Dini etiqad sahəsində görülən işlər
2019-cu ildə Mənəvi Dəyərlərin Təbliği Fondu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş 1000-dən çox din xadiminə ilboyu maddi yardım göstərmişdir. Həmçinin 2019-cu ildə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmasına maddi dəstək göstərilmişdir. Eyni zamanda ölkədə fəaliyyət göstərən müsəlman dini icmalar tərəfindən təqdim olunmuş 71 maarifləndirici layihə Fond tərəfindən maliyyələşdirilmişdir.
Həmçinin Fondun təşkilatçılığı ilə qeyri-islam dini icmalarla birlikdə “Tolerant Azərbaycan” layihəsi çərçivəsində bayramlarda və əlamətdar günlərdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ Yəhudiləri dini icması və Alban-Udi Xristian dini icmasının fəaliyyətinə həsr edilmiş konfranslar keçirilmişdir.
Keçən dövr ərzində Fond tərəfindən Qafqaz Müsəlmanları İdarəsi ilə birgə “Vəhdət dəyərimizdir” layihəsi həyata keçirilmişdir. Hər biri 3 gün olmaqla 4 dəfə (Gəncə şəhəri, eləcə də Lənkəran, Zaqatala və Oğuz rayonlarında) keçirilən layihə çərçivəsində ölkənin müxtəlif bölgələrindən olan din xadimləri bir araya gəlmiş, onlar üçün seminarlar keçirilmiş, ölkəmizin tarixi-dini abidələri ziyarət edilmiş və birlikdə vəhdət namazları qılınmışdır.
Maarifləndirmə sahəsində görülən işlər
Ötən dövr ərzində respublikamızın müxtəlif bölgələrində maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Belə ki, Bakı şəhərində “İstiqlal keşikçiləri”, Milli Qurtuluş günü ilə bağlı “Xilaskar”, “Şanlı tarix - Şanlı Respublika”, “Həmrəylik-milli birlik, milli güc”, “Mənəvi dəyərlər və dövlət siyasəti”, “Sevgi hüdud tanımır”, eyni zamanda Bakıda və digər regionlarda silsilə olaraq “Azərbaycan ailəsi”, “Qloballaşma və milli kimlik”, “Müasir cəmiyyətdə gənclər və mənəviyyat”, “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda ümumilikdə 23 konfrans, 35 seminar və 8 dəyirmi masa təşkil edilmişdir.
Fond tərəfindən həyata keçirilən “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində Azərbaycanın tanınmış ziyalılarının ölkənin müxtəlif regionlarında gənclərlə görüşləri təşkil edilmişdir.
2019-cu ildə Fondun təşkilatçılığı ilə media nümayəndələri arasında “Milli mətbuat – milli düşüncə” adlı məqalə müsabiqəsi keçirilmişdir. Həmçinin Bakı şəhərində fəaliyyət göstərən bir dini icma Fondun maliyyə dəstəyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar “Şeyxülislam Allahşükür Paşazadə-70” adlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında məqalə müsabiqəsi elan etmişdir. Hər iki müsabiqənin qalibləri pul mükafatı və diplomlarla mükafatlandırılmışdır.
Bundan əlavə cəmiyyətdə xeyriyyəçilik ənənələrinin yaşadılması, yaxşı işlər görməyin təbliği və təşviqi istiqamətində “Yaxşılıq unudulmur” adlı layihə icra edilmişdir. Müsabiqə formatında olan layihə çərçivəsində insanlar şahidi olduqları yaxşılıqların müəllifləri barəsində Mənəvi Dəyərlərin Təbliği Fonduna məlumat vermiş və həmin yaxşılıq müəllifləri Fond tərəfindən mükafatlandırılmışdır.
Maarifləndirmə sahəsində həyata keçirilən işlərdən biri də Fondun ASAN radio ilə birgə layihəsi olan “Mənəvi dəyərlər” radio-verilişidir. Belə ki, ötən ilin oktyabr ayından etibarən hər həftənin cümə axşamı saat 16:05-də ASAN radioda “Mənəvi dəyərlər” radio-verilişi efirə gedir. Verilişlərə qonaq qismində dəvət olunan ekspertlər biri-birindən maraqlı mövzularla dinləyicilərin görüşünə gəlir.
2019-cu il ərzində Fond tərəfindən qeyri-hökumət təşkilatlarının sosial xarakterli, habelə mənəvi dəyərləri təbliğ edən layihələri də maliyyələşdirmişdir. Bununla əlaqədar QHT-lər ilə əməkdaşlıq çərçivəsində 15 layihə icra edilmişdir.
Təhsil sahəsində görülən işlər
Fondun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə ölkənin 9 müxtəlif regionunda məktəblərin 9-11-ci sinif şagirdləri arasında “Dəyərlərimizi öyrənək” adlı intellektual yarışlar təşkil edilmişdir. Yarışlarda qalib gələn komandalar sonda final mərhələsində yarışmış və qaliblər mükafatlandırılmışdır.
2019-cu il ərzində Fond tərəfindən İsmayıllı və Qusar rayonlarında yay məktəbləri təşkil olunmuşdur. Yay məktəblərində 10-a yaxın müxtəlif universitetlərin ümumilikdə 200-ə yaxın tələbəsi, o cümlədən şəhid ailələrindən olan tələbələr və Fondun könüllüləri iştirak etmişdir. Yay məktəblərində iştirak edən gənclər üçün ekspertlərin iştirakı ilə müxtəlif mövzularda seminarlar keçirilmiş, intellektual yarışlar təşkil olunmuş, tarixi-mədəni abidələr ziyarət edilmişdir.
Hər il olduğu kimi, 2019-2020-ci tədris ilində də Azərbaycan İlahiyyat İnstitutunun aztəminatlı ailələrdən olan 44 nəfər, eləcə də “Heydər Əliyev” təqaüdünü qazanmış institutun bir nəfər tələbəsinə aylıq təqaüdlər verilir.
Bundan əlavə Mənəvi Dəyərlərin Təbliği Fondu ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Yunus Əmrə İnstitutu və bir sıra digər təhsil ocaqları ilə də əməkdaşlıq edir, mütəmadi olaraq onlarla birlikdə maarifləndirici tədbirlər həyata keçirilir.
2019-cu ildə MDTF, Təhsil Nazirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə əməkdaşlığı ilə “Multikulturalizmə giriş” ali məktəblər üçün dərslik nəşr edilmişdir. Həmçinin Azərbaycan İlahiyyat İnstitutunda tədris edilən bir sıra dərsliklərin nəşri Fond tərəfindən maliyyələşdirilmişdir.
Xeyriyyəçilik sahəsində görülən işlər
2019-cu ilin Ramazan ayında Fond tərəfindən Bakı şəhəri də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələr üçün ümumilikdə 13 iftar süfrəsi təşkil edilmişdir.
Cari ildə ölkə üzrə 411 şəhid ailəsi, müharibə veteranı və aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir. Bununla yanaşı “Əlillər günü” münasibətilə cari ilin oktyabr ayında 100 nəfər əlil və aztəminatlı ailələrin üzvlərinə ərzaq yardımı göstərilmişdir.
Həmçinin 2019-cu ilin martın 7-də Fondun təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvlərinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.
2019-cu ildə həyata keçirilən “Bir uşaq bir ümid” layihəsi çərçivəsində isə Bakı şəhəri də daxil olmaqla ümumilikdə Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşən 6 uşaq evi ziyarət edilmiş, oranın məktəbli sakinlərinə məktəbli çantası və ləvazımatlar, uşaqlara isə müxtəlif hədiyyələr paylanılmışdır. Eyni zamanda 2019-2020-ci tədris ilində cəbhəyanı bölgələrdə 1-ci sinifə gedəcək 200 nəfər uşağa məktəbli forması, çanta və dərs ləvazimatları hədiyyə edilmişdir.
Xarici əlaqələr
2019-cu ilin 6-11 may tarixlərində Mənəvi Dəyərlərin Təbliği Fondunun, Azərbycan Respublikasının Gürcüstan Respublikasındakı səfirliyinin və Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Gürcüstanın Dmanisi, Bolnisi, Marneuli, Qardabani, Saqareco, Laqodexi və Tiblisi şəhərlərində “Heydər Əliyev və mənəvi dəyərlər” mövzusunda silsilə tədbirlər keçirilmiş, həmçinin Fond tərəfindən soydaşlarımıza mənəvi dəyərləri təbliğ edən, dini radikalizmlə mübarizə məqsədilə nəşr edilmiş ədəbiyyatlar paylanılmışdır. Daha sonra Fondun dəvəti ilə Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Ramin İgidovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.
2019-cu ilin 1 may tarixində Almaniya Xarici İşlər Nazirliyinin, Azərbaycanın və İndoneziyanın Berlindəki səfirliklərinin birgə təşkilatçılığı ilə Almaniyada “Çoxmədəniyyətli cəmiyyətlərdə tolerant İslam” mövzusunda konfrans keçirilmişdir. Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış etmişdir.
Cari ilin 5-9 noyabr tarixlərində MDTF-nin icraçı direktor müavini Rəfi Qurbanov Estoniyada səfərdə olmuşdur. Səfər çərçivəsində keçirilən konfransda Rəfi Qurbanov “Qarabağ Azərbaycandır, nida!” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Nəşrlər, filmlər və videoçarxlar
Fond həmçinin müxtəlif müəlliflər tərəfindən təqdim olunan mənəvi dəyərlərin təbliği, dinlərarası dialoqun gücləndirilməsi, radikalizmlə mübarizəyə aid maarifləndirici və dini mövzularda ədəbiyyatların nəşrinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmişdir. Bu il ərzində Fondun maliyyə dəstəyi ilə 50-ə yaxın müxtəlif adda ədəbiyyat nəşr olunmuşdur.
2019-cu ildə Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan ingilis dilində “Azərbaycan multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” adlı kitab işıq üzü görmüşdür.
Həmçinin Fondun dəstəyi ilə mənəvi dəyərləri təbliğ edən 6 sənədli film və 6 sosial videoçarx hazırlanmışdır.