Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlının yap.org.az saytına müsahibəsi
- Mübariz müəllim, dekabrın 12-i Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Ulu Öndərlə bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdik...
- Ulu Öndər Heydər Əliyevin anım günü xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Bütün dünya azərbaycanlıları harada yaşamasından asılı olmayaraq Heydər Əliyevin xatirəsinə ehtiram göstərir. Ümummilli Liderimiz Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu qoyub. Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının yeganə yolu Heydər Əliyev yoludur. Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, Onun xalqımız üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün deyil. Bu fəaliyyət yeni nəslə mütləq çatdırılmalıdır. Gənc nəsil Ulu Öndərimiz haqqında məlumatları kitablardan oxuyur, televiziyalardan izləyir və s. Amma elə nəsil var ki, Onunla bir dövrdə yaşayıb, işləyib, fəaliyyətinin nəticələrini öz həyatında hiss edib. Yeni Azərbaycan Partiyasının funksioneri kimi mən Ulu Öndər Heydər Əliyevlə tədbirlərdə iştirak etmişəm, görüşmüşəm, Onun dəyərli tövsiylərini dinləmişəm.
Ulu Öndər bizim xatirəmizdə əbədi yaşayır. Elə xatirələr var ki, heç zaman yaddan çıxmaz. Mən Heydər Əliyevi ilk dəfə canlı olaraq tələbəlik illərində-1973-1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alarkən görmüşəm. O vaxtlar yeni il ərəfəsində axşam saat 7-8 radələrində Bakının mərkəzində yerləşən “Azərbaycan” kinoteatrının yanında tələbə yoldaşlarımızla gəzirdik. Kinoteatrla üzbəüz ərzaq dükanı var idi. O vaxt belə dükanlara “qostranom” deyirdilər. İlk dəfə Heydər Əliyevi orda gördüm. O vaxt Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi, SSRİ Kommunist Partiyasının Siyasi Bürosunun üzvlüyünə namizəd idi. Biz tarix fakültəsinin tələbəsi olaraq bu vəzifənin nə qədər böyük olduğunu bilirdik. Biz Heydər Əliyevin çox yaxınında dayanmışdıq. O, ətrafındakı insanlarla söhbət etdi, o cümlədən bizə də suallar verdi, təhsilimizlə maraqlandı. Bu xoş hadisəni hər zaman xatırlayıram.
Daha sonra müstəqillik illərində Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra siyasi proseslərdə iştirak və YAP-da vəzifə daşımağım Onunla görüşmək, birgə tədbirlərdə iştirak etmək, tövsiyə və tapşırıqlarını dinləmək imkanı yaratdı. Kim ki, Heydər Əliyevlə işləyib, hesab edirəm ki, bu, onun üçün ən unudulmaz xatirələrdir.
Hesab edirəm ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev dövlət başçısı olması ilə bərabər çox həssas, insanlara qarşı çox diqqətcil idi. Heydər Əliyevdə əsl lider xüsusiyyətləri və keyfiyyətləri vardı. Bir sözlə, Ulu Öndər Heydər Əliyev bizim yaddaşımızda silinməz izlər qoyub. Bu gün yeni nəsil Heydər Əliyevin nəhəng fəaliyyətini, Onun zəngin irsini dərindən öyrənərək mənimsəməkdədir.
- Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsini respublikamızın həyatında dönüş nöqtəsi hesab etmək olarmı?
- Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində hakimiyyətə gəlməsi Azərbaycanın həyatında dönüş nöqtəsi idi. Bilirsiniz ki, Ulu Öndər hakimiyyətə gələnə qədər Azərbaycan keçmiş ittifaq miqyasında geridə qalan respublikalardan biri idi, aqrar respublika hesab olunurdu. Amma 1969-cu ildən sonra Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycan müttəfiq respublikalar arasında öncül yerə yüksəldi. Tarixdə şəxsiyyətin rolunu heç kim inkar edə bilməz. Və Heydər Əliyev fəaliyyəti ilə bu fikri bir daha təsdiqlədi. O, misilsiz xidmətləri sayəsində 1969-1982-ci illərdə Azərbaycanı haradan haraya gətirdi. Aqrar respublika olan Azərbaycan sənaye-aqrar respublikasına çevrildi. Bu illər ərzində respublikamızda xeyli sayda böyük sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatında yüksək inkişaf baş verdi, çoxlu sayda ali məktəblər açıldı. Eləcə də, yeni, savadlı, intellektual ziyalı nəsli formalaşdı, elm, yaradıcı insanların dünya miqyasında tanınması, yüksək dövlət mükafatları ilə təltif olunmaları istiqamətində tədbirlər görüldü.
Yeri gəlmişkən, qeyd edim ki, biz bu gün böyük mütəfəkkir şairimiz İmadəddin Nəsiminin 650 illiyini böyük təntənə ilə qeyd edirik. Amma Heydər Əliyev hələ sovetlər dövründə Nəsiminin 600 illiyi UNESKO səviyyəsində qeyd edilməsinə nail olmuşdu. Bu hadisə tarixi şəxsiyyətlərimizə sahib çıxmaq deməkdir. Yəni, Ulu Öndərimiz bütün fəaliyyəti ilə xalqımızın gələcəyi üçün böyük fədakarlıqlar göstərib.
Ulu Öndər birinci hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinin iqtisadi, ideoloji və kadr bazasını formalaşdırdı. O dövrdə özünü təmin etmək imkanı olan respublikalardan biri Azərbaycan idi. Eləcə də, gənclər keçmiş ittifaq miqyasında nüfuzlu ali məktəblərdə təhsil almağa göndərilirdi. 1978-ci ilin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Həmçinin ziyalılar, yaradıcı insanlar milli ruhda əsərlər yazmağa başladılar. Bütün bunlar özünəqayıdışın nümunələri idi. Bir sözlə, Ulu Öndərin bu fədakarlığı nəticə verdi və həmin baza əsasında Azərbaycan sonradan müstəqilliyə qovuşdu.
- Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ikinci mərhələsi haqqında nə deyə bilərsiniz? Bu dövrün müasir tariximizdə əhəmiyyəti nədən ibarətdir?
- Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir.
Hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi.
Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdana qədər Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə Azərbaycan milllətinin maraqlarına uyğun siyasət həyata keçirdi.
Heydər Əliyev müstəqil dövlətimizin təməl prinsiplərini yaradıb. Bu gün Azərbaycan həmin prinsiplər əsasında inkişaf edir. Bu təməl prinsipləri müair çağırışlara uyğun olaraq müəyyən yeniliklərə məruz qalsa da, onun nüvəsi dəyişməzdir.
- Mübariz müəllim, Ulu Öndərin xalqımızın qarşısındakı ən böyük xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan bu dövlətin inkişaf siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu. Bu gün Heydər Əliyev siyasi kursunun həyata keçirilməsi haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın dövlət idarəçiliyində siyasi varislik anlayışı var. Siyasi varislik prinsipi Yeni Azərbaycan Partiyasının proqramında da öz əksini tapır. Bu prinsip fiziki cəhətdən şəxslərin hakimiyyətdə bir birini əvəz etməsi demək deyil. Burada söhbət dövlətin söykəndiyi təməl prnsiplərinin davam etməsindən gedir. Ona görə də, hər bir cəmiyyətdə varislik prinsipi olmalıdır. Bu prinsip pozularsa təbəddülatlar baş verə bilər.
Məsələn, Türkiyədə bu dövlətin qurucusu Mustafa Kamal Atatürkün müəyyən etdiyi pinsipləri var. Türkiyədə bir çox partiyalar hakimiyyətə gəlsə də, həmin prinsiplər təməl olaraq bu gün də qalır. Bu mənada Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər dövlətçiliyimizin təməl prinsipləridir və onu heç kim təftiş edə bilməz. Azərbaycançılıq ideologiyası, qanunçuluq, hakimiyyətin mənbəyinin xalq olması, vətəndaş həmrəyliyi təməl prinsiplərimizdir. Ulu Öndərin müəyyən etdiyi prinsiplər ölkəni daim irəliyə aparır. Prezidentimiz İlham Əliyevin siyasəti də bu təməllər üzərindədir və bu gün ölkəmiz uğurla inkişaf edir.
Bu gün Azərbaycan nəinki regionun lider dövlətidir, eyni zamanda dünyada böyük nüfuza sahibdir. Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir, əhalinin rifahı davamlı olaraq yüksəlir, Azərbaycan gücünü, qüdrətini daha da artırır. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr beynəlxalq miqyasda Azərbaycanın mövqelərini gücləndirir. Bu amillər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də dəstək verməkdədir.
Beləliklə, bu nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Biz Azərbaycan xalqı olaraq Ulu Öndərin əziz xatirəsini həmişə yad edirik və bundan sonra da edəcəyik. Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq.