzlərlə qəhrəmanımızın meydana çıxmasına səbəb oldu. Bu gün bu işin düzgün təşkili də gələcəkdə yeni qəhrəmanlarımızın meydana çıxmasını stimullaşdıracaq”.

calendar 15-01-2020, 09:16 eye 545 eye Paylaş