"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Saatlıda "Müasir cəmiyyətdə gənclər və mənəviyyat" mövzusu müzakirə olunub

Oktyabrın 15-də Saatlı rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov mövzunun əhəmiyyətinə toxunaraq bildirib ki, insanı cəmiyyətdə formalaşdıran, onun inkişafında müstəsna rolu olan mənəvi dəyərlərin qorunması və xüsusilə gənclər arasında təbliği olduqca vacibdir.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, dünya xalqları arasında zəngin milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Qədim köklərə malik Azərbaycan xalqı əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmiş və bu gün də bu dəyərləri yaşatmaqdadır.
Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov bildirib ki, Azərbaycan xalqının milli mənlik şüurunun oyanışında, zəngin tarixi-mədəni irs, adət-ənənələr üzərində yeni tipli mədəniyyətin formalaşmasında, müasir demokratik prinsiplər əsasında Azərbaycançılıq məfkurəsinin yaradılmasında ziyalılarımızın, dahi şair və yazıçılarımızın, dövlətçilik tariximizin dahi şəxsiyyətlərinin əvəzsiz rolu olmuşdur. Bu dahi mütəfəkkirlər milli-mənəvi dəyərləri yeniləşdirib zənginləşdirməkdən əlavə, həm də onu yad təsirlərdən qoruyan mənəvi sipər rolunu oynamışlar.

calendar 15-10-2019, 04:31 eye 1 113 eye Paylaş