"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Zərdabda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib

Oktyabrın 29-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zərdabda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Zərdab Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Əşrəf Quliyev, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis müavini Əvəz Soltanov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
 Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
 Tədbiri giriş sözü ilə açan Zərdab RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov mövzunun aktuallığına toxunaraq bildirib ki, ailə institutu cəmiyyətimizdə əvəzolunmaz dəyərdir, müqəddəsdir, milli-mənəvi dəyərlərimizin əsas sütunlarındandır.
 Konfransda geniş məruzə ilə çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, cəmiyyətin sağlam inkişafı həmin cəmiyyəti təşkil edən ailələrin düzgün formalaşmasından, düzgün istiqamətlənməsindən, ailədəki fərdlərin bir-biri ilə düzgün və sağlam şəkildə qurulmuş münasibətlərindən asılıdır. Bir cəmiyyəti təşkil edən ailələr və ailədəki şəxslər nə qədər həmin cəmiyyətin milli-mənəvi maraqları istiqamətində tərbiyə olunsalar, həmin cəmiyyət də bir o qədər möhkəm olacaqdır.
 “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Əşrəf Quliyev vurğulayıb ki, ailə mədəniyyətinin tərəqqisi və inkişafı bütöv bir cəmiyyətin sağlam mədəniyyətə sahib olmasına gətirib çıxarır. Sağlam psixoloji mühitə malik və milli-mənəvi dəyərlərə daha çox önəm verilən ailələrdən çıxan şəxslər cəmiyyətə daha çox fayda verirlər. Odur ki, istənilən cəmiyyətin hərtərəfli inkişafında ailə faktorunun müstəsna rol oynadığı danılmazdır.
 Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis müavini Əvəz Soltanov qeyd edib ki, sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir.
 Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış "Ailə dəyərləri" sənədli filmi nümayiş olunub.
 Konfransın yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 29-10-2019, 04:01 eye 964 eye Paylaş