Qədim və zəngin milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi, bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin inkişafına, adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.
Ulu Öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Ailə, insansevərlik, mərhəmət, əxlaq, sülhsevərlik, xeyirxahlıq, vətənpərvərlik, dini dəyərlərə hörmət və s. mənəvi dəyərlər sisteminin əsasını təşkil edir. Bu dəyərlərin qorunması daim dövlətin diqqət mərkəzindədir. Şəhid ailələrinin, valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin, qaçqınların və məcburi köçkünlərin, fiziki imkanları məhdud insanların, müharibə veteranlarının daim dövlətin diqqət və qayğısı ilə əhatə olunması dövlətin sosial, eyni zamanda mənəvi sahədə həyata keçirdiyi siyasətin bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, islam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində də böyük işlər görülüb. Dövlət başçısı islam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri də dövlət başçısının diqqət və qayğısından kənarda qalmırlar. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür.
Mənəvi dəyərlərin qorunması və təbliği sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə atılan addımlardan biri də Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılmışdır. Nizamnaməyə əsasən, Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.
Dini etiqad sahəsində görülən işlər
Fondun fəaliyyətinin başlıca istiqamətlərindən biri dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə dəstək verməkdir. Belə ki, hər il Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş din xadimlərinə Fond tərəfindən maddi dəstək göstərilir. Bundan əlavə, 2018-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılmış 400 min manat vəsait hesabına Azərbaycanda fəaliyyət göstərən bir çox dini icmanın maddi-texniki bazası gücləndirilmişdir. Həmçinin bu il cənab Prezidentin müvafiq sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait əsasında qeyri-islam dini icmalarına maddi dəstək göstərilmişdir.
Ötən il məscidlərimizdə mənəvi dəyərlərimizin qorunması istiqamətində maarifləndirmə işinin aparılması zamanı innovativ yeniliklərdən istifadənin təmin edilməsi məqsədilə Fond tərəfindən ölkə üzrə 200 məsciddə veb-kamera quraşdırılıb.
Eyni zamanda Fond dini etiqad sahəsində maarifləndirmə işinin aparılması istiqamətində tədbirlər görür, layihələr həyata keçirir. Belə layihələrdən biri Qafqaz Müsəlmanları İdarəsi ilə birgə həyata keçirilən "Vəhdət dəyərimizdir” adlanır. Layihə çərçivəsində ölkəmizin bir bölgəsindən olan din xadimlərinin digər bölgəyə səfəri təşkil olunur. Hər iki bölgənin din xadimləri üçün seminarlar keçirilir, tarixi-dini abidələr ziyarət edilir və birlikdə vəhdət namazı qılınır. Bu il ərzində hər biri 3 gün olmaqla 4 dəfə keçirilən layihənin əsas məqsədi ölkədə mövcud olan tolerant, multikultural mühitin, birgəyaşayış ənənəsinin qorunub-saxlanılması, vəhdətin, birliyin, dostluğun, qardaşlığın möhkəmləndirilməsi olmuşdur.
Həmçinin, Fondun təşkilatçılığı ilə qeyri-islam dini icmaları ilə birlikdə "Tolerant Azərbaycan” layihəsi icra olunub. Layihə çərçivəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ Yəhudiləri dini icması və Alban-Udi Xristian dini icmasının fəaliyyətinə həsr edilmiş konfranslar keçirilib.
Bundan əlavə, Mənəvi Dəyərlərin Təbliği Fondu hər ilə ölkədə fəaliyyət göstərən dini icmalar tərəfindən maarifləndirici layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi göstərir.
Təhsil sahəsində görülən işlər
Fond mənəvi dəyərlərin təbliği üçün təhsil sahəsində də müxtəlif tədbirlər həyata keçirir, Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Belə ki, ötən il məktəblilər arasında mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi məqsədilə Fondun təşkilatçılığı və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə şagirdlər üçün "Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda inşa-yazı müsabiqəsi elan edilmiş, qaliblərə diplom və mükafat verilmişdir.
Fondun təşkilatçılığı ilə həyata keçirilən daha bir layihə "Dəyərlərimizi öyrənək” adlı intellektual yarışların təşkilidir. Layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda məktəblərin yuxarı sinif şagirdləri arasında intellektual yarışlar təşkil edilir, milli-mənəvi dəyərlərimiz, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzularda suallar səsləndirilir. Hal-hazırda davam edən yarışlarda qalib gələn komandalar sonda final mərhələsində mübarizə aparacaq və qaliblər mükafatlandırılacaq.
Bundan əlavə, hər il Fondun təşkilatçılığı ilə "Yay məktəbləri” təşkil olunur. "Yay məktəbləri”ndə müxtəlif universitetlərin tələbələri, o cümlədən şəhid ailələrindən olan tələbələr və Fondun könüllüləri üçün ekspertlərin iştirakı ilə müxtəlif mövzularda seminarlar keçirilir, intellektual yarışlar təşkil olunur, tarixi-mədəni abidələr ziyarət edilir. Tələbələr üçün "Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində gənclərin, xüsusilə tələbələrin rolunu artırmaqdır.
Mənəvi Dəyərlərin Təbliği Fondu şagirdlər və tələbələrlə maarifləndirici tədbirlər keçirməklə yanaşı, onların maddi cəhətdən dəstəklənməsinə də töhfə verir. Belə ki, ötən il cəbhə bölgəsində 1-ci sinfə gedəcək 100 nəfər uşağa məktəbli forması hədiyyə edilmişdir. Bu il də ənənəyə sadiq qalaraq yeni tədris ilinin başlanması münasibətilə "Öndəki birincilər” layihəsi çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən cəbhə bölgəsində 1-ci sinfə gedəcək 200 nəfər uşağa məktəbli forması hədiyyə edilmişdir.
Eyni zamanda təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hər tədris ilində Azərbaycan İlahiyyat İnstitutunun aztəminatlı ailələrdən olan tələbələrinə aylıq təqaüd verilir.
Mənəvi Dəyərlərin Təbliği Fondu ölkənin bir sıra universitetləri ilə əməkdaşlıq edir, onlarla birlikdə müxtəlif layihələr həyata keçirir. Belə ki, bu il martın 1-də Mənəvi Dəyərlərin Təbliği Fondu və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Azərbaycanda xeyriyyəçilik ənənələri” adlı layihə keçirilib. Universitet tələbələri arasında xeyriyyəçilik ənənələrinin təbliği məqsədi daşıyan layihə çərçivəsində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə bağlı sosial eksperiment təşkil olunub. Layihə universitet tələbələri tərəfindən böyük maraqla qarşılanıb. Bundan əlavə, aprelin 16-da ADA Universitetində keçirilən "İmadəddin Nəsimiyə həsr olunmuş bir gün” adlı tədbir çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən "Ebru” sərgisi təşkil olunub. Sərgidə ebruçu Sevinc Əliyevanın müəllifi olduğu əsərlər nümayiş etdirilib və onun ustad dərsləri keçirilib. Sərgi universitet tələbələrində böyük maraq yaradıb.
Bu il yanvarın 28-də Azərbaycan Dillər Universitetində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə "Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə panel keçirilib. Tədbirdə yerli və Türkiyədən gələn alimlər iştirak edib.
Mənəvi dəyərlərin təbliği istiqamətində KİV-lə görülən işlər
Təbliğatın ən effektiv vasitələrindən biri kütləvi informasiya vasitələridir. Bu səbəbdən də Mənəvi Dəyərlərin Təbliği Fondu KİV-lə əməkdaşlığını yüksək səviyyədə qurmağa çalışır.
Ötən ilin oktyabr ayından etibarən hər həftənin cümə axşamı saat 16:05-də ASAN radioda "Mənəvi dəyərlər” radio-verilişi efirə gedir. Verilişlərə qonaq qismində dəvət olunan ekspertlər bir-birindən maraqlı mövzularla dinləyicilərin görüşünə gəlir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti müxtəlif saytlar və televiziya kanalları vasitəsi ilə işıqlandırılır. Fond "Azərbaycan” qəzeti ilə də əməkdaşlıq edir. Qəzetdə Fondun fəaliyyəti, həyata keçirdiyi tədbirlər işıqlandırılır, müxtəlif mövzularda məqalələr dərc edilir.
Fondun gündəlik yenilənən internet saytı da mövcuddur. Fond öz fəaliyyətini bu sayt və sosial şəbəkələr vasitəsilə işıqlandırır.
Hər il Fond tərəfindən media nümayəndələri arasında Milli Mətbuat Günü və digər mövzularda məqalə müsabiqələri elan edilir. Ötən il "Media və mənəvi dəyərlər”, bu il isə "Milli mətbuat - milli düşüncə” adlanan məqalə müsabiqələri uğurla yekunlaşmışdı. Həmçinin bu il Bakı şəhərində fəaliyyət göstərən bir dini icma Fondun dəstəyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar "Şeyxülislam Allahşükür Paşazadə-70” adlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında məqalə müsabiqəsi elan etmişdi. Hər üç müsabiqənin qalibləri pul mükafatı və diplomlarla mükafatlandırılıb.
Maarifləndirmə sahəsində görülən işlər
Fond maarifləndirmə işini bir neçə istiqamətdə həyata keçirir. Bura müxtəlif mövzularda konfransların, seminarların, "dəyirmi masa”ların keçirilməsi, həmçinin kitabların nəşrinə, sosial videoçarxların və sənədli filmlərin hazırlanmasına maddi vəsaitin ayrılması daxildir.
Ötən il Fondun dəstəyi ilə 51 müxtəlif adda kitab nəşr edilmiş, 3 sənədli film, 5 sosial videoçarx hazırlanmışdır. Bu il üçün isə 43 adda kitabın nəşri, 6 sənədli film və 6 sosial videoçarxın hazırlanması nəzərdə tutulmuşdur. Bu istiqamətdə işlər növbəti illərdə də davam etdiriləcək.
Bundan əlavə, dövlət-din münasibətləri, mənəvi dəyərlərin təbliği, eləcə də dini radikalizm, ekstremizm və fanatizmlə mübarizə sahəsində vətəndaşların maarifləndirilməsini təmin etmək məqsədilə Fondun "Dini sorğu mərkəzi” yaradılıb.
Maarifləndirmə tədbirləri daha çox ailə, mənəviyyat, milli kimlik, tolerantlıq, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edir. Ötən ildən bu günədək ölkənin müxtəlif bölgələrində 100-ə yaxın konfrans, seminar və "dəyirmi masa”lar təşkil edilmişdir. Bu tədbirlərdə mövzuya uyğun olaraq ekspertlərin mühazirələri dinlənilir, Fondun dəstəyi ilə nəşr edilmiş kitablar paylanılır, filmlər və sosial videoçarxlar nümayiş olunur.
Fond tərəfindən vətənpərvərliyin təbliği istiqamətində görülən işlərdən biri www.milliqahramanlar.az saytının yenidən qurulmasıdır. Belə ki, bu il adıçəkilən sayt Fondun maliyyə dəstəyi ilə ən son standartlara uyğun olaraq yenidən qurulmuş və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə "İstiqlal keşikçiləri” adlı konfransda təqdimatı keçirilmişdir. Saytda Azərbaycanın bütün Milli qəhrəmanları haqqında ətraflı məlumatlar yer almışdır.
Bu il yanvarın 29-da Şamaxı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə panel keçirilib.
Hal-hazırda davam edən maarifləndirici layihələrdən biri "Ziyalılarımızdan öyrənək” adlanır. Layihə çərçivəsində Azərbaycanın tanınmış ziyalılarının ölkənin müxtəlif regionlarında gənclərlə görüşləri təşkil edilir.
Bu il Fond ölkə xaricində də maarifləndirmə istiqamətində bir sıra tədbirlər həyata keçirib. Belə ki, 7-10 may tarixlərində Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı səfirliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Gürcüstanda azərbaycanlıların yaşadığı Dmanisi, Bolnisi, Marneuli, Qardabani, Saqareco, Laqodexi rayonlarında və paytaxt Tbilisidə "Ulu Öndər Heydər Əliyev və mənəvi dəyərlər” mövzusunda tədbirlər keçirilmişdir. Bu tədbirlərdə Fond tərəfindən nəşr edilmiş müxtəlif mövzularda kitablar Gürcüstanda yaşayan soydaşlarımıza hədiyyə edilmişdir. Gələcəkdə də xarici ölkələrdə yaşayan soydaşlarımızla belə tədbirlərin keçirilməsi planlaşdırılır.
Həmçinin bu il iyunun 14-də Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə "Xilaskar” adlı konfrans keçirilib.
Xeyriyyəçilik sahəsində görülən işlər
Mənəvi Dəyərlərin Təbliği Fondu mütəmadi olaraq hər il Ramazan və Qurban bayramlarında, eləcə də digər günlərdə şəhid ailələrinə, müharibə veteranlarına və aztəminatlı ailələrə ərzaq yardımı edir, valideyn himayəsindən məhrum olmuş uşaqların məskunlaşdığı uşaq evlərini ziyarət edərək onlara müxtəlif hədiyyələr verir, Ramazan ayında şəhid ailələri, qazilər və aztəminatlı ailələrin iştirakı ilə iftar süfrələri təşkil edir.
Bundan əlavə, oktyabrın 25-də Bakı şəhərində "Sevgi hüdud tanımır” adlı konfransın keçirilməsi və tədbir çərçivəsində ümumilikdə 100 nəfər yardıma ehtiyacı olan əlil və aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi nəzərdə tutulur.
Hər il mütəmadi olaraq Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən uşaq evləri ziyarət edilir. Ənənəvi olaraq bu il də "Bir uşaq-bir ümid” layihəsi çərçivəsində Bakı, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşən uşaq evləri ziyarət edilmiş, uşaqlara müxtəlif hədiyyələr verilmişdir.
Bu il fevralın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Ədalət harayımız - Xocalı soyqırımı” konfransı çərçivəsində Xocalıdan olan şəhid ailələrinin və aztəminatlı ailələrin nümayəndələrinə ərzaq yardımı paylanılıb.
Mənəvi Dəyərlərin Təbliği Fondu müxtəlif xeyriyyə tədbirləri həyata keçirməklə yanaşı, həmçinin cəmiyyətdə xeyriyyəçilik ənənələrinin yaşadılması, yaxşı işlər görməyin təbliği və təşviqi istiqamətində də layihələr icra edir. Belə layihələrdən biri "Yaxşılıq unudulmur” adlanır. Müsabiqə formatında olan layihə çərçivəsində insanlar şahidi olduqları yaxşılıqların müəllifləri barəsində Mənəvi Dəyərlərin Təbliği Fonduna məlumat verib və həmin insanlar Fond tərəfindən mükafatlandırılıb.
Qeyd edilənlər Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maarifçilik, təhsil, xeyriyyəçilik, dini etiqad sahəsində 2 il ərzində görülən işlərin xülasəsidir. Qarşıya daha geniş fəaliyyət sahələrini əhatə edəcək layihələrin həyata keçirilməsi ilə bağlı planlar qoyulmuşdur. Fond bundan sonra da ona verilən imkanlar və səlahiyyətlər çərçivəsində mənəvi dəyərlərimizin qorunması, təbliği və inkişafı istiqamətində fəaliyyətini davam etdirərək bu işə öz töhfəsini verməyə çalışacaqdır.
Mehman İSMAYILOV,
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
"Azərbaycan" qəzeti
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
"Azərbaycan" qəzeti