"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağsu rayonunda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Fondun şöbə müdiri Hatəm Gülməmmədov, Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Ağsu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov keçirilən tədbirin əhəmiyyətinə toxunaraq bildirib ki, bu gün gənclərlə belə tədbirlərin keçirilməsi, onların ziyalılarımızla görüşlərinin təşkil edilməsi təqdirəlayiqdir.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov gənclərin mənəviyyatının zənginləşməsində təhsilin rolundan danışaraq qeyd edib ki, müasir dövrdə gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında başlıca amil təhsildir. Çünki ölkəmizin dünyada tanıdılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında iştirak edən vətənpərvər gənc ilk növbədə savadlı, intellektual olmalı, xarici dil biliklərinə yiyələnməlidir.
Şair, yazıçı, kinodramaturq İlqar Fəhmi qloballaşma dövründə internet resurslarının milli və mənəvi dəyərlərə təsirindən danışaraq vurğulayıb ki, bugün yeniyetmə və gənclərin internetdən, sosial şəbəkələrdən, texnoloji vasitələrdən doğru məqsədlər üçün istifadəsi çox vacibdir. İ.Fəhmi bildirib ki, qeyd edilən vasitələrdən mütəmadi istifadə etməklə asılılığın yaranması, virtual aləmə bağlılıq, real həyatdan uzaqlaşma bəzi dəyərlərin itirilməsinə gətirib çıxarır.
Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 7-11-2019, 02:59 eye 1 224 eye Paylaş