Əflatun Amaşov: “Xeyirxahlıq nümunələri nə qədər çox təbliğ olunarsa, cəmiyyət də bu dəyərə bir o qədər çox köklənər”
Mənəvi Dəyərlərin Təbliği Fondu “Yaxşılıq unudulmur” adlı layihəyə start verib. Layihənin keçirilməsində məqsəd xeyixahlıq ideyasını təbliğ etmək, cəmiyyəti xeyirxahlıq nümunələri ilə tanış etmək və bu humanist əmələ imza atan insanları mükafatlandırmaqla digər insanlara da bu yöndə stimul verməkdir.
Bəs xeyrixahlığın təbliği ilə bağlı belə bir layihənin həyata keçirilməsi xeyirxahlıq ideyasının təbliği, cəmiyyətin bu ideya ətrafında kökənməsi baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu kimi layihələrin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“Cəmiyyətdə bu kimi məsələlərlə bağlı nə qədər diskussiyalar aparılsa, bu, ictimai rəyi bir o qədər xeyirxahlığa yönəldər. Məsələ bundadır ki, Azərbaycanda çox böyük xeyriyyəçilik ənənəsi var. Bizim çoxlu sayda gənclərimiz vaxtiylə Hazı Zeynalabdin Tağıyevin, digər xeyriyyəçilərimizin hesabına Avropanın qabaqcıl elm mərkəzlərində təhsil alıblar. Bizim məktəblər açan, çoxsaylı xeyirxahlıqlara imza atan insanlarımız olub və bu insanlar bu gün də var. Lakin təəssüflər olsun ki, bəzən bununla bağlı cəmiyyət yetirncə informasiya almır. Sanki belə bir təəssürat yaranır ki, bu gün xeyirxahlıq ötən dövrlər nisbətən zəifdir.
Bu kimi layihələr xeyriyyəçilik ənənələrinin təbliği deməkdir. Bir çox hallarda media neqativ hadisələrə daha çox diqqət yetirir. Əslində bu, dünyanın bir çox ölkəsində belədir. Bu, insanların çoxunun neqativ məzmunlu xəbərlərə daha çox maraq göstərməsi ilə bağlıdır. Bu kimi layihələrin keçirilməsi, müxtəlif insanların bu layihələrə cəlb edilməsi, xeyirxahlıq nümunələrinin təbliği mənəvi dəyərlərin təbliği baxımından irəliyə doğru atılmış böyük bir addımdır. Mənəvi Dəyərlərin Təbliği Fondunun bu layihəsini dəstəkləyir və yüksək qiymətləndirirəm.
Bu layihənin həyata keçirilməsi xeyirxah bir missiyadır. Cəmiyyətdə neqativ xəbərlər nə qədər çox yayılırsa, cəmiyyət istər-istəməz bir o qədər neqativ əhval-ruhiyyəyə köklənir. Və ya əksinə, xeyirxah əməllər, humanist prinsiplər nə qədər çox təbliğ olunarsa, cəmiyyət də bu yöndə köklənir, insanlarda xeyrixahlığa meyl formalaşır. Xeyirxahlığın iki tərəfi var ki, bunlardan biri həmin xeyirxahlığa imza atan şəxs, digəri isə bu xeyirxahlığa möhtac olan insandır. Bu xeyirxahlıq nəticəsində hansısa bir xəstə öz sağlamlığına qovuşa, övladına ali təhsil verə, hansısa problemini həll edə, sosial durumunu yaxşılaşdıra, hansısa faciəni önləyə bilər. Buna görə də xeyirxahlıq hər zaman təbliğ olunmalı və qiymətləndirilməlidir”.
Seymur ƏLİYEV