Oktyabrın 30-da Gəncə şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Gəncə şəhərində fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 12 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər Təhsil İdarəsinin metodisti İlhamə Ağayeva dəyərlərimizin gənclər arasında təbliğ edilməsi məqsədilə Gəncə şəhərində belə bir intellektual yarışın keçirilməsinə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib. Yarış iştirakçılarına öz tövsiyələrini verən İ.Ağayeva onlara uğurlar arzulayıb.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Maraqlı mübarizə şəraitində keçən yarışda 3 komanda qalib gələrək müvafiq olaraq 1, 2 və 3-cü yerləri bölüşüblər. Birinci yeri tutan "Alfa" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Onlar diplomlarla təltif edilib. İkinci yeri tutan "Tomris" və üçüncü yerə layiq görülən "Lider" komandasının üzvləri müvafiq olaraq sertifikatlarla təltif olunub.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçriliməsi nəzərdə tutulur.