"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “İstiqlal keşikçiləri” adlı konfrans keçirilib

İyunun 25-də Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “İstiqlal keşikçiləri” adlı konfrans keçirilib. Konfrans çərçivəsində www.milliqahramanlar.az saytının təqdimatı baş tutub.
Konfransda Fondun icraçı direktoru Mehman İsmayılov, millət vəkili Kamilə Əliyeva, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “SƏS” Media qrupunun rəhbəri Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, “Qarabağ Seyid Ocaqları” İctimai Birliyinin sədri Camal Əzimbəyli, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Asif Cahangirov, Gənclərin Dostluq Şəbəkəsi İctimai Birliyinin sədri,www.milliqahramanlar.az layihəsinin rəhbəri İmaməddin Quliyev, Milli Qəhrəmanların və şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri, tələbələr və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Bu gün Azərbaycan ordusu güclü potensiala və düşmənin bütün qüvvələrini məhv edə biləcək qüdrətə malikdir. Artıq ordumuzun gücü, qüdrəti bütün dünyaya məlumdur. Ali Baş Komandan, cənab İlham Əliyev ordumuza daim diqqət göstərir və onun müasir texnika, silahlarla təmin edilməsi istiqamətində lazımi addımlar atır.
Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuq prosesi dövlət rəhbərliyinin himayəsi ilə davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “SƏS” Media qrupunun rəhbəri Bəhruz Quliyev vurğulayıb ki, ölkə başçısının “iqtisadi, hərbi üstünlüyümüz və hərbi potensialımızın ən yüksək səviyyədə olması bizə imkan verir ki, istənilən anda torpaqlarımızı işğaldan azad edək” deməsi əslində Azərbaycan Silahlı Qüvvələrinin gücünə və qüdrətinə olan inamı ifadə edir.
Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, “Qarabağ Seyid Ocaqları” İctimai Birliyinin sədri Camal Əzimbəyli, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Asif Cahangirov qeyd edib ki, müstəqillik əldə edildikdən sonra Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ulu Öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu qısa bir zamanda regionun ən qüdrətli ordusuna çevrilib.
Daha sonra Gənclərin Dostluq Şəbəkəsi İctimai Birliyinin sədri,www.milliqahramanlar.az layihəsinin rəhbəri İmaməddin Quliyev tərəfindən saytın təqdimatı həyata keçirilib. İ.Quliyev qeyd edib ki, sayt 2019-cu ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə yenidən qurularaq istifadəyə verilib.

calendar 25-06-2019, 13:44 eye 892 eye Paylaş