Oktyabrın 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun mailiyyə dəstəyi və Balakən rayon İtitala kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Mənəvi dəyərlərdən qaynaqlanan vətən sevgisi” adlı layihə çərçivəsində Balakən rayon Püştətala kənd məscidində “Dini radikalizmlə mübarizədə mənəvi dəyərlərin yeri və rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən Rayon İcra Hakimiyyətinin başçısının Püştətala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Vüsal Şabanov, Balakən rayon İtitala kənd məscidi dini icmasının sədri Hacıməhəmməd Əliyev, Balakən rayon Püştətala kənd məscidi dini icmasının sədri Qurban Qudavasov, icma üzvləri, dindarlar və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Balakən rayon İtitala kənd məscidi dini icmasının sədri Hacıməhəmməd Əliyev layihə haqqında ümumi məlumat verib, dövlətin dinə və dindarlara göstərdiyi qayğıdan danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev öz çıxışında bildirdi ki, xalqımız milli-mənəvi dəyərlərinə, İslam ənənələrinə hər zaman hörmət və sədaqətlə yanaşmışdır. Dini radikalizm, onun mahiyyəti, yaranma səbəbləri və fəsadları, milli-mənəvi dəyərlərimizin dini radikalizmə qarşı mübarizədə əsaslı rol oynaması haqqında ətraflı məlumat verən E.Atakişiyev vurğulamışdır ki, dövlətimiz milli-mənəvi dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da bu sahəyə olan sistemli dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısının Püştətala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Vüsal Şabanov milli-mənəvi dəyərlər haqqında danışaraq keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.