"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə yəhudilərin Ro-Ha-Şana bayramı münasibətilə konfrans keçirilib

Sentyabrın 26-da Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə yəhudilərin Ro-Ha-Şana bayramı münasibətilə “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirilib. Konfrans yəhudilərin Azərbaycandakı fəaliyyətinə həsr edilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Gülarə Verdiyeva, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov konfransda çıxış edərək bildirib ki, Fondun təşkilatçılığı ilə həyata keçirilən “Tolerant Azərbaycan” layihəsi çərçivəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının və Alban-Udi Xristian dini icmasının ölkəmizdəki fəaliyyətinə həsr edilmiş konfranslar təşkil edilib. Bugünkü tədbirimiz izə yəhudilərin Azərbaycandakı fəaliyyətinə həsr edilir. M.İsmayılov qeyd edib ki, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında və inkişafında yəhudi xalqının da özünəməxsus rolu var. Yəhudilərin Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxır. Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında məskunlaşıblar. Dünyada dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları yeganə ərazi Quba rayonunda yerləşən Qırmızı qəsəbədir. Dünyada cərəyan edən bir sıra siyasi proseslərin fonunda deyə bilərik ki, yəhudilər özlərini ölkəmizdə tam təhlükəsiz hiss edirlər. Həm də ona görə ki, Azərbaycan onların vətənidir. 
Yəhudi xalqının Azərbaycanın ictimai-siyasi həyartındakı rolundan danışan Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev bildirib ki, bizim qismətimizə qəribçilik yazılıb və biz bu qisməti qəbul etmişik. Lakin Azərbaycanda biz özümüzü qərib hiss etmirik. Harada Azərbaycan adını eşitsək ürəyimiz fərəhlə dolur. Biz hər yerdə azərbaycanlı olduğumuzu fəxrlə deyirik. M.Yevdayev belə əhəmiyyətli tədbirin təşkilinə görə Mənəvi Dəyərlərin Təbliği Fondunu təşəkkürünü bildirib.
Daha sonra yəhudilərin Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Yəhudiləri qarşıdan gələn Roş-Ha-Şana bayramı münasibətilə təbrik edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu gün tədbirdə müxtəlif dinlərdən olan nümayəndələrin, o cümlədən gənclərin iştirakı bugünkü tolerant Azərbaycanın kiçik bir şəklidir. İndiki mənzərəyə baxanda biz qürurlu, gələcəyimizin mənzərəsinə baxanda ümidliyik. G.İsmayılov vurğulayıb ki, həm müsəlmanlar, həm yəhudilər, həm xristianlar, eləcə də digər dinlərin və xalqların nümayəndələri minilliklər boyu bu Vətənin təkcə torpağını, suyunu, çörəyini deyil, həm də taleyini paylaşmışıq.
Tədbirdə çıxış edən QMİ-nin sədr müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Gülarə Verdiyeva, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski tarixboyu müxtəlif xalqların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Qeyd edilib ki, Azərbaycan dövləti bu tolerant mühiti qoruyur. Ölkəmizdə bütün dinlərə mənsub insanların rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Bütün dünyada ksenofobiyanın, islamofobiyanın hökm sürdüyü bir dövrdə Azərbaycanda sabitlik, əmin-amanlıq var.

calendar 26-09-2019, 15:43 eye 1 433 eye Paylaş