İyunun 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Zaqatala rayonunda həyata keçirilən üç günlük seminarın açılış mərasimi olub.
Açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Zaqatala rayonunda yerləşən abidəsi ziyarət edilərək Ulu Öndərin xatirəsi ehtiramla anılıb.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayonu üzrə qazisi Malik Bilalov, Bakı, Sumqayıt şəhərlərindən, eləcə də Abşeron, Zaqatala, Balakən və Qax rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov layihə barəsində məlumat verərək bildirib ki, “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Zaqatala rayonunda keçirilən bugünki tədbirdə ölkəmizin 6 müxtəlif şəhər və rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak edir. Ölkəmizdə dini sahədə heç bir problemin olmadığını diqqətə çatdıran M.İsmayılov qeyd edib ki, cəmiyyətimizin ən üstün cəhətlərindən biri Azərbaycanda müxtəlif dinlərə və məzhəblərə məxsus insanların dinc şəraitdə yaşamasıdır. Azərbaycan ərazisində heç zaman məzhəblər və dini konfessiyalar arasında konflikt qeydə alınmayıb. Düzdür, müəyyən tarixi dövrlərdə xalqımızı bununla sınağa çəkmək cəhdləri olub. İşğalçı dövlətlər ölkəmizdə bölücülük siyasətini həyata keçirmək məqsədilə ayrı-ayrı məzhəblər arasında dava-dalaş yaratmaq istəyiblər. Sevindirici haldır ki, bütün bu vəziyyətdən, işğaldan, faciələrdən, zamanın gətirdiyi tarixi sınaqlardan multikulturalizm dəyərləri uğurla çıxıb. Azərbaycanda nəinki məzhəblərarası, eləcə də digər din təmsilçiləri ilə müsəlmanlar arasında da heç zaman konflikt olmayıb. Heydər Məscidində vəhdət namazının qılınması həmin ənənənin çağdaş dövrdə bir növ əyani təşviqidir. Dünyada dini, etnik zəmində baş verən hadisələr fonunda belə bir addımın atılması olduqca mühüm əhəmiyyətə malikdir.
QMİ-nin Zaqatala rayonu üzrə qazisi Malik Bilalov çıxışında ənənəvi islami dəyərlərin, birliyin, həmrəyliyin təbliğinin vacibliyini vurğulayaraq, müsəlmanlar arasındakı vəhdətin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətinə toxunub.
Zaqatala RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov ölkəmizdə hər zaman həmrəylik, birlik və vəhdətin mövcud olduğunu bildirərək, bunun İslam dünyası, bütövlükdə bütün dünya üçün nümunə olduğunu vurğulayıb.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, 18-20 iyun tarixlərini əhatə edən üç günlük seminar çərçivəsində Zaqatala rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.