"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Daşkəsəndə "Azərbaycan ailəsi" mövzusunda konfrans keçirilib

Avqustun 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Daşkəsən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev qeyd edib ki, Azərbaycan ailəsi ailə modelləri içərisində uzunömürlülüyü, nümunəviliyi ilə seçilir. Biz bu nümunənin gələcək nəsillərə çatdırılması üçün maarifçilik işini gücləndirməliyik.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov “Azərbaycanda ailə institutu” mövzusunda təqdimatla çıxış edib. R.Qurbanov çıxışı zamanı ailə institutunun formalaşmasında üç mühüm faktorun mövcudluğunu diqqətə çatdırıb. Bunlar ailə institutunun formalaşmasında dövlət siyasəti, hüquqi normativ baza və institusional mərkəzdir. R.Qurbanov həmçinin diqqətə çatdırıb ki, dəyərlər sisteminin formalaşmasında, eyni zamanda gələcək nəsillərə ötürülməsində ailə institutları əvəzolunmaz rol oynayır. Daha sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
“İslam dinində valideyn-övlad münasibətləri” mövzusunda çıxış edən Fondun şöbə müdiri Hatəm Gülməmmədov bildirib ki, qarşılıqlı sevgi və inam üzərində qurulan ailə sağlam ailə hesab olunur. İslam dininə görə valideynin övlada, övladın da valideynə qarşı mühüm vəzifələri var. Fiziki və ruhi cəhətdən sağlam övlad yetişdirmək istəyən valideyn ona gözəl tərbiyə verməli, yaxşı ad qoymalı, əxlaq cəhətdən ona gözəl örnək olmalı, övladını oxutmalı, ona təhsil verməlidir. Eyni zamanda övlad da valideynə qarşı ehtiramlı olmalı, hər zaman qulluğunda durmalıdır.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış "Ailə dəyərləri" filmi nümayiş olunub.
Daha sonra iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

calendar 14-08-2019, 16:48 eye 976 eye Paylaş