İsmayıllı rayonunda tələbələr üçün 5 günlük yay məktəbi təşkil edilib

Foto qalereya / Xəbərlər / Tehsil 09-07-2019 16:28 1 305

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri üçün İsmayıllı rayonunda 5 günlük “Yay məktəbi” təşkil edilib. Yay düşərgəsində Fondun müraciəti əsasında 7 universitetin tələbələri, o cümlədən şəhid ailələrindən olan tələbələr iştirak edirlər. 

Açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin İsmayıllı rayonunda yerləşən abidəsi ziyarət edilərək Ulu Öndərin xatirəsi ehtiramla anılıb. 

Tədbiri giriş nitqi ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov Fondun məqsədləri, fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib. M.İsmayılov bildirib ki, gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar geniş dünyagörüşünə, yüksək mədəni keyfiyyətlərə malik olmalı, milli-mənəvi dəyərlər əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim milli kimliyimizi, tariximizi, dilimizi, dəyərlərimizi yaxşı bilməlidir. “Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd regionun tarixi abidələri, mədəniyyəti ilə yaxından tanış olmaq, dəyərlərimizi öyrənməkdir. 

Qeyd edək ki, 8-12 iyul tarixlərini əhatə edəcək “Yay məktəbi”nin iştirakçıları üçün İsmayıllı və Qəbələ rayonlarında yerləşən tarixi-mədəni abidələrlə tanışlıq, “Dəyərlərimizi öyrənək” adlı intellektual yarış və oyunların təşkili, eləcə də ekspertlərin iştirakı ilə mədəni müxtəlifliklə bağlı müxtəlif mühazirələrin dinlənilməsi nəzərdə tutulur.