Konfrans çərçivəsində DQİDK, Qafqaz Müsəlmanları İdarəsi, Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan Bibliya Cəmiyyəti tərəfindən nəşr edilən kitablar sərgilənib. Sərgidə milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materialları nümayiş olunub.
Konfransda DQDİK və Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı mərkəzləşmiş kitabxanaların və nəşriyyatların direktorları, din xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar.
DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, son illərdə ölkədə ümumi sayı təqribən 550 mindən çox 212 adda dini ədəbiyyat nəşr edilib. Onlardan 14-ü dövlətin din siyasətinə, 34-ü multikulturalizm və tolerantlığa,114-ü milli-mənəvi dəyərlərimizə həsr olunub. Əsas istiqamətlərdən biri olan dini radikalizmlə mübarizə mövzusunda isə 50 adda ədəbiyyat nəşr olunub. M.Qurbanlı vurğulayıb ki, Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 2018-2019-cu illərdə 43 adda kitab nəşr olunub ki, gələn ilin əvvələrinə qədər bu sayın 94-ə çatdırılması nəzərdə tutulub. O bildirib ki, bu kitabların nəşr edilməsinin, yayılmasının məqsədi mənəvi dəyərlərimizin, tolerantlıq və multikultural ənənələrimizin, dövlət başçımızın həyata keçirdiyi dövlət-din münasibətlərinə aid siyasətin ictimai rəyə təqdim edilməsidir.
QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev təşkil edilən bu qəbildən konfransların əhəmiyyətini vurğulayaraq bildirib ki, Dövlət Komitəsinin nəşr etdiyi dini ədəbiyyatın Azərbaycan dili ilə yanaşı, xarici dillərdə də çap olunması və yayılması ölkəmizə xas dini mədəniyyətin daha geniş oxucu kütlələrinə çatdırılmasına rəvac verir.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təşkil edilən kitab sərgisinə tədbir iştirakçıları tərəfindən böyük marağın göstərildiyini diqqətə çatdırıb. O qeyd edib ki, rəhbərlik etdiyi qurumun iştirak etdiyi beynəlxalq sərgilərdə Azərbaycandakı dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə, dini etiqad azadlığına həsr olunmuş kitablar nümayiş etdirilir, bu da digər ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanır.
DQİDK tərəfindən nümayiş etdirilən ədəbiyyatın əhəmiyyətli məzmun xəttinə malik olması barədə danışan Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov bildirib ki, dinin hüquqi, pedaqoji, sosioloji, fəlsəfi mahiyyətinin əks olunduğu kitablar istər dini maarifləndirmə, istərsə də elmi tədqiqat işlərində vacib mənbə kimi istifadə oluna bilər.