Noyabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun mailiyyə dəstəyi və Zaqatala rayon Mosul kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Müasir çağırışlar: multikulturalizm və tolerantlıq” adlı layihə çərçivəsində Zaqatala rayonu Mosul kənd klubunda “Müasir çağırışlar və mənəvi dəyərlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin məsləhətçisi Vüqar Məmmədov, Zaqatala RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala RİH Başçısının Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulla Arıxov, Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə qazisi Malik Bilalov, Mosul kənd məscidi dini icmasının sədri Nemət Əliyev, icma üzvləri və kənd ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din siyasətinin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi bildirilib. Dini icmaya təqdim olunan layihə haqqında tədbir iştirakçılarına məlumat verilib, zamanın kəşməkəşli sınaqlarından çıxmış, ələnmiş və bugünümüzün həyati tələbatına çevrilmiş milli-mənəvi və dini dəyərlərimizin qorunub saxlanılmasının və gələcək nəsillərə çatdırılmasının hər bir şəxs üçün önəmli vəzifə olduğu vurğulanıb. Dini fanatizmin və dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və fəsadları haqqında geniş izah verilib, gəncləri radikal dini cərəyanların və qeyri-ənənəvi dini təriqətlərin zərərli təsirindən qorumaq üçün onlar arasında milli-mənəvi dəyərlərin təbliği işini genişləndirməyin labüdlüyü qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.