"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Azərbaycan xalq şairi Sabir Rüstəmxanlı: "Mənəvi Dəyərlərin Təbliği Fondunun ziyalılarla gənc nəslin nümayəndələri arasında bu cür görüşlər keçirməsini alqışlayır və bunu dövlətimiz, xalqımız üçün olduqca faydalı bir iş hesab edirəm”

Mənəvi dəyərlərin təbliği, gənclərin şəxsiyyət kimi yetişdirilməsi, onların işıqlı ideyalara sahiblənməsi istənilən dövlət və cəmiyyət üçün həyati əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məsələdə ziyalıların bilik və təcrübəsindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu mütəmadi surətdə “Ziyalılarımızdan öyrənək” adı altında gənclərlə ziyalıların görüşünü təşkil etməkdə, bu yolla gənc nəslin daha düzgün tərbiyəsinə, sağlam fikir və ideyalara sahiblənməsinə, xalq və dövlət üçün daha faydalı şəxsiyyətlər kimi yetişməsinə töhfə verməkdədir.
Moderator.az-a açıqlama verən xalq şairi Sabir Rüstəmxanlı ziyalılarla gənclər arasındakı  görüşlərin gənclərin tərbiyəsi, onlarda sağlam dünyagörüşünün formalaşdırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“Hesab edirəm ki, ölkəmizdə Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyət göstərməsinin özü faydalı və təqdirəlayiqdir. Çünki mənəvi dəyərlərin qorunması dövlətin əsas qayğılarından biri olmalıdır. Mənəvi dəyərlərin nəsildən-nəsilə ötürülməsi, yaşadılması olduqca vacib bir məsələdir. Odur ki, ziyalılarla, ağsaqqallarla, elm adamları və mədəniyyət xadimləri ilə gənclər arasında bu cür görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Ziyalılarla gənclər arasında belə görüşlərin keçirilməsi gənclərin həyata baxışının düzgün formalaşdırılması baxımından da olduqca faydalıdır. Hesab edirəm ki, bu işi sistemli şəkildə davam etdirmək lazımdır. Universitetlərdə, yataqxanalarda, gənclərin çoxluq təşkil etdiyi digər məkanlarda bu cür görüşlərin keçirilməsi xüsusilə önəmlidir.
Mənəvəi Dəyərlərin Təbliği Fondunun ziyalılarla gənc nəslin nümayəndələri arasında bu cür görüşlər keçirməsini alqışlayır və bunu dövlətimiz, xalqımız üçün olduqca faydalı bir iş hesab edirəm”.
Məlumat üçün qeyd edək ki, noyabr ayında “Ziyalılarımızdan öyrənək” adı altında Mənəvi Dəyərlərin Təbliği Fondu gənclərlə ziyalılar arasında daha iki görüş-seminar keçirməyi planlaşdırır. Bu görüşlərdən biri 12 noyabr tarixində İmişlidə, digəri isə 13 noyabr tarixində Cəlilabadda baş tutacaq.
Seymur ƏLİYEV 

calendar 28-10-2019, 08:56 eye 734 eye Paylaş