Mədəniyyətlər tarixni 4 yerə ayırırlar: 1.Şifahi mədəniyyət dövrü. 2. Yazılı mədəniyyət dövrü. 3. Mətbəə mədəniyyəti dövrü. 4. Elektron mədəniyyət dövrü. Bəziləri buna beşinci dövr kimi internet dövrünü də əlavə edirlər.
İnformasiya vasitələri bu günə qədər böyük təkamül yolu keçmişlər. Miladdan əvvəl 3000-ci ildə Misirdə heroqliflər adlanan yazı sistemi yarandı və onlar simvol və şəkillərdən ibarət idi. Daha sonralar Mesopatamiyada ilk əlifba ortaya çıxdı. 1045-ci ildə çinlilər kağızı icad etdilər. 1645-ci ildə isə Almaniyada Quttenberq çap dəzgahını qurdu. Ardıcıllıqla fotoaparat, teleqraf, telefon, radio, faks, televiziya, kompüter və s. kəşf olundu.
Son bir neçə əsrdə informasiya vasitələrinin sürətli inkişafı medianı böyük gücə çevirdi. Media siyasi, sosial, iqtisadi, mədəni və s. sahələrə ciddi təsir etməyə başladı və qlobal dünyada bu güc hər keçən gün daha da artmaqdadır. Yeni əsrdə isə sosial media çox ön plana çıxmağa başladı. Sosial media insanlar arasında virtual internet alətləri vasitəsilə ünsiyyət yaratmaq və məlumatları paylaşmaq deməkdir. Xəbər saytları, sosial şəbəkələr (facebook, twitter, google və s.), ani ünsiyyət vasitələri (msn, skype, google talk və s.) və bloqlar sosial medianı təşkil edir.
We Are Social tərəfindən hər il dünyada internet, sosial media və mobil telefonlardan istifadə ilə bağlı statistik məlumatlar paylaşılır. 2019-cu ilin oktyabr ayının məlumatına görə 8 milyarda yaxınlaşan dünya əhalisinin 4.5 milyarda yaxını internetdən, 3.5 milyardı sosial mediadan, 5.2 milyard insan mobil telefonlardan, 3.3 milyard insan isə mobil sosial mediadan istifadə edir. Ən çox istifadəçisi olan sosial media platforması Facebook-dur. Hal-hazırda dünyada təqribən 2.5 milyard insan facebook istifadəçisidir. WhatsApp və Youtube istifadəçilərinin sayı 2 isə milyarda yaxınlaşır.
Sosial medianın 7 əsas sütünu var:
Kimlik: ad, yaş, cinsiyyət, məslək, yaşayış yeri, maraq dairəsi, foto və s. kimliyi meydana gətirir.
Söhbətləşmək.
Paylaşmaq: Sosial media istifadəçisi bildiyi və öyrəndiyi bir məlumatı burada paylaşır.
Məkan.
Münasibətlər.
Etimad.
Qruplar.
Sosial media vasitələri arasında sosial şəbəkələr ön plana çıxır. Sosial şəbəkələrin fayda və zərərləri, üstünlük və mənfilikləri barədə bir çox fikirlər səslənir, yazılır və müzakirə olunur. Bütün yazılan və deyilənlərə baxmayaraq sosial şəbəkələrin cəmiyyətin həyatındakı rolu danılmazdır. Ona görə də onu inkar etmək mümkün deyildir. Hətta mütəxəssislər qeyd edirlər ki, “sosial şəbəkələrin zərərləri” ifadəsi yanlışdır. Onun əvəzinə “təhlükələri” sözü işlədilsə daha uyğun olar. Belə ki, təhlükəli olan bir şeyin istifadəsi zərurət halını gəlmişsə, onu ən təhlükəsiz şəkildə istifadə etməyi öyrənməliyik. Bunun üçün ən yaxşı vasitə sosial media şüuurudur. Sosial şəbəkələrin təsirlərindən qaça bilmiriksə, ən yaxşı yol onu şüuurlu şəkildə işlətməkdir.
Sosial media, daha konkret desək sosial şəbəkələr və dəyərlər məsələsinə gəldikdə, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, dəyərlər dəyişməz deyildir. Dünyada baş verən proseslər nəticəsində dəyərlər də dəyişir. Sürətli elmi-texniki tərəqqi, sənayeləşmə, urbanizasiya və son olaraq qloballaşma dəyərlərə təsir etdi. 10 əsr əvvəl cəsarətli olmaq daha dəyərli idisə, bu gün təhsil daha önəmlidir. Dəyərlərə baxış da dəyişir. Əvvəlki nəsillə sonrakı nəslin dəyərlərə baxışı eyni ola bilməz.
Dəyərlər və sosial şəbəkələr məsələsində əsasən üç məfhum üzərində durmaq lazımdır:
1. Etika. 2.Söz azadlığı (ifadə hürriyəti) 3. İctimai sfera. Bu üçü arasında tarazlıq qurulmalıdır. Mənim söz azadlığım var və mən bundan istədiyim şəkildə istifadə edə bilərəm düşüncəsi ilə hərəkət edə bilmərik. Söz azadlığının tam ön plana çıxarılması və ictimai sferanın, yəni cəmiyyətin fikrinin tam arxa plana atılması, və ya əksinə ictimai sferanın önə çəkilib söz azadlığına az yer verilməsi özü ilə problemlər gətirir. Söz azadlığı ilə cəmiyyətin görüşü arasında balans qorunmalıdır. Yəni, mənim ifadə hürriyətimin sərhəddi başqasının ifadə hürriyətinin sərhəddinə qədərdir. Eyni zamanda vurtual aləmin verdiyi rahatlıq ilə etikadan kənara çıxmaq olmaz.
Bu mövzuyla bağlı insanın daxili və xarici aləmi məsələsinə də toxunmalıyıq. Psixoloqlar daxili aləmi şəxsi kimlik, xarici aləmi isə ictimai kimlik adlandırırlar. Şəxsi kimlik bir şəxsin dəyərləri, məqsədi, həyata baxışı və sairdir. İctimai kimlik isə şəxsin cəmiyyətdəki yeri, cəmiyyətin həmin şəxsə baxışıdır. İnternetin kəşfindən sonra isə üçüncü kimlik ortaya çıxdı. Bu virtual kimlikdir. Virtual kimliklə şəxs şəxsi və ictimai kimlikdən fərqli olaraq daha geniş kütlə ilə münasibət qura bilir, özünü ifadə etmək, öz fikir və düşüncələrini paylaşmaq üçün daha geniş imkanlara sahib olur. Bir sözlə sosiallaşma üçün böyük fürsətlər əldə edir. Digər tərəfdən isə diqqət çəkmək, özünü göstərmək, alqış toplamaq və s. kimi niyyətlərlə çıxış etmə şansı qazanır. Bütün bunlar göz önündə tutulmalı, bu üç kimlik də düzgün tənzimlənməlidir.
Mehman Ismayılov
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru